"Peşə ixtisaslarının yeni təsnifatına 45 yeni ixtisas daxil edilib".
AzEdu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Elm, ali və peşə təhsili şöbəsinin sektor müdiri Səbinə Babayeva “Peşə təhsili üzrə ixtisasların Təsnifatı”nın yenilənməsi məqsədilə keçirilən görüşdə çıxışı zamanı səsləndirib.
"Bu prosesdə peşə assosiasiyaları, ali təhsil müəssisələri və sahə üzrə ekspertlər iştirak edib. Layihə rəy və təkliflərin alınması üçün birbaşa rəhbərlik etdiyiniz və çalışdığınız müəssisələrə göndərilib, daha sonra yekun redaksiya hazırlanıb.
İxtisas təsnifatına dair 10 qurum tərəfindən təkliflər daxil olub. Bunlardan 5-i nazirlik, 3-ü agentlik, 2-si isə sahə üzrə assosiasiyadır.
Təklif verən qurumlar sırasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Turizm Agentliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Mədəniyyət Nazirliyi yer alır.
Eyni zamanda Dövlət Dəniz və Liman Agentliyi, Dövlət Mülki Aviasiya Agentliyi, Azərbaycan Ət Assosiasiyası və Gözəllik Xidməti Sahəsində Sahibkarlara Dəstək İctimai Birliyi ilə də müzakirələr aparılıb.
Bu təkliflər həm təsnifatın metodologiyasına, həm də yeni ixtisaslara aid olub. 95 yeni ixtisasla bağlı təklif təqdim edilib. Bu təkliflərin böyük əksəriyyəti aviasiya və naviqasiya sahələri ilə bağlıdır. Bu da həmin sahələrin nə qədər sürətlə və dinamik inkişaf etdiyini göstərir.
Ən çox yeni ixtisasla bağlı müraciət edən qurum Dövlət Dəniz və Liman Agentliyidir. Agentlik 34 ixtisas üzrə təklif verib. Daha sonra Dövlət Mülki Aviasiya Agentliyi 22 ixtisasla çıxış edib.
Yeni ixtisaslar telekommunikasiya, nəqliyyat, qida istehsalı, sosial xidmətlər və rəqəmsal istehsal texnologiyaları kimi müxtəlif sahələri əhatə edir.
140-dan artıq təklifin bir qismi layihədə yer almayıb. Bununla bağlı təkliflər 4 əsas meyar üzrə qiymətləndirilib. Bunlar beynəlxalq təcrübəyə uyğunluq, digər təhsil pillələri üzrə həmin istiqamətdə kadr hazırlığının aparılması, ixtisasın modul fənn kimi digər ixtisas daxilində tədris olunması imkanı və ixtisas qrupuna uyğunluq məsələləridir.
Beynəlxalq təcrübəyə uyğunluq məsələsində bəzi ixtisasların hansı istiqamətdə yer alması ilə bağlı ciddi müzakirələr olub. Buna nümunə olaraq florist ixtisasını göstərmək olar. Hazırda bu ixtisas bizdə mədəniyyət ixtisasları qrupunda yer alır”.