Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-14 13:11:00
STEAM layihəsi paytaxt məktəblərində...

Təhsil Nazirliyi tərəfindən başlanılan STEAM layihəsi hazırda Bakı şəhərindəki 42 ümumi təhsil müəssisəsini və 6 mindən çox şagirdi əhatə edir.

AzEdu.az xəbər verir ki, layihənin məqsədi inkişaf etmiş ölkələrdə müasir təhsil çağırışları əsasında tətbiq olunan təhsil yeniliklərinin ölkəmizdə reallaşdırılması imkanlarının öyrənilməsi və tədrisidir. Layihə ilə əlaqədar nazirlik tərəfindən steam.edu.az portalı da istifadəyə verilib. Portalda STEAM təhsili üzrə yeniliklər, layihə üzrə görülən işlər və nəzərdə tutulan tədbirlər barədə məlumatlar yerləşdirilir.

Layihənin tətbiq edildiyi ümumtəhsil məktəbləri Təhsil Nazirliyi tərəfindən 3D printer, robot texnologiyalar və digər zəruri təlim avadanlıqları ilə təmin edilib.

STEAM təhsil metodu şagirdlərə beş sahənin - elm (science), texnologiya (technology), mühəndislik (engineering), incəsənət (art) və riyaziyyatın (math) birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulub. STEAM kurikulumu fənlərarası, praktik və tətbiqi dərslərdən ibarətdir. Elmin və texnologiyaların öyrədilməsində ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili praktik məşğələlər vasitəsilə elmi, texniki biliklərin gündəlik həyatda tətbiqini şagirdlərə göstərir. Bu yanaşma şagirdlərə mühəndislik səriştələri öyrədir, real həyatda problemlərin həlli zamanı tətbiqini aşılayır. STEAM layihəsi şagirdləri hansı peşə seçmələrindən asılı olmayaraq həyata hazırlayır.