"2011-ci ildən bəri təhsil sistemində baş verən ciddi struktur dəyişiklikləri peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsini zəruri edib".
AzEdu.az xəbər verir ki, bu sözləri Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi məqsədilə keçirilən görüşdə çıxışı zamanı səsləndirib.
“2011-ci ildən bəri təhsil sistemində baş verən ciddi struktur dəyişiklikləri peşə təhsili üzrə ixtisasların təsnifatının yenilənməsini zəruri edib. Həm peşə təhsilində, həm də ümumilikdə təhsil sistemində struktur və sistem xarakterli mühüm dəyişikliklər baş verib.
2016-cı ildə Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılıb, 2019-cu ildə isə “Peşə təhsili haqqında” Qanun qəbul edilib. Həmin qanunla peşə təhsilinin ilk peşə, texniki peşə və yüksək texniki peşə olmaqla üç səviyyəsi müəyyənləşdirilib. Lakin mövcud təsnifatda bu bölgü öz əksini tapmayıb.
Bundan əlavə, 2018-ci ildə Nazirlər Kabinetinin qərarı ilə Ömürboyu Öyrənmə üzrə Azərbaycan Milli Kvalifikasiyalar Çərçivəsi təsdiq olunub. Həmin çərçivədə təhsil sistemi 8 səviyyə üzrə müəyyən edilib, amma bu bölgü də peşə təhsili üzrə ixtisasların təsnifatında nəzərə alınmayıb.
2024- 2025-ci illər ərzində yeni təsnifatın hazırlanması istiqamətində geniş işlər aparılıb. Müxtəlif dövlət qurumlarından yenilənmənin zəruriliyi ilə bağlı təkliflər daxil olub və sənəd üzərində artıq iki ildən çoxdur iş gedir.
İlkin layihə ekspertlər qrupu tərəfindən hazırlanıb. Daha sonra 6 sektor üzrə dəyirmi masalar keçirilib, sahə mütəxəssisləri ilə müzakirələr aparılıb. Layihə bir ildən artıqdır ki, nazirliyin Elm, ali və peşə təhsili şöbəsində təkmilləşdirilir.
Ötən ilin dekabrında elm və təhsil nazirinin əmri ilə nazir müavininin rəhbərliyi altında işçi qrupu yaradılıb. İşçi qrupuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələri daxil edilib.
Hazırlanan layihə Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də digər aidiyyəti dövlət qurumları və peşə assosiasiyalarına rəy və təkliflərin alınması üçün göndərilib".