Ötən il əlaçı kimi məzun olan 513 şagird qəbul imtahanlarında 0-200 aralığında bal toplayıb.
Maraqlıdır, buna səbəb nədir?
Məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil tədqiqatçısı Elmin Nuri qeyd edib ki, bu məsələyə baxış heç zaman birtərəfli və birmənalı ola bilməz:

"DİM-in hazırladığı "Abituriyent" jurnalının 12-ci sayı özünün elmi-statistik təhlilləri ilə hər il olduğu kimi bu dəfə də təhsilimiz üçün ən real barometr rolunu oynadı. Doğrusu, həmin analitik hesabatda şəxsən məni də təəccübləndirən bir çox məqamlar oldu. Onlardan biri də 200 əlaçı şagirdin buraxılış imtahanlarında 200-dən aşağı, 34-nün isə ümumiyyətlə 100-dən aşağı nəticə göstərməsidir.
Bu, hansısa əsası olmayan, müdafiəsi tam olaraq bəhanə sayılacaq bir göstəricidir. Söhbət orta səviyyədə təhsil alan yox, göstəricilərinə görə oxuduqları məktəbdə ən seçkinlərdən sayılan şagird siyahısından gedir. Bu şagird qrupunun 513-ü 200 balı keçə bilmirsə, 34-ü ümumiyyətlə ən minimal bal toplayıbsa, deməli, yolunda düz getməyən nələrsə var. Birincisi, böyük ehtimalla müəllimlər tərəfindən qiymətləndirmələr düzgün aparılmayıb.
Burada qiymətləndirmələrin qeyri-loyal, qeyri-şəffaf səviyyədə dəyərləndirilməsini də qeyd etməliyik. İkincisi, tədris proqramı ilə təqdim olunan suallar arasında az qala, uçurum qədər fərqin olmasıdır. Doğrudur, bütün suallar hazırda tətbiq olunan tədris proqramına əsasən hazırlanıb. Amma bir sual ortaya çıxır - Məktəb öz dərsini həmin proqrama əsasən hazırlayırmı? Belə məktəblərin sayı nə qədərdir? Təbii ki, burada düşüncələrimiz məktəbin işini kiçiltmək deyil".