https://www.zirve.edu.az/
11.12.2019 12:45
Elmi seminar: internet folkloru, yoxsa internetdə folklor

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Hikmət Quliyevin “İnternet folkloru, yoxsa internetdə folklor: yanaşmalar, problemlər və perspektivlər” mövzusunda elmi seminarı keçirilib. Seminarda fakültənin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müəllim heyəti, tələbə kollektivi, eləcə də Folklor İnstitutunun alimləri iştirak ediblər. Bu barədə AzEdu.az-a AMEA-dan bildirilib.

Tədbiri giriş sözü ilə açan BDU-nun Filologiya fakültəsinin Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova qeyd edib ki, son dövrlərdə dünya folklorşünaslıq elminin prioritet istiqamətlərindən birini internet mühitində meydana gələn folklor faktlarının öyrənilməsi təşkil edir. İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş yayılması fonunda xalq yaradıcılığının yeni mühitə transformasiya olunduğunu deyən alim bu faktların öyrənilməsinin zəruriliyini qeyd edib.

Sonra məruzə ilə çıxış edən Hikmət Quliyev bildirib ki, İKT-nin inkişafı, internetin interaktiv müzakirə imkanlarının meydana gəlməsi xalq yaradıcılığı üçün yeni bir platformanın ortaya çıxmasına zəmin yaradıb. Sosial şəbəkələrin folklor yaradıcılığı üçün əlverişli mühitə çevrildiyini söyləyən məruzəçi bu proseslərin getdikcə daha da dərinləşdiyini və mədəni yaradıcılıq faktlarının çoxparametrli analizi üçün zəngin material təqdim etdiyini vurğulayıb.

İnternetin rəqəmsal folklor faktlarının saxlanılması, ötürülməsi və əlçatan şəkildə yerləşdirilməsi mühiti olmaqla yanaşı, yeni folklor yaradıcılığı mühitinə çevrildiyini söyləyən məruzəçi məsələyə yanaşmada fərqli baxışların olduğunu diqqətə çatdırıb. İnternetdə folklorla internet folkloru anlayışlarının müxtəlif məna kəsb etdiyini nəzərə çatdıran alim problemlə bağlı dünyanın görkəmli folklorşünaslarının yanaşmalarını təhlil edib.

Məruzəçi dünyanın və ölkənin gündəmində olan, ictimai rəyin diqqətini cəlb edən ən müxtəlif hadisələrin sürətli şəkildə folklorlaşdığını qeyd edərək, bu kimi folklorik faktların qısamüddətli dövretmə imkanına malik olduğunu vurğulayıb. Bildirib ki, bu faktlar ənənəvi qəlib və sxemlər, həmçinin kollektiv düşüncə və rəy əsasında qurulduğundan onların folklor faktı kimi “tanınması” və ötürülməsi prosesi sürətlə baş verir.

H.Quliyev qeyd edilənlərə əyani nümunə olaraq internet folklorundan bir sıra nümunələrə diqqət yönəldib.

Sonda müzakirələr aparılıb, seminar iştirakçılarının sualları cavablandırılıb.