Sosial şəbəkələrdən az istifadə edən gənclərin yuxu və diqqət göstəriciləri yaxşılaşır.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Böyük Britaniyada 13-17 yaşlı yeniyetmələr arasında aparılan araşdırma sosial şəbəkələrdən istifadəyə müəyyən məhdudiyyətlərin tətbiqinin onların psixoloji və fiziki rifahına müsbət təsir göstərdiyini ortaya qoyub.
Araşdırma çərçivəsində iştirakçıların bir qismində sosial şəbəkələrdən gündəlik istifadə müddəti məhdudlaşdırılıb, digər qismində isə gecə saatlarında tətbiqlərə giriş dayandırılıb. Nəticələr göstərib ki, sosial şəbəkələrdən daha az istifadə edən yeniyetmələr daha tez yuxuya getdiklərini, özlərini daha gümrah hiss etdiklərini və dərs zamanı diqqətlərini daha yaxşı cəmləşdirə bildiklərini bildiriblər.
Tədqiqat zamanı yeniyetmələrin ailə üzvləri ilə daha çox vaxt keçirdiyi və gündəlik fəaliyyətlərə maraqlarının artdığı da müşahidə olunub. Bununla yanaşı, bəzi iştirakçılar sosial şəbəkələrdən uzaq qalmağın ilkin mərhələdə narahatlıq və dostları ilə ünsiyyətin azalması kimi çətinliklər yaratdığını qeyd ediblər.
Mütəxəssislər bildirirlər ki, əldə olunan nəticələr gənclərin rəqəmsal mühitdən tamamilə uzaqlaşdırılmasının deyil, sosial şəbəkələrdən balanslı və nəzarətli istifadənin vacibliyini bir daha göstərir. Onların fikrincə, xüsusilə gecə saatlarında sosial şəbəkələrdən istifadənin məhdudlaşdırılması yeniyetmələrin həm yuxu keyfiyyətinə, həm də akademik göstəricilərinə müsbət təsir göstərə bilər.