Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-15 14:48:00
Orta məktəbi bitirə bilməyənlər üçün keçirilən attestat imtahanları-Qaydalar, şərtlər



Bu gün Bakı şəhəri üzrə keçirilən eksternat imtahanlarının nəticələri açıqlanıb.

Bakı şəhər Təhsil İdarəsindən verilən məlumata görə, əvvəlki illərdə ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələrini başa vura bilməyən şəxslər üçün təşkil olunan imtahana hər iki səviyyə üzrə ümumilikdə 847 nəfər qatılıb.

Bəs, eksternat imtahanı dedikdə nə nəzərdə tutulur? Ümumiyyətlə, eksternat imtahanı verən şəxslərin attestatı digərlərindən nə ilə fərqlənir?

AzEdu.az bu imtahanlarla bağlı vacib suallara aydınlıq gətirir:

Eksternat imtahanı nədir?

Eksternat imtahanları ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslər üçün keçirilir. O, əvvəlki illərin buraxılış imtahanlarında uğursuz olanlara yenidən imtahan verib, müvafiq təhsil sənədi almaq üçün şərait yaradır. Bu imtahanı verən şəxslər isə qanunvericilikdə “eksternlər” adlanırlar.

Kimlər eksternat imtahanı verə bilməz?

Eksternat imtahanını ümumi orta təhsil səviyyəsi üzrə verənlərin yaşı 16, tam orta təhsil səviyyəsi üzrə verənlərin isə yaşı 18-dən aşağı olmamalıdır.

Bundan əlavə, sağlıq durumu səbəbindən evdə fərdi təhsilə cəlb olunan şagirdlər buraxılış imtahanlarından azad olunduqları üçün bu qaydalar onlara şamil edilmir.

“Aralıq imtahanları” nədir?

Eksternat imtahanında iştirak edəcək şəxslərin  ərizələri hər ilin aprel ayı ərzində yaşadıqları ərazinin təhsil şöbəsinə təqdim olunmalıdır.

Vacib bir məqamı qeyd edək ki, eksternlər mərkəzləşmiş qaydada keçirilən buraxılış imtahanlarından əvvəl yaşadıqları ərazinin təhsil şöbəsi tərəfindən təşkil olunan aralıq imtahanlarında iştirak etməlidirlər. Bu zaman onlar rəsmxət, əmək hazırlığı, təsviri incəsənət, fiziki tərbiyə, musiqi və nəğmə, gənclərin çağırışaqədərki hazırlığı istisna olmaqla, tədris planındakı imtahan aparılmayan digər bütün fənlərdən buraxılış imtahanı verirlər.

Bu imtahanlar necə təşkil olunur?

Aralıq imtahanlarını aparmaq üçün təhsil şöbəsi müdirinin əmri ilə hər fənn üzrə sədr və üç nəfər müəllimdən ibarət komissiya yaradılır. Bu imtahanlar hər il mayın 10-dan 20-dək əvvəlcədən hazırlanıb təsdiq edilmiş  imtahan sualları  əsasında xüsusi komissiya tərəfindən  keçirilir. Aralıq imtahanlarında müsbət qiymət alan eksternlərin siyahısı müəyyən sənədlərlə birlikdə mayın 25-dək Təhsil Nazirliyinə təqdim edilir.

Eksternat imtahanı verənlərin attestatı digərlərindən nə ilə fərqlənir?

Aralıq imtahanlarından uğurla keçən eksternlər Təhsil Nazirliyinin müəyyən etdiyi imtahan mərkəzlərində ənənəvi qaydada buraxılış imtahanı verirlər. Buraxılış imtahanlarından müsbət qiymət alan eksternlərə ümumi orta və ya tam orta təhsil haqqında sənəd məktəbi tərəfindən verilir.

Buraxılış imtahanlarını eksternat qaydasında vermiş məzunların təhsil sənədində digərlərindən fərqli olaraq, “bitirmişdir” sözündən əvvəl “eksternat qaydasında” sözləri yazılır.

Qeyd edək ki, eksternat imtahanlarında ümumi orta təhsil səviyyəsi üzrə 109 nəfər, tam orta təhsil səviyyəsi üzrə 348 nəfər uğur qazanıb.  

Tam orta təhsil səviyyəsi üzrə eksternlər 2 gün ərzində hərəsində 10 sual olmaqla 11 fənn, ümumi orta təhsil səviyyəsi üzrə isə hərəsində 10 sual olmaqla 12 fənn üzrə imtahan veriblər.

Rus bölməsində təhsil almış şəxslər əlavə olaraq daha 1 fəndən də (Azərbaycan dili) sınaqdan keçiblər.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları