Azedu.az

Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? - PROQNOZ

MİQ

9 İyul 2026, 17:19
Müəllim olmaq çətinləşə bilər: Qəbul planı azaldılacaq? - PROQNOZ

Azərbaycanda hər il pedaqoji ixtisaslar üzrə minlərlə məzun ali təhsil müəssisələrini bitirsə də, müəllim vakansiyalarının sayı bu göstəricidən xeyli aşağı olur. Bu da əmək bazarında müəllim hazırlığı ilə real tələbat arasında balansın necə qurulmalı olduğu məsələsini gündəmə gətirir.

Növbəti illərdə müəllim sayı vakansiyalara uyğun olsun deyə, pedaqoji ixtisaslar üzrə qəbul planı nə qədər azaldılmalıdır?

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirib ki, bu, həqiqətən də qlobal problemdir:

186512

"Hazırda kapitalist iqtisadi sistemi ilə idarə olunan ölkələrin əksəriyyətində ali təhsil müəssisələrinin məzun sayı əmək bazarının tələbatına tam uyğunlaşdırılmır. Məsələn, əmək bazarında 1000 müəllimə ehtiyac varsa, bu o demək deyil ki, ali təhsil müəssisələri də məhz 1000 müəllim məzun etməlidir. Bu yanaşma daha çox sosialist cəmiyyətlərinə xas planlı iqtisadiyyatın xüsusiyyəti idi.

Kapitalist sistemdə isə vəziyyət fərqlidir. Beynəlxalq təcrübə göstərir ki, əmək bazarında 1000 müəllimə ehtiyac olduğu halda, ali təhsil müəssisələri 5000 müəllim də məzun edə bilər. Burada əsas prinsip rəqabətdir. Pedaqoji ixtisası bitirən məzunlar müəllimlərin işə qəbulu imtahanlarında iştirak edir və ən yüksək nəticə göstərənlər əmək bazarına daxil olurlar. Bu yanaşma yalnız müəllimlik ixtisasına deyil, digər peşələrə də aiddir və kapitalist iqtisadi modelin əsas xüsusiyyətlərindən biridir.

Məsələn, mühasibatlıq sahəsində ölkədə 5000 vakansiya varsa, ali təhsil müəssisələri 15 min məzun hazırlaya bilər. Sonradan müxtəlif müsabiqə və seçim mexanizmləri vasitəsilə həmin 15 min nəfər arasından ən hazırlıqlı 5000 nəfər seçilir. Əslində, Azərbaycanda da bu model müəyyən mənada tətbiq olunur.

Lakin hesab edirəm ki, xüsusilə pedaqoji ixtisaslar üzrə qəbul planı digər ixtisaslarla müqayisədə azaldılmalıdır. Mən bunu əmək bazarındakı tələbatla deyil, daha keyfiyyətli və yüksək nəticə göstərən abituriyentlərin bu sahəyə cəlb olunması baxımından vacib hesab edirəm.

Bu gün bəzi ali təhsil müəssisələrində, istər region universitetlərində, istərsə də Bakıdakı bəzi universitetlərdə pedaqoji ixtisaslar üzrə keçid balları təxminən 250-300 bal səviyyəsindədir.

Bu isə o deməkdir ki, nisbətən aşağı nəticə göstərən abituriyentlər də müəllimlik ixtisasına qəbul ola bilirlər. Əgər pedaqoji ixtisaslar üzrə qəbul yerlərinin sayı azaldılsa, təbii olaraq rəqabət artacaq və keçid balları yüksələcək. Nəticədə 250-300 bal toplayan abituriyentlər deyil, 500 və daha yüksək bal toplamış, akademik hazırlığı daha güclü olan gənclər bu ixtisaslara qəbul olunacaqlar. Kəmiyyət azaldıqca keyfiyyətin artacağına inanıram.

Bunun nəticəsini isə qısa müddətdə deyil, 5-10 il sonra görmək mümkün olacaq. Çünki həmin məzunlar artıq ümumi orta təhsil məktəblərində çalışan müəllimlər olacaqlar və bu da məktəblərdə tədrisin keyfiyyətinə müsbət təsir göstərəcək.

Yəni burada iki mühüm məqsəd var. Bir tərəfdən əmək bazarında seçim və rəqabət mexanizmi işləyəcək, digər tərəfdən isə pedaqoji ixtisaslara daha yüksək bal toplayan, daha hazırlıqlı gənclər qəbul olunacaqlar.

Düşünürəm ki, bütün özəl universitetlərdə pedaqoji ixtisasların tədris olunmasına ehtiyac yoxdur. Burada istisna kimi Xəzər Universitetini qeyd edə bilərəm. Bu universitet uzun illər ərzində pedaqoji kadr hazırlığında özünü müəyyən mənada doğruldub. Lakin bəzi digər özəl universitetlərdə pedaqoji ixtisasların açılmasının tərəfdarı deyiləm.

Eyni zamanda, bəzi region universitetlərində də pedaqoji ixtisaslar üzrə qəbul planının azaldılmasını məqsədəuyğun hesab edirəm. Məsələn, 30 qəbul yeri əvəzinə 10 və ya 15 yer ayrılması daha səmərəli ola bilər. Bu halda rəqabət artacaq, qəbul olunan tələbələrin akademik səviyyəsi yüksələcək və nəticə etibarilə gələcəkdə ümumi orta təhsil müəssisələrində çalışan müəllimlərin peşəkarlığı da artacaq. Hesab edirəm ki, bu yanaşma uzunmüddətli perspektivdə ümumi təhsilin keyfiyyətinin yüksəlməsinə ciddi töhfə verə bilər".

Rusiya ALOV İÇİNDƏ - Zavodlar yanır, əhali təxliyə edilir
Son xəbərlərDaha çox