Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-19 10:02:00
Azərbaycanı daha möhtəşəm olimpiada uğurları gözləyir – Fuad Qarayev AzEdu.az-a danışdı

8-15 yanvar 2020-ci il tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən 16-cı Beynəlxalq Jautikov Olimpiadasında (IZhO) məktəblilərimiz  informatika fənni üzrə 1 qızıl, 1 gümüş və 1 bürünc, riyaziyyat fənni üzrə 2 gümüş və 2 bürünc, fizika fənni üzrə isə 1 bürünc olmaqla, ümumilikdə 8 medal qazanıblar.

Bu, beynəlxalq müsabiqədə Azərbaycanın göstəriciləri, digər ölkələrlə müqayisəsi media və sosial şəbəkələrdə xeyli müzakirə olunub.

AzEdu.az bu beynəlxalq uğuru şərh etmək məqsədilə Təhsil İnstitutunun istedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayevlə həmsöhbət olub.

Fuad müəllim xatırladıb ki, Azərbaycan məktəbliləri müxtəlif beynəlxalq olimpiadalarda iştirak edirlər. İnformatika üzrə keçirilən müsabiqələrdən ən əsası isə Beynəlxalq İnformatika Olimpiadasıdır(IOI). Keçən il Azərbaycanda keçirilən olimpiadada təxmini 80-dən çox ölkə iştirak etmişdi:

“Ölkə məktəbliləri Yeniyetmələrin Avropa Olimpiadası, Beynəlxalq Jautikov İnformatika Olimpiadasında da iştirak edirlər. Bu olimpiadalarda bürünc və gümüş medallarımız var idi.

Amma bu il iştirak etdiyimiz XVI Beynəlxalq Jautikov Olimpiadasında ilk dəfə Abutalıb Namazov sayəsində qızıl medal qazana bildik. Olimpiada istiqamətində bugünədək kifayət qədər böyük işlər görülüb. Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Beynəlxalq Olimpiadalara Hazırlıq Mərkəzi yaradılıb. Bu gün həmin  mərkəzdə 300-ə yaxın şagird müxtəlif fənlər üzrə hazırlıqlara cəlb olunublar. İnformatika üzrə  şagirdlərimiz 3 fərqli qrupda hazırlıqlara qatılıblar.

Bu il medal alan Abutalıb Namazov, Murad Eynizadə və digərləri Beynəlxalq Olimpiada Mərkəzinin dinləyiciləridirlər.  Onlar  ayrı –ayrı universitetlərdə çalışan müəllim və professorların dərslərində iştirak edirlər. Şagirdlər üçün xarici ölkələrdən bir sıra müəllimləri də dəvət etmişik. Bu müəllimlər Kanada, İran Ruminiya və s. ölkələrdə çalışırlar. Eyni zamanda şagirdlərimiz İran və Polşada təlimlərə cəlb ediliblər. Sırf İnformatika Olimpiadası üçün “Azercell” Telecomla əməkdaşlıq edirik. Müəllimlərin dəvəti, yay məktəblərinin təşkili kimi bəzi məsələlərdə bizə dəstək olurlar. Təhsil Nazirliyinin apardığı planlı iş nəticəsində artıq İnformatika Olimpiadasında da qızıl medal qazanmışıq”.

Fuad Qarayev vurğulayıb ki, Azərbaycanda beynəlxalq olimpiadaların təşkili və keçirilməsi beynəlxalq standartlara uyğunlaşdırılıb:

“Bunun beynəlxalq uğurlara ciddi təsiri olacağına inanırıq. İnanırıq ki, gələcəkdə nailiyyətlərimizin sayı artacaq. 

Beynəlxalq olimpiadaya hazırlıq xeyli vaxt tələb edən prosesdir. Buna görə də belə şagirdləri hazırlıqlara cəlb etmək üçün VI-VII sinif şagirdləri arasında fənn müsabiqələri keçirilir. Bu müsabiqələrin nəticəsində qaliblər hazırlıq mərkəzinə qəbul olunurlar. Bu il qızıl medal qazanan  Abutalıb Namazov da 5 il əvvəl hazırlıq mərkəzinə qəbul  olunmuş, mərkəzimizə ilk ayaq basan şəxslərdəndir. Onun timsalında hazırlıq mərkəzimizin bəhrəsini görmüş olduq”.

“Nəticələrimiz Ermənistanın göstəricilərindən kifayət qədər yaxşıdır”

Olimpiadanın ümumi göstəricilərinin təhlilinə gəldikdə isə Fuad müəllim bildirib ki, bəzi ölkələr kifayət qədər güclüdürlər. Azərbaycan Rusiya, Rumıniya, Amerika, İngiltərə, Qazaxıstanla yarışmaq üçün çox çalışmalıdır. Bu müqayisənin nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Çünki cəmiyyətdə bu məsələyə ikitərəfli baxırlar. Amma bu olimpiadada informatika üzrə nəticələrimiz Ermənistanın göstəricilərindən kifayət qədər yaxşıdır. Azərbaycan şagirdlərinin  Jautikovdakı nəticələrinə görə ölkələr arasında demək olar, ilk beşlikdədir. Amma ümumilikdə Azərbaycan məktəblilərinin beynəlxalq nəticələri dünya üzrə orta səviyyədə qərarlaşır. Təxmini 100 ölkə arasında  40-cı yerdəyik. Pis sayılmaz, amma əla da deyilik.

Burada ən zəif nəticə göstərən ölkələr isə Avropa ölkəsi olmasına baxmayaraq, Norveç, İsveç və Tacikistan oldu. Türkiyənin nəticələri də bir o qədər qəbaətbəxş deyildi.

Bəzən bir ölkədən 6-7 şagird iştirak etsə də, onlardan cəmi birinin nəticələri çox yüksək, digərlərininki isə aşağı olur. Məsələn, Azərbaycan şagirdlərinihn 8-nin medal alması komanda hesabında nəticələrimizin yaxşı olduğunu göstərir”.

“Beynəlxalq olimpiadada bürünc əldə etmək elə də asan deyil”

Olimpiadalara Hazırlıq Mərkəzinin gələcək gözləntilərinə gəlincə isə Fuad Qarayev bildirib ki, ölkə şagirdləri may ayında Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında iştirak edəcəklər:

“Əsas hədəfimiz isə Sinqapurda keçiriləcək Beynəlxalq İnformatika Olimpiadası olacaq. Aydındır ki, Azərbaycan şagirdləri həmin olimpiadada 2011-ci ildən bugünədək medal qazanmayıblar. Ən böyük hədəfimiz Abutalıb, Murad, Əziz və digərlərinin həmin olimpiadada ən azından bürünc əldə etmələridir. Onu da vurğulayım ki, beynəlxalq olimpiadada bürünc medal əldəetmək elə də asan məsələ deyil”.

Qeyd edək ki, 20 ölkədən 588 nəfər şagirdin iştirak etdiyi olimpiadada informatika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Abutalıb Namazov qızıl, Murad Eynizadə gümüş və Gəncə şəhər 15 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Əziz Hüseynov bürünc medal qazanıb.

Riyaziyyat fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdləri Murad Ağazadə və Abbas Məmmədov gümüş, həmin liseyin 9-cu sinif şagirdi Toğrul Abbasov və Şuşa rayon Malbəyli kənd 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Vüqar Quliyev bürünc medal qazanıb.

Fizika fənni üzrə Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Məhəmməd Yusifov isə bürünc medala layiq görülüb.

 

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları