https://www.zirve.edu.az/
14.02.2020 13:02
Uşağa sevgi və inam
Çap et

Uğur qazanmağın tək səbəbi

Zamanın mədəniyyət ölçüləri dəyişsə də...

İndi monoloji mədəniyyətdən fərqli olaraq dialoji mədəniyyət formalaşmaqdadır. Məktəbdə şagirdlərə verilən təhsilin vəzifəsi onlara  həyat şəraitini keçmiş nəsillərdən bir hədiyyə olaraq qəbul etməməyi, onu yaradıcı dəyişməyi, öz həyatını daha yaxşı qurmağı öyrətməkdən ibarət olmalıdır. Təhsil insanın ruhunu qidalandırmalı, onda özünə, öz daxili potensialına və onu yaradan Tanrıya inam hissi yaratmalı,  onu özünüdərkə hazırlamalıdır. Təhsil insanlara istənilən həyat şəraitində düzgün hərəkət etmək qabiliyyəti aşılamalıdır. Mahiyyət etibarı ilə bu problem yeni yanaşma, yeni pedaqoji təfəkkür tələb edir. Məktəbdə təhsilin daha maraqlı qurulması üçün təhsil alanların təhsilə olan ehtiyacları öyrənilməlidir. Bu, təbii ki, həm də cəmiyyətin ehtiyacı deməkdir. Belə bir tələbatın öyrənilməsi nəticəsində əldə edilən məlumatlar təhlil edilir, düzgün layihələşdirmənin aparılması üçün diaqnozlaşdırma, proqnozlaşdırma həyata keçirilir. D.Karnegi yazırdı: “Hər yay mən balıq ovuna gedirəm. Üstünə qaymaq tökülmüş çiyələyi şəxsən mən çox sevirəm, lakin öyrəndim ki, qəribə səbəb üzündən balıq soxulcanı üstün tutur. Buna görə də balıq ovuna gedəndə özümün nə istədiyim barədə düşünmürəm. Balığın nə istədiyi haqqında düşünürəm. Qırmağa tələ kimi qaymaqlı çiyələk taxmıram, balığı soxulcan, yaxud çəyirtkə ilə aldadaraq deyirəm: “Dadına baxmaq istəmirsən ki?”. Təlim prosesinin səmərəsi, şagirdlərin təlim uğurları bilavasitə şagirdin mənəvi ehtiyaclarının, təhsilə olan tələbatlarının nəzərə alınmasından birbaşa asılıdır. Müəllim hazır bilik verməməli, əlaqələndirici, istiqamətləndirici, məsləhətçi  rolunda çıxış etməli, şagirdlərə öyrənmənin yollarını öyrətməlidir. Doğrudan da, dosta balıq verməkdənsə ona balıq tutmağı öyrətmək faydalı deyilmi? Bu prosesdə şagirdlər passiv olmamalı, tədqiqatçı, təcrübəçi, yaradıcı subyekt kimi əvvəlcədən müəyyən olunmuş nəticələrin əldə edilməsi üçün məqsədyönlü fəaliyyət göstərməlidirlər.

Müəllimin “subyektiv” ünsiyyətinin xüsusiyyətləri

Müəllim-şagird münasibətləri qarşılıqlı anlaşmaya və humanist ideyalara əsaslanmalıdır. Müəllim şagirdlərin daxili aləminə nüfuz etməli, onların rəylərini öyrənməli, ideyalarından bəhrələnməli, müstəqillik və təşəbbüskarlığını rəğbətləndirməli, hörmət hissini tələbkarlıqla üzvi surətdə uzlaşdırmalıdır. Homer deyirdi ki, təhsil şagirdə hörmətdən başlayır. Konfutsi deyirdi ki, mən bəzi şeyləri kitablardan, çox şeyi yoldaşlarımdan, daha çox şeyi isə şagirdlərimdən öyrəndim.

Amerika pedaqoqları C.Brofi və T.Qudd “Müəllim və şagird münasibətləri” əsərində müəllimin “subyektiv” ünsiyyətinin xüsusiyyətlərini təhlil edirlər.

Müəyyən olunmuşdur ki, pedaqoqlar rəğbət göstərdikləri uşaqlara daha çox müraciət edirlər. Biganə qaldıqları şagirdlər müəllimin diqqətindən kənarda qalırlar. Müəllimlər “intellektuallara”, daha intizamlı, icraçı şagirdlərə yaxşı münasibət bəsləyirlər. Passiv şagirdlər ikinci yerdə dururlar. Müstəqil, fəal və özünə güvənən şagirdlər müəllimin hüsn-rəğbətindən, demək olar ki, məhrumdurlar. C.Brofi və T.Qudd belə nəticə çıxarırlar: əgər müəllim şagirdlərlə ünsiyyətini təbii və fərəh hissi ilə qurmursa, onu özünə ağır bir yük sayırsa, belə müəllim artıq məktəbdən getməlidir.

Şagirdləri tənqid etməyə tələsməyin   

Pedaqoji prosesdə uğur qazanmaq istəyən müəllimlərin aşağıdakı tövsiyələrə əməl etməsi məsləhət görülür.

  1. Uşağın heysiyyətinə müraciət edin.
  2. Şagirdə öz nailiyyətlərini göstərin.
  3. Rəqabəti ehtiyatla himayə edin.
  4. Şagirdləri tərifləyin. a)tərif spontan baş verməlidir, onu planlaşdırmaq lazım deyil, cədvəl üzrə yerinə yetirilmiş işi göylərə qaldırmaq lazım deyil; b)xaltura yolu ilə yerinə yetirilən işi tərifləmək intellekti təhqir etmək deməkdir; c)tərif konkret olmalıdır, dəqiq ünvanlanmalıdır; ç)tərif inandırıcı olmalıdır;

Şagirdləri tənqid etməyə tələsməyin, əgər bu, çox vacibdirsə onda onların  halına acıya-acıya onları tənqid edin. Məsələn:

* ruhlandırıcı tənqid (“Eybi yoxdur. Gələn dəfə yaxşı yazarsan. Bu dəfə alınmayıb”);

* tənqid-irad (Sən neyləmisən? Mən sənə necə ümid bəsləyirdim”);

* tənqid-anologiya (“Mən sənin kimi olanda sənin buraxdığın səhvi buraxmışdım. O zaman müəllim mənim payımı verdi”);

* tənqid-ümid (“Ümid edirəm ki, gələn dəfə tapşırığı yaxşı yerinə yetirəcəksən”);

* tənqid-tərif (“İş yaxşı yerinə yetirilib. Amma bu məsələ ilə bağlı deyil”);

* şəxssiz tənqid (“Bizim sinfimizdə hələ elə şagirdlər vardır ki, öz vəzifələrinin öhdəsindən gələ bilmirlər. Onların soyadlarını deməyəcəyik”);

* tənqid-narahatlıq (“Mən yaranmış situasiyadan olduqca narahatam, xüsusilə bizim şagirdlərimiz...”);

* tənqid-halına yanma (“Mən səni yaxşı başa düşürəm, sənin vəziyyətini anlayıram, ancaq sən də mənim vəziyyətimi başa düş. Axı iş yerinə yetirilməyib?”);

* tənqid-təəssüf (“Mən çox təəssüf edirəm, amma deməliyəm ki, iş keyfiyyətsiz yerinə yetirilib”);

* tənqid-təəccüb (“Necə? Məgər sən dərsi hazırlamamısan? Gözləmirdim...”);

* tənqid-ironiya (“İşlədik, işlədik və axırda da düzəltdik. İş istədiyimiz kimi alınıb? Deyin, bundan sonra adamların gözünün içinə necə baxacağıq?”);

* tənqid-işarə (“Mən bir adam tanıyıram, o da düz sənin kimi etmişdi. Sonra onun işi yaxşı olmadı”);

* tənqid-yumşaltma (“Yəqin bu baş verən hadisədə təkcə sən günahkar deyilsən”);

* tənqid-nöqsan (“Düzgün eləmədin. Çalış gələn dəfə yaxşı gör”);

* tənqid-tələb (“Sən işi yenidən görməli olacaqsan”);

* konstruktiv tənqid (“Tapşırıq düzgün yerinə yetirilməyib. İndi sən nə etmək fikrindəsən?”);

* tənqid-ehtiyat etmək (“Mən çox qorxuram ki, gələn dəfə də iş bu səviyyədə yerinə yetirilsin”).

Pedaqoji prosesin təşkilində diqqət yetiriləsi məsələlərdən biri də şagirdlərə öz nüfuzunu qoruyub saxlamağa imkanın yaradılmasıdır.  Xüsusi psixoloji tədqiqatlar  sübut edir ki, müəyyən qüsurlara yol verən 100  şagirddən  99-u nə qədər haqsız olsa da, özlərini qınamırlar. Çox gözəl! İnsanın bu zəif tərəfindən istifadə etmək lazımdır. Qoy şagird elə fikirləşsin ki, pis qiymət almasında onun özü yox, ancaq müəllim günahkardır. Qoy o, hadisələrin özü üçün əlverişsiz olması və bəxti gətirməməsi ilə özünə bəraət qazandırsın. Ona öz nüfuzunu saxlamağa, öz qarşısında özünə bəraət qazandırmağa şans vermək lazımdır. Müəllim öz yetirmələrinə yaxşı ad-san (reputasiya) qazandırmağa çalışmalıdır. Bəzi xalqlarda valideynlər ən kiçik uğura görə uşaqlarını tərifləyir, onların hərəkətlərini rəğbətləndirirlər. Məsələn, yəhudi ailəsində ata və ana heç bir zaman deməz ki, onların uşağı tənbəldir, qabiliyyətsizdir, pintidir. Onlar daim öz uşaqlarını tərifləyir, onun kompleks üstünlüklərə malik olması haqda fikir yaradır və uşağı uydurulmuş ideala çatmağa məcbur edirlər. Yəhudi məktəblərində pedaqoqlar şagirdləri haqqında yaxşı reputasiya yaratmağa çalışırlar. Şagirdlər də həmin reputasiyanı doğrultmaq üçün səy göstərirlər. Yəhudi tərbiyəsinin başlıca sirri də bundan ibarətdir. Əksər hallarda, bu priyom özünü doğruldur.

Uzun illərdir ki, məktəblərimizdə rəğbətləndirmə və  həvəsləndirmə  metodlarından istifadə olunur. Fikrimizcə, hazırkı dövrdə tərbiyənin  bu metodları cazibəli deyil. Ona görə də rəğbətləndirmə və həvəsləndirmənin yeni növlərindən istifadə etmək lazımdır. Elə təəssürat yaradılmalıdır ki, buraxılmış səhvi asanlıqla  düzəltmək olar. Qoy onlar öz qüvvələrinə inansınlar, sizin təklif etdiyiniz hər şeyi yerinə yetirməyə çalışsınlar. Müvəffəqiyyətlə oxuyan şagirdlərə yüksək səlahiyyətlər vermək lazımdır. Bu məsələdə xəsislik etməyə dəyməz. Şagirdlər müəllimlərin diqqət mərkəzində olmaq istəyirlər. Göstərdiyiniz diqqətə görə onlar sizin tapşırıqlarınızı necə olursa-olsun yerinə yetirməyə çalışacaqlar. 

Bu baxımdan Sinqapur məktəblərdən birinin direktorunun imtahandan qabaq valideynlərə göndərdiyi məktub maraqlıdır. Məktubda deyilir: “Əziz valideynlər uşaqlarınızın imtahanları tezliklə başlayacaq. Bilirəm ki, hər biriniz övladınızın  imtahanda uğurlu nəticələri üçün narahatsınız. Amma xahiş edirəm unutmayasınız ki, imtahana girən uşaqlar arasında  riyazi biliklərə ehtiyacı olmayan, tarixi və ingilis ədəbiyyatını əhəmiyyətsiz hesab edən, kimyadan aldığı qiymətlər önəmli olmayan bir musiqiçi, fiziki olaraq  sağlam olması  fizika dərsindən  daha əhəmiyyətli olan  bir idmançı olacaq. Əgər uşağınız bütün fənlərdən yaxşı nəticə göstərərsə, bu, çox yaxşıdır. Əgər bunu bacarmazsa, xahiş edirik, uşağın özgüvənini əlindən alıb qürurunu  sındırmayın. Onlar həyatda daha böyük işlər üçün  uyğun kadr ola bilərlər. İmtahanda neçə qiymət almasından asılı olmayaraq  onları  həmişə  sevəcəyinizi və onları  günahlandırmayacağınızı  onlara bildirin. Bu zaman onlar dünyanı fəth edəcəklər. İmtahan və aşağı göstəricilər uşaqların xəyal və bacarıqlarını əllərindən ala bilməz. Bir də düşünməyin ki, həkimlər və mühəndislər  dünyadakı tək xoşbəxt adamlardır”.

Təlimin məqsədi xeyirxahlıqdan ibarət olmalıdır

Məktəblərdə verilən təlimin məqsədi xeyirxahlıqdan ibarət olmalıdır (Herbart). Aristotel deyirdi ki, bilikdə irəli gedib tərbiyədə geri qalanlar irəli deyil, geri gediblər. Orta əsr Şərq fəlsəfi təsəvvürlərinə görə, tərbiyəsiz bilik - odunsuz ocaq, biliksiz tərbiyə - bədənsiz ruh kimidir. Almaniyada bir məktəb direktoru hər tədris ilinin başlanğıcında müəllimlərinə belə bir  məktub göndərirmiş: “Mən, ölüm düşərgəsindən sağ qurtulanlardan biriyəm. Gözlərim heç bir insanın görməməli olduğu şeyləri görüb. Yaxşı təhsil verilmiş və yetişdirilmiş mühəndislərin inşa etdiyi qaz otaqları, yaxşı yetişdirilmiş, savadlı həkimlərin zəhərlədiyi uşaqlar, işini yaxşı bilən tibb bacılarının vurduğu iynələrlə ölən körpələr, məktəb və universitet məzunlarının öldürüb yandırdığı insanlar.Bu səbəbdən təhsilə şübhə duyuram. Sizlərdən istəyim budur: Hər şeydən əvvəl şagirdlərinizin insan olması üçün çalışın. Zəhmətinizin nəticəsi bilikli canavarlar və bacarıqlı psixlər olmasın. Oxuma, yazma, riyaziyyat uşaqlarınızın daha çox insan olmasına kömək edərsə, onda həqiqətən yararlı olar”.  Bəşəriyyətin  intellektual səviyyəsi günbəgün, ilbəil artsa  da dağıdıcı müharibələr, müxtəlif  xəstəliklər, on milyonlarla insanların yurd-yuvalarından qaçqın düşməsi, ekoloji tarazlığın pozulması, narkomaniya,  insan alveri, ərzaq və su qıtlığı insanların mənəviyyatına güclü təsir göstərir, onlardakı insani hissləri öldürür. Bəşəriyyətdə özünə möhkəm yer alan yeni ideyalar- düşmənçilik, nifrət, rəqabət, dominantlıq humanist ideyaları kökündən silib aparır. Şərqdə baş verən hadisələr, “bölünmüş dünyanın yenidən bölünməsi” uğrunda gedən separat danışıqlar, silahlı münaqişələr, irqçilik, terrorçuluq heç də yaxşı gələcəkdən xəbər vermir. Dünyada milli və dini dözümsüzlük halları, uşaqlara qarşı aqressiya, kimsəsiz, valideyn himayəsindən məhrum olan, alkoqol, siqaret, narkomaniya aludəçiləri olan, cinayət törədən  uşaqların sayı hər il artır. Uşaqlar və böyüklər arasında məsafə ildən-ilə böyüyür, yaranmış çatlar dərinləşir. Valideynlər və müəllimlər uşaqlarla  bir yerdə olsalar da onların ruhi aləmindən xəbərsiz olurlar.

Bu gün Azərbaycan cəmiyyətində  kifayət qədər intellektli insanlar var. Azərbaycanın  və xarici ölkələrin ali məktəblərini bitirən, yüksək təhsil səviyyəsi, kreativ düşüncəsi, fakt və hadisələrə fərqli yanaşması, azərbaycançılıq ideyasına sədaqəti  ilə  fərqlənən minlərlə gənc var. Dövlətin, ayrı-ayrı təşkilatların, cəmiyyətlərin və valideynlərin dəstəyi ilə xarici ölkələrdə on mindən artıq gənc təhsil alır. Bölgələrimizdə də kifayət qədər ziyalılar, fədakarlıqla çalışan müəllimlərimiz var. 

Məktəbdə verilən təhsil dəyərə çevrilməlidir

Məktəbdə verilən təhsil dəyərə çevrilməlidir.  Müasir təhsil insanlara bilik verməklə yanaşı, onlara birgəyaşama və ümumiyyətlə, yaşama mədəniyyəti öyrətməlidir. Fikrimizcə, insanda xeyirxahlıq hissi aşılamayan təhsilin verilməməsi daha faydalı olardı. Zəmanəmizdə tərbiyə işi bir növ, məzmun və mahiyyətinə diqqət azalan mənəvi dəyərlərdən birinə çevrilib. Vaxt var idi hər bir məktəbdə “Əxlaq kodeksi” və “Ədəb qaydaları” guşələri yaradılardı. Şagirdlərin fənlər üzrə rüblük qiymətləndirilməsi ilə yanaşı yarımillik əxlaq qiymətləndirilməsi həyata keçirilərdi. Düzdür, sonralar “əxlaq” sözü “davranış” ifadəsi ilə əvəz edildi. Bununla belə orta məktəbi bitirənlərə kamal attestatı ilə yanaşı, onun davranışına dair möhürlü xasiyyətnamə də (xarakteristika) verilirdi. Düzdür, orada da müəyyən formallıq var idi. Hansı uşaqlar ki, “5” və “4” qiymətlərlə oxuyurdu, onlara “nümunəvi davranış”lı, kimin  ki, qiymətləri  əsasən “3” idi,  ona “kafi davranışlı” xasiyyətnamə verilir, həmin qeydlər attestata da yazılırdı. Sonra həyat göstərdi ki, əxlaqı qiymətləndirmə meyarları düzgün deyil, “kafi” əxlaqla məktəbi bitirənlərin çoxu sonralar həyatda xarüqələr yaratdı, nümunəvi ailə sahibləri oldular, cəmiyyətə faydalı övladlar bəxş etdilər. Müxtəlif statistik təhlillər göstərir ki, məktəbdə  sakit, nizam-intizamlı və əlaçı şagirdlərin həyatdakı  uğurları  o qədər də yüksək olmur, onlar çox zaman birtərəfli (“intellektli” insanlanlar)  böyüyür, insanlarla ünsiyyəti zəif olur.

Müəllimlərin bu və ya digər şagirdə, onların yaxşı oxumasına görə simpatiyası sinifdə xoşagəlməz vəziyyətin yaranmasına səbəb olur. “Zəif” şagirdlər həmişə  diqqətdən kənarda  qalır. Valideynlər daha çox bal toplayan uşaqları öz övladlarına nümunə göstərməyi sevirlər. Daha fikirləşmirlər ki, bu cür yanaşma onların mənəviyyatını alçaldır, onlarda stress yaratmaqla yanaşı, həm də təriflənən uşağa qarşı nifrət hissi yaranır. Uşağa bu cür yanaşma çox hallarda intihara səbəb olur. Valideynlər, təəssüf ki, bunu nəzərə almırlar. Bu problemlə bağlı  valideynlərin ciddi şəkildə maariflənməsinə  ehtiyac var.

Allan və Barbara Pizin “Bədən dili haqqında mükəmməl kitab”ında yazılır ki, adam sağ gözünün gördüyü sahədən üç dəfə çox məlumat alır, nəinki sol gözünün gördüyü sahədən. Bu, o deməkdir ki, ətrafdakılarla danışanda, informasiyanı  ətrafdakılara çatdırmaq istəyəndə biz özümüzə rahat olan sahəni seçirik. Bu sahə yaxşı gördüyümüz tərəfdə sol tərəfə olur.

Ontariodakı Təhsil Araşdırmaları İnstitutunun əməkdaşı Con Kerşner  müəllimləri müşahidə edərək onların 15 dəqiqə ərzində hər 30 saniyədən bir  baxdığı istiqaməti müəyyənləşdirməyə çalışıb. Onun dediyinə görə, müəllimlər sağdakı şagirdlərə az qala məhəl qoymurlar. Onlar vaxtın 44% -ni  irəli, 39%-ni sola, 17%-ni sağa baxmaqla keçirirlər. O, müəyyən edib ki, sağda oturan uşaqlarla müqayisədə  solda oturanlar  yazı və tələffüzlə bağlı testlərdə daha yaxşı nəticə göstərirlər. Onun gəldiyi bir nəticə daha maraqlıdır: müəllimlər sağda oturan uşaqlara nisbətən solda oturan uşaqlara daha az irad tuturlar. Ona görə də uşaqların yerini dəyişmək lazımdır.

Psixoloq D.İ.Feldşteyn haqlı olaraq deyirdi ki, uşaqlar bizim yanımızdadır, lakin bizim daxilimizdə deyil, biz onların yanındayıq, lakin onlar bizi öz daxillərinə buraxmırlar. Valideynlərlə uşaqların, müəllimlərlə şagirdlərin arasında ciddi sərhəd var. Xırda bir anlaşılmazlıq münaqişələrə gətirib çıxarır. Nə müəllimlər, nə də valideynlər yarana biləcək münaqişədən qaçmağa çalışmırlar. Müəllimlər və valideynlər uşaqlarla  təhsil-tərbiyə işini müasir dövrün tələblərinə uyğun qurmalıdırlar. Dəmirçi qılınc düzəltmək üçün  dəmiri qızdıraraq  onu “döyülməyə” hazırladığı kimi,  tərbiyəçi də (müəllim, valideyn)  uşağı təhsil-tərbiyə prosesinə hazırlamalı, onda güclü motivasiya yaratmağı bacarmalıdır. Dini sektalara cəlb edilən uşaqlar ciddi psixoloji təsir altında olduqlarından onların reabilitasiyası çox hallarda mümkün olmur. Elə bu səbəbdən də V.İ.Vernadski yazırdı: “Bəşəriyyət müasir ictimai və sosial quruluşda böyük ölçüdə artıq reallıqlara cavab verməyən və keçmişlərdə itmiş nəsillərin təfəkkür və elmi bilikləri səviyyəsinə cavab verməyən ideyalarla idarə olunur”.

Əgər keçən əsrin 70-ci illərində “Conni nə üçün oxuya bilmir?” sualı Amerika təhsilinin ən başlıca suallarından biri idisə, sonralar o “Conni nə üçün düşünə bilmir?” sualı ilə əvəz olundu. Şagirdləri fikirləşməyə öyrətməyi vacib hesab edən Amerika alimi V.Bruer suala münasibət bildirərkən deyirdi: “Əgər biz Amerikada təhsilin səviyyəsini yüksəltmək istəyiriksə, şagirdlərə insanı ağıllı, öyrənən, düşünən varlıq edən keyfiyyətlər aşılamalıyıq”. İndiki dövrdə, əslində, bu bütün dünyada Hamlet dilemmasıdır: olum, ya ölüm məsələsidir. Düşünmək insanın başlıca qabiliyyəti, onu ifadə etmək əsas təlabatı, yaymaq isə ən qiymətli azadlığıdır. Düzgün düşünmək böyük bir kəşf qədər əhəmiyyətlidir ki, humanist pedaqogikanın da əsas qayəsi budur. 

Harmonik və hərtərəfli inkişaf etmiş şəxsiyyət

İndiki məktəb öz klassik funksiyasını - harmonik və hərtərəfli inkişaf etmiş şəxsiyyət yetişdirmək  missiyasını uğurla həyata keçirməlidir. Biz uşaqları  həyata hazırlamağı məqsəd kimi qəbul etməliyik. Ailə də, məktəb də, cəmiyyət də buna səfərbər olmalıdır. Amerika alimi M.Sadlerin maraqlı bir fikri var. O, müxtəlif xalqların təhsilə münasibətini aşağıdakı kimi səciyyələndirmişdi: “Təhsildən söz düşəndə alman - nə biləcək, fransız - hansı imtahanlar olacaq, amerikalı - nə bacaracaq, ingilis - karyeram necə olacaq? - deyə soruşur”. Hər bir dövlətin təhsillə bağlı xüsusi məqsədi var.  Məsələn, ABŞ dünya dövlətləri arasındakı liderliyini nə Avropa dövlətlərinə, nə də Yaponiyaya güzəştə getmək niyyətində olmadığından orada təhsilin məqsədi beynəlxalq iqtisadiyyatda millətin liderliyinin təmin olunmasına yönəldilmişdir. Türkiyədə isə təhsilin məqsədi duyğu birliyi, hiss birliyi, fikir birliyi yaratmaqdır. Ölkəmizdə  təhsilin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, xalqının milli ənənələrinə və demokratiya prinsiplərinə, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdən; milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan və inkişaf etdirən, geniş dünyagörüşünə malik olan, təşəbbüsləri və yenilikləri qiymətləndirməyi bacaran, nəzəri və praktiki biliklərə yiyələnən, müasir təfəkkürlü və rəqabət qabiliyyətli mütəxəssis-kadrlar hazırlamaqdan; sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin mənimsənilməsini və ixtisasın daim artırılmasını təmin etmək, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdan ibarətdir. Deməli, vətəndaş və şəxsiyyət yetişdirmək məktəbimizin  əsas məqsədi olmalıdır. Ayrı-ayrı insanlar dünyaya  gəldiklərinə görə valideynlərinə, millətlər isə məktəbə və müəllimə borcludur.

İnsanlıq emalatxanası  hesab edilən məktəbin əzəli və əbədi bir funksiyası var: şəxsiyyət yetişdirmək. Bütün  uğurlar  insanın şəxsiyyəti ilə bağlıdır. Məktəbdə elə insanlar yetişdirilməlidir  ki, onlar özlərinə dəyər versin,  ən gərgin və çətin  situasiyalarda öz şəxsiyyətlərini qorumağı bacarsın. Bu da müəllim-şagird münasibətlərinin  düzgün qurulmasından asılıdır.

Fərrux RÜSTƏMOV (Azərbaycan müəllimi)