Azedu.az

Peşə təhsilində ixtisasların sayı 800-dən 250-yə endiriləcək - Şöbə müdiri

Peşə təhsili

13 İyul 2026, 15:07
Peşə təhsilində ixtisasların sayı 800-dən 250-yə endiriləcək - Şöbə müdiri

"Məqsəd ixtisasların sayını azaltmaq deyil, peşə təhsilini əmək bazarının tələblərinə uyğun optimallaşdırmaqdır".

AzEdu.az xəbər verir ki, bu fikri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman media nümayəndələrinə müsahibəsi zamanı səsləndirib.

"Bu gün peşə təhsili üzrə ixtisasların yeni təsnifatının müzakirəsi üçün toplaşmışıq. Görüşdə peşə təhsili müəssisələrinin rəhbərləri iştirak edirlər.

Hazırda qüvvədə olan peşə təhsili üzrə ixtisas təsnifatında 800-dən artıq ixtisas yer alır. 

Bununla belə, əmək bazarında baş verən dəyişikliklər, həmçinin mövcud təsnifatda yer alan ixtisasların yarıdan çoxunun artıq real tələbat yaratmaması və həmin istiqamətlər üzrə kadr hazırlığının aparılmaması yeni təsnifatın hazırlanmasını zəruri edib.

2024-cü ilin dekabrında Elm və Təhsil Nazirliyi tərəfindən ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə yeni ixtisas təsnifatı təsdiq olunub. 

Bunun davamı olaraq bu il peşə təhsili üzrə də ixtisasların təsnifatının yenilənməsi nəzərdə tutulur. Artıq iki ildən çoxdur ki, bu istiqamətdə iş aparılır.

Yeni layihədə ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili səviyyələri üzrə tamamilə yenilənmiş ixtisas təsnifatı hazırlanıb. 

Təsnifata ümumilikdə 250-yə yaxın ixtisas daxil edilib. Bu ixtisaslar müəyyənləşdirilərkən ölkə iqtisadiyyatının tələbatı, prioritet sahələr, əmək bazarının ehtiyacları və texnoloji inkişafın yaratdığı yeni peşələr əsas götürülüb.

Müzakirələr yekunlaşdıqdan sonra cari ilin sonunadək peşə təhsili üzrə ixtisasların yeni təsnifatının hökumət tərəfindən təsdiq olunması gözlənilir.

Məqsəd ixtisasların sayını azaltmaq deyil. Məqsəd peşə təhsilində ixtisasları optimallaşdırmaq, oxşar istiqamətləri birləşdirmək və əmək bazarının real tələblərinə uyğun daha çevik və müasir təsnifat formalaşdırmaqdır".

Prezidentən Şuşada Rusiyanı dəli edən MESAJ - Ukrayna dayanmamalıdır!
Son xəbərlərDaha çox