Azedu.az

"Əsas məsələ əmək bazarına uyğun kadr hazırlamaqdır"

AzEdu Təhsil Platforması

13 İyul 2026, 15:29
"Əsas məsələ əmək bazarına uyğun kadr hazırlamaqdır"

"Peşə ixtisaslarını yaratmaq asandır, əsas məsələ həmin ixtisaslar üzrə əmək bazarının tələbinə uyğun kadr hazırlamaqdır".

AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı "Peşə təhsili üzrə ixtisasların Təsnifatı"nın yenilənməsi məqsədilə keçirilən görüşdə çıxışı zamanı deyib.

"Bu sənəd uzun müddətdir müzakirə olunur. Elm və Təhsil Nazirliyinin müvafiq şöbəsi tərəfindən davamlı görüşlər keçirilib, peşə təhsili müəssisələrinin rəhbərləri ilə geniş müzakirələr aparılıb və təqdim olunan təkliflər nəzərə alınıb. Bu, kiminsə hazırlayıb təqdim etdiyi bir sənəd deyil, birgə müzakirələrin nəticəsində formalaşan sənəddir.

Peşə təhsili üzrə ixtisasların təsnifatı sadəcə normativ sənəd deyil. Bu sənəd gələcəkdə hansı sahələr üzrə mütəxəssis hazırlayacağımızı, peşə təhsili müəssisələrinin fəaliyyət istiqamətlərini və təhsil sistemi ilə əmək bazarı arasında əməkdaşlığın necə qurulacağını müəyyən edən strateji sənəddir.
İxtisas təsnifatında indiyədək müxtəlif dövrlərdə dəyişikliklər edilib. 

Son böyük yeniliklərdən biri 2023-cü ildə həyata keçirilib. Həmin dəyişikliklər çərçivəsində 90-dan çox yeni ixtisas təsnifata daxil edilib, 20-dən çox ixtisas isə çıxarılıb.

Sonuncu dəyişiklik isə 2026-cı il iyunun 30-da Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənib. Həmin qərarla 4-ü texniki peşə, 8-i isə yüksək texniki peşə olmaqla, ümumilikdə 12 yeni ixtisas təsnifata əlavə olunub.

Bu yeniliklər göstərir ki, peşə təhsili artıq yalnız ənənəvi peşələr üzrə kadr hazırlığı ilə kifayətlənməməlidir. Rəqəmsallaşma, avtomatlaşma, dəqiq kənd təsərrüfatı, yaşıl iqtisadiyyat və digər müasir sahələr üzrə yeni nəsil mütəxəssislərin hazırlanması əsas hədəflərdəndir.

İxtisasların yaradılması hələ işin başlanğıcıdır. Əsas məsələ bundan sonra başlayır. 

Hər bir peşə təhsili müəssisəsi yeni ixtisas açarkən regionun iqtisadi xüsusiyyətlərini, həmin ərazidə kadr ehtiyacını və əmək bazarının real tələbatını nəzərə almalıdır. Yalnız bu halda hazırlanan mütəxəssislər əmək bazarında öz yerini tapa biləcəklər".

Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!
Son xəbərlərDaha çox