Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-11 14:34:00
“Ölkəmizdə rusdilli məktəblərin olmasının əleyhinə deyiləm, amma…” - Şahlar Əsgərov

Dil dünya haqqında təsəvvür yaradan təbii intelektual bir sistemdir. Hər bir dil ayrılıqda dünyanı görmək və anlamaq üçün bir vasitədir. Ancaq elə dillər var ki, dünya ölkələri üzrə beynəlxalq dil statusunu qazanıb. Bu dillərin içərisində rus dilini də qeyd etmək olar ki, bu dilə maraq göstərənlərin sayı az deyil.

Bəs hazırda MDB məkanında hansı ölkələrdə rusdilli məktəblər mövcuddur?

 AzEdu.az xəbər verir ki, məsələ ilə bağlı keçmiş deputat, professor Şahlar Əsgərov Modern.az-a danışıb:

 “Əslində bu suala cavab verməkdə bir az çətinlik çəkirəm. Hər respublika müstəqillik əldə edəndən sonra, çalışır ki,  milli təhsili ilə öz məktəblərini qursun. Ona görə də birində az, birində çox ola bilər. Hesab edirəm ki, rus dili MDB məkanında öyrəniləsi və lazımlı bir dildir. Hətta deyərdim ki, ingilis dili ilə bərabər tutulur. Biz ingilis dilinə nə qədər fikir veririksə, düşünürəm ki, rus dilinə də dünyada o qədər önəm verilir. Ən azından bu dil beynəlxalq dillərdən biri hesab olunur. Məsələn, biz rus dili ilə də öz sevincimizi və kədərimizi dünya ölkələri ilə bölüşə bilirik”.

 Sabiq deputat Azərbaycanda rusdilli məktəblərin sayının kifayət qədər olduğunu vurğulayıb:

 “Konkret olaraq nə qədərdi, onu deyə bilməyəcəm. Ancaq bu dilə ölkəmizdə kifayət qədər marağın olduğunu görürəm. Mən həmişə çıxışlarımda da söyləmişəm ki, ölkəmizdə rusdilli məktəblərin olmasının əleyhinə deyiləm. Amma ibtidai sinflərə qədər rus dilinin keçirilməsinin əleyhinəyəm. İstərdim ki, dərslər ibtidai siniflərə öz ana  dilimizdə tədris olunsun. Çünki ibtidai siniflər öz ana dilimizdə olanda, şagirdlər böyüdükcə də bu dili daha yaxşı mənimsəyir və sevirlər. Ən azından şəhərini, tarixi qəhrəmanlarını, nağıllarını tanımış olurlar. Artıq ibtidai sinifdən sonra, hansı dildə oxuyur-oxusun fərqi yoxdur. Əlavə dil bilməyin nəyi pisdir ki? Nə qədər dil bilirlər qoy bilsinlər, lap çin dili bilsinlər. Ancaq ilk növbədə öz dilimizi bilsinlər. Çünki həmin vaxtlarda şagirdlərin beyni ağ kağız kimi olur. Belə olan təqdirdə bütün fikir və istək həmin dilə istiqamətlənmiş olur”.

 Şahlar Əsgərov “MDB məkanında hansı ölkələrdə rusdilli məktəblər var?” sualına belə cavab verib:

 “Mən Təhsil Nazirliyinin məmuru deyiləm ki, ölkələri gəzim konkret deyim ki, filan ölkədə rusdilli məktəblər var. Mən də elə sizin kimi, nələrisə mətbuatdan öyrənirəm. Mən indi bilmirəm ki, Özbəkistanda vəziyyət necədir. Məsələn, Qazaxıstan Sovet dövründə rus dilinə çox fikir verərdi. İndi bilmirəm ki, yenə də bu dilə fikir verir, ya yox. Amma inanmıram o qədər fikir versinlər. Çünki onlar öz milli məktəblərini qurmağa daha çox maraqlıdırlar. Onların çox yaxşı təhsil sistemi var. Mən özüm parlamentdə olanda da, həmişə bu ölkənin təhsil sistemini tərifləyirdim”.