Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün tətbiq ediləcək yeni təmayül tədris modelinə şagird və müəllimlərin qeydiyyatı davam edir. Layihənin əsas məqsədi məktəbin akademik rolunu gücləndirmək, ali təhsilə hazırlıq prosesini məktəb daxilində daha səmərəli təşkil etmək və şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyacını minimuma endirməkdir.
Yeni modelin məktəblərdə tədris prosesinə necə təsir göstərəcəyi, müəllim və şagirdlər üçün hansı imkanlar yaradacağı, eləcə də qəbul hazırlığında gözlənilən dəyişikliklərlə bağlı müxtəlif fikirlər səsləndirilir.
AzEdu.az yeni təmayül tədris modelində çalışan 261 nömrəli məktəb-liseyin fizika müəllimi Yaşar Abbasov və buraxılış imtahanında maksimum 300 bal toplayan, Ə.Zeynallı adına 302 nömrəli tam orta məktəbin şagirdi Dəniz Hüseynzadə ilə həmsöhbət olub.
Uzun illərdir təhsil sahəsində çalışan 261 saylı məktəb-liseyin fizika müəllimi Yaşar Abbasov qeyd edib ki, adətən IX-X sinifdən etibarən şagird artıq gələcək ixtisası haqqında daha ciddi düşünməyə başlayır:

"Bu mərhələdə şagird üçün əsas məsələ məqsədini müəyyənləşdirmək və hazırlığını həmin istiqamətə uyğun qurmaqdır. Layihənin məqsədlərindən biri də ali təhsilə hazırlıq imkanlarını məktəb daxilində daha əlçatan etmək, şagirdlərə seçdikləri istiqamət üzrə daha sistemli və məqsədyönlü təhsil almaq imkanı yaratmaqdır. Mənim fikrimcə, bu modelin əsas üstünlüyü də məhz bundan ibarətdir.
Digər mühüm məqam məktəbin akademik rolunun gücləndirilməsidir. Uzun illərdir qəbul nəticələri daha çox məktəbdənkənar hazırlıqla əlaqələndirilir. Halbuki məktəb şagirdin əsas təhsil aldığı yerdir. Əgər məktəbdə peşəkar müəllimlər, planlı tədris prosesi və məqsədini müəyyənləşdirmiş şagird mühiti formalaşarsa, məktəbin bu sahədə rolu daha da arta bilər.
Əlbəttə, heç bir model öz-özünə uğur yaratmır. Uğur müəllimin peşəkarlığından, şagirdin zəhmətindən, valideyn dəstəyindən və tədris prosesinin düzgün təşkilindən asılıdır. Bu amillər bir araya gəldikdə istənilən model müsbət nəticə verə bilər.
Əldə etdiyim məlumatlara əsasən deyə bilərəm ki, əsas fərq dərslərin şagirdlərin seçdikləri ixtisas qruplarına uyğun, daha məqsədyönlü təşkil olunmasıdır. Şagird seçdiyi istiqamət üzrə gücləndirilmiş tədris proqramı ilə daha dərin biliklər əldə etmək imkanı qazanacaq. Məsələn, I ixtisas qrupu üzrə hazırlaşan şagirdlər üçün həmin qrupun fənlərinə daha çox vaxt ayrılacaq və tədris prosesi qəbul imtahanı proqramına uyğun şəkildə təşkil olunacaq.
Bununla yanaşı, hesab edirəm ki, əsas fərq yalnız dərs saatlarının artması deyil. Əsas məsələ həmin saatlardan necə istifadə olunmasıdır. Tədrisin keyfiyyəti müəllimin yanaşmasından, şagirdin məsuliyyətindən və dərs prosesinin necə təşkil olunmasından asılıdır. Düşünürəm ki, belə siniflərdə adi siniflərdən fərqli olaraq şagirdlərin motivasiyası da daha yüksək olacaq. Çünki onlar niyə oxuduqlarını və hansı məqsədə doğru hazırlaşdıqlarını daha aydın dərk edəcəklər. Bu amil isə tədrisin səmərəliliyinə müsbət təsir göstərir.
Ali təhsilə hazırlaşan şagirdlərlə işləmək adi dərs prosesindən müəyyən qədər fərqlənir. Çünki onların qarşısında daha konkret məqsəd var və müəllim tədris prosesini həmin məqsədə uyğun planlaşdırmalıdır. İlk növbədə müəllim şagirdin bilik səviyyəsini düzgün müəyyənləşdirməli, onun ehtiyaclarını nəzərə alaraq sistemli hazırlıq planı qurmalıdır. Mövzuların müntəzəm təkrarı, müxtəlif səviyyəli tapşırıqların həlli, sınaq imtahanlarının keçirilməsi və nəticələrin təhlili bu prosesin vacib hissəsidir. Ən əsası isə şagirdin çətinlik çəkdiyi mövzular vaxtında müəyyən edilməli və həmin istiqamətdə məqsədyönlü iş aparılmalıdır.
Mənim müşahidəmə görə, yüksək nəticə göstərən şagirdləri digərlərindən fərqləndirən əsas amil onların istedadlı olması deyil. Onlar daha planlı və intizamlı işləyir, səhvlərini təhlil edir, mövzuları müntəzəm təkrar edir və qarşılarına qoyduqları məqsəddən yayınmırlar. Düşünürəm ki, müəllimin əsas vəzifələrindən biri də şagirdlərdə bu vərdişləri formalaşdırmaqdır".
Müəllim seçimində peşəkar meyarların əsas götürülməsi düzgün yanaşmadır:
Çünki bu, müəllimə göstərir ki, onun biliyi, peşəkar inkişafı və əməyinin nəticələri qiymətləndirilir. Müəllim elə bir peşə sahibidir ki, onun üçün öyrənmə prosesi heç vaxt bitmir. Təhsil sistemi inkişaf etdikcə müəllim də yenilənməli, yeni metodları mənimsəməli və daim öz üzərində işləməlidir.
Belə meyarlar müəllimlər arasında sağlam rəqabət yaradır, onları peşəkar inkişafını davam etdirməyə və öz işinə daha məsuliyyətlə yanaşmağa təşviq edir. Bundan isə ən çox qazanan şagirdlərdir. Çünki peşəkar müəllim təkcə dərs keçmir. O, şagirdin potensialını görməyi, onu düzgün istiqamətləndirməyi və inkişaf etdirməyi bacarmalıdır. Bu baxımdan müəllim seçimində obyektiv və peşəkar meyarların tətbiqini çox vacib hesab edirəm.
Bu, layihənin əsas məqsədlərindən biridir. Bunun nə dərəcədə mümkün olacağını isə zaman göstərəcək. Amma uzun illər ali təhsilə hazırlaşan şagirdlərlə işləyən müəllim kimi deyə bilərəm ki, yüksək nəticənin hansı şərtlərlə əldə olunduğunu yaxşı bilirəm.
Yüksək nəticə müəllimin peşəkarlığından, şagirdin davamlı zəhmətindən, valideyn dəstəyindən və tədris prosesinin düzgün təşkilindən asılıdır. Bununla yanaşı, planlı hazırlıq, müntəzəm təkrar, səhvlərin vaxtında təhlil edilməsi və aradan qaldırılması da mühüm amillərdəndir. Əgər bu şərtlər məktəbdə təmin olunarsa, hesab edirəm ki, bir çox şagird üçün əlavə hazırlıq kurslarına ehtiyac əhəmiyyətli dərəcədə azala bilər.
Hesab edirəm ki, motivasiya müəllimin dediyi sözlə deyil, yaratdığı tədris mühiti ilə formalaşır. Şagird müəllimin öz işinə məsuliyyətlə yanaşdığını və onun inkişafında səmimi maraqlı olduğunu hiss etdikdə, dərsə münasibəti də dəyişir.
Digər vacib məqam mövzunun mahiyyətini dərk etməkdir. Şagird sadəcə düsturu və ya qaydanı əzbərləməməli, onu anlamalıdır. Mövzunu başa düşdükcə və əvvəllər çətin hesab etdiyi tapşırıqları həll etdikcə özünəinamı artır.
Dərslərdə gündəlik həyatdan nümunələr gətirmək, müzakirələr aparmaq, şagirdi düşündürən suallar vermək və onun fəal iştirakını təmin etmək də marağı artırır. Eyni zamanda, hər şagird fərqlidir. Müəllim bunu nəzərə almalı və hər bir şagirdə onun ehtiyacına uyğun yanaşmalıdır".
"Yaxşı nəticə yalnız yüksək bal deyil. Şagirdin düşünmə bacarığının, özünəinamının və öyrənməyə marağının artması da bir o qədər önəmlidir", - deyə o qeyd edib.
"Valideynlərə ilk növbədə onu demək istərdim ki, övladlarının maraq və bacarıqlarını nəzərə alsınlar. Bəzən valideyn öz istəyini ön plana çəkir. Halbuki ən düzgün seçim şagirdin marağı, müəllimin tövsiyəsi və valideyn dəstəyi birlikdə nəzərə alındıqda edilir. Valideynlər layihə haqqında ətraflı məlumat əldə etsin və onun yaratdığı imkanları düzgün dəyərləndirsinlər.
Məktəblərimizdə öz üzərində çalışan və işini sevən çoxlu peşəkar müəllimlər fəaliyyət göstərir. Əgər belə layihələrdə müəllim seçimində peşəkarlıq əsas meyarlardan biri kimi götürülərsə, bu, keyfiyyətli tədris mühitinin formalaşmasına müsbət təsir göstərə və layihənin uğurlu olmasına töhfə verə bilər.
Bir fikri də xüsusilə vurğulamaq istərdim: müəllim təkbaşına möcüzə yarada bilməz. Ən yaxşı nəticələr müəllim, şagird və valideyn eyni məqsəd uğrunda birlikdə çalışdıqda əldə olunur.
Hesab edirəm ki, hər yeni modelin uğurunu zaman göstərəcək. Ona görə də bu gün qəti nəticələr söyləmək doğru olmazdı. Qeyd edim ki, heç bir uğur təsadüfən qazanılmır. Uğur müəllimin peşəkarlığından, şagirdin zəhmətindən, valideyn dəstəyindən və tədris prosesinin düzgün təşkilindən asılıdır. Bu amillər bir araya gələrsə, model öz müsbət töhfəsini verə və kifayət qədər uğurlu ola bilər.
Qarşıya qoyulan məqsədlərə uyğun şəkildə həyata keçirilərsə, bu modelin təhsilimiz üçün faydalı nəticələr verəcəyinə inanıram. Şagird məktəbdə aldığı təhsilin gələcək uğurunda mühüm rol oynadığını hiss etdikcə, məktəbə münasibəti də dəyişəcək.
Bu model müəllimlər üçün də yeni imkanlar yarada bilər. Məqsədini müəyyənləşdirmiş, daha motivasiyalı şagirdlərlə işləmək müəllimə öz təcrübəsini daha səmərəli və dolğun tətbiq etməyə, dərs prosesini isə daha məqsədyönlü qurmağa imkan verir".
Buraxılış imtahanından 300 bal toplayan, Ə.Zeynallı adına Bakı şəhər 302 saylı tam orta məktəbin şagirdi Hüseynzadə Dəniz Elşən qızı bildirib ki, dərslərinə hər zaman məsuliyyətli yanaşıb:

"300 bal toplamaq mənim üçün böyük sevinc və qürur hissidir. Bu uğurum mənə özümə inanmağa kömək edən ən böyük amillərdən biridir. İmtahana hazırlaşdığım müddətdə məsuliyyətli və intizamlı olmağa çalışırdım.
Məktəbdə müəllimlərimizin verdiyi biliklər, onların dəstəyi və motivasiyası da bu nəticəni əldə etməyimdə mühüm rol oynayıb. Yeni modeli müsbət qarşıladım. Düşünürəm ki, bu tədris modeli şagirdlərin öz maraq və bacarıqlarına uyğun istiqamətdə daha dərin bilik əldə etmələri üçün yaxşı imkan yaradacaq.
Fikrimcə, bu model abituriyentlərə seçdikləri istiqamət üzrə daha dərin bilik qazanmağa, vaxt itkisini minimuma endirməyə və ali məktəbə daha məqsədyönlü şəkildə hazırlaşmağa kömək edəcək. Əgər məktəbdə tədris keyfiyyətli şəkildə təşkil olunarsa və şagirdlər dərslərdə fəal iştirak etsələr, əlavə hazırlığa ehtiyac azala bilər.
Mən I ixtisas qrupuna hazırlaşıram. Təmayül modelinin bu istiqamətdə zəruri fənlərə daha çox vaxt ayıracağına və ali məktəbə daha yaxşı hazırlaşmağa kömək edəcəyinə inanıram. Şagirdlərə tövsiyə edərdim ki, bu imkandan maksimum faydalansınlar, dərslərə məsuliyyətlə yanaşsınlar, müəllimlərin tövsiyələrini nəzərə alsınlar və öz məqsədlərinə doğru inamla irəliləsinlər.
Düşünürəm ki, düzgün planlaşdırma bizə yol göstərir, müəllim dəstəyi motivasiya və bilik verir, şəxsi zəhmət isə bunların arasında ən vacib amildir. Çünki hər şey, ilk növbədə, özümüzdən və çəkdiyimiz əziyyətdən başlayır".