"Yüksək nəticənin əsas sirri qarşıya məqsəd qoymaq, əzmlə çalışmaq və uğura inanmaqdır".
Bu sözləri MİQ imtahanında kimya fənni üzrə 94 bal toplayan namizəd Könül Əsgərli AzEdu.az-a açıqlamasında bildirib.
"MİQ imtahanında kimya fənni üzrə 94 bal topladım. İmtahan mənim üçün çox uğurlu keçdi və yüksək nəticə əldə etdiyim üçün sevinirəm.
Suallar asan deyildi. Sadəcə olaraq, beş illik müəllimlik təcrübəm olduğu üçün imtahan mənə orta səviyyədə göründü. Kimya fənni kifayət qədər ciddi hazırlıq tələb edir və düşünürəm ki, bu nəticənin əldə olunmasında həm təcrübənin, həm də davamlı çalışmağın böyük rolu var.
Gəncə Dövlət Universitetində iki ixtisas üzrə bakalavr təhsili almışam. Kimya müəllimliyi və Kimya ixtisasları üzrə təhsilimi başa vurmuşam. Beş ildir müəllim kimi fəaliyyət göstərirəm və bu müddətdə İmişli rayonunda çalışmışam. Həmçinin müəllimlərin sertifikatlaşdırılması imtahanında 51 bal toplamışam.
Mənə görə, yüksək nəticənin əsas sirri əzm və məqsədyönlü olmaqdır. İnsan ilk növbədə qarşısına konkret hədəf qoymalı, sonra isə həmin hədəfə çatmaq üçün yorulmadan çalışmalıdır. Ən vacibi isə uğur qazanacağına inanmaqdır.
MİQ imtahanında istədiyi nəticəni əldə edə bilməyən namizədlərə demək istəyirəm ki, bu, son deyil. Qarşıda onları yeni imkanlar və imtahanlar gözləyir. Hər kəs yenidən özünü sınaya və daha yüksək nəticə əldə edə bilər. Mən də vaxtilə bugünkü nəticənin xəyalını qururdum. Ona görə də inanıram ki, əzmlə çalışan hər bir namizəd öz məqsədinə çata bilər.
Gələcəkdə pedaqoji fəaliyyətimi Bakı şəhərində davam etdirmək istəyirəm".