Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-28 12:12:00
Dövlət İmtahan Mərkəzi: 70 rayon üzrə 3669 nəzarətçi-müəllim seminarlara cəlb edilib

Bakının Yasamal, Binəqədi, Xətai, Səbail, Nərimanov, Nəsimi, Qaradağ rayonları, həmçinin bölgələrin şəhər və rayonları (qeyd: siyahı Dövlət İmtahan Mərkəzinin (DİM) saytında verilib) üzrə zal nəzarətçisi kimi imtahanlara cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər keçirilib.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, DİM-in mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən aparılan seminarlara 70 rayon üzrə 3669 nəzarətçi-müəllim cəlb edilib. Müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyən 349 nəzarətçi-müəllim qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət edilib.

İmtahan prosedurunun daha səmərəli izahını təmin etmək üçün məşğələlər 20-25 nəfərlik qruplarla keçirilib.

Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı qaydalar izah olunub, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilib və nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.

Seminar iştirakçıları DİM tərəfindən keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.

Seminarlar əvvəlcədən elan olunmuş qrafikə uyğun olaraq digər rayonlarda davam edir.