I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanının ilk cəhdində ümumilikdə 7 abituriyent maksimum nəticə -- 400 bal toplayıb. Dünən isə həmin ixtisas qrupları üzrə qəbul imtahanının ikinci cəhdi keçirilib.
Maraqlıdır, ikinci cəhdin nəticələrinə əsasən 400 bal toplayan abituriyentlərin sayında artım, yoxsa azalma müşahidə oluna bilər?
Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, hər imtahandan sonra abituriyentlərin fikirləri fərqli olur:

"Bir qismi sualların çətin, digər qismi isə asan olduğunu bildirir. Adətən, yaxşı hazırlaşan və suallara rahat cavab verən abituriyentlər imtahanın asan keçdiyini deyirlər. Buna görə də qiymətləndirmə apararkən yalnız abituriyentlərin fikirlərinə deyil, daha çox müəllimlərin rəylərinə əsaslanıram.
Bu dəfə də müəllimlərlə danışdım. Onların əksəriyyəti sualların bir qədər çətin olduğunu qeyd etsə də, bunu ciddi fərq kimi dəyərləndirmədilər. Əksər müəllimlər ikinci cəhd blok imtahanının birinci cəhdlə müqayisədə təxminən eyni səviyyədə olduğunu bildirdilər. Hətta sualların daha asan olduğunu deyən müəllimlər də var idi.
Mənim qənaətimə görə, birinci və ikinci cəhd blok imtahanları arasında ciddi fərq yoxdur. İkinci cəhd müəyyən qədər çətin olsa da, bu fərq çox böyük deyil və normal qəbul edilməlidir.
Burada diqqət çəkən əsas məqamlardan biri isə imtahanların isti havalarda keçirilməsidir. Yüksək temperatur həm abituriyentlərin hazırlıq prosesinə, həm də imtahan zamanı onların performansına müəyyən mənfi təsir göstərə bilər. Düşünürəm ki, bu amil nəticələrə də müəyyən qədər təsir edir".
Ekspert hesab edir ki, blok imtahanlarının ümumi səviyyəsi qəbul ballarında ciddi dəyişiklik yaratmayacaq:
"Birinci və ikinci cəhd arasında ümumi vəziyyət demək olar ki, eynidir, yalnız cüzi fərqlər var. Qəbul prosesinə əsas təsir göstərəcək amil isə buraxılış imtahanlarının nəticələri olacaq. Buraxılış imtahanlarında sualların nisbətən çətin olması bu ehtimalı gücləndirir. Ümumi statistika açıqlandıqdan sonra qəbul ballarında hansı istiqamətdə dəyişikliklərin olacağını daha dəqiq proqnozlaşdırmaq mümkün olacaq.
Hazırkı ehtimalıma görə, II və III ixtisas qruplarında ciddi bal artımı gözlənilmir. Əksinə, bəzi ixtisaslarda müəyyən enmə müşahidə oluna bilər. I və IV ixtisas qruplarında isə ayrı-ayrı populyar ixtisaslarda müəyyən dəyişikliklər mümkün olsa da, ümumilikdə keçid ballarının kəskin artacağını düşünmürəm. Əksər ixtisaslarda balların ya sabit qalacağı, ya da müəyyən qədər aşağı düşəcəyi ehtimalı daha yüksəkdir. Təbii ki, bunlar hələlik mövcud müşahidələrə əsaslanan ilkin proqnozlardır".