Azedu.az

MİQ-də yüksək bal toplayan namizəd: “Sualları görəndə həyəcanım azaldı”

MİQ

18 İyul 2026, 13:51
MİQ-də yüksək bal toplayan namizəd: “Sualları görəndə həyəcanım azaldı”

"MİQ-də yüksək nəticə üçün nəzəri biliklə yanaşı, davamlı praktika da vacibdir".

Bu sözləri MİQ imtahanında ingilis dili müəllimliyi üzrə 89,5 bal toplayan namizəd Gülzar Qurbanova AzEdu.az-a açıqlamasında bildirib.

"Azərbaycan Dillər Universitetinin bakalavr pilləsi üzrə məzunuyam. Magistratura təhsilim yoxdur. Bu gün ingilis dili müəllimliyi üzrə MİQ imtahanında iştirak etdim və 89,5 bal topladım.

İmtahan ümumilikdə çox yaxşı keçdi. Suallar müxtəlif çətinlik səviyyələrində hazırlanmışdı. Həm asan, həm orta, həm də çətin suallar var idi. Kurikulum üzrə bəzi suallar daha düşündürücü və çaşdırıcı idi. Cavab variantları bir-biri ilə əlaqəli olduğundan seçim etmək müəyyən qədər diqqət tələb edirdi. İxtisas sualları isə davamlı praktika etdiyim üçün mənə o qədər də çətin gəlmədi.

Əslində, özümdən daha yüksək nəticə gözləyirdim. Bir neçə sualda səhv cavablarım düzgün cavablarımı apardığı üçün 90 bal həddini keçə bilmədim.

Məncə, MİQ imtahanında uğur qazanmaq üçün ilk növbədə düzgün istiqamətləndirilmək vacibdir. Bu, müəllim və ya daha əvvəl imtahanda iştirak etmiş namizəd tərəfindən ola bilər. Bununla yanaşı, davamlı praktika etmək çox önəmlidir. Yalnız nəzəri biliklə kifayətlənmək olmaz, testlər üzərində mütəmadi işləmək də yüksək nəticə əldə etməyə kömək edir.

İmtahan zamanı həyəcan keçirmək isə tamamilə normaldır. Mən də həyəcanımı hər zaman tam idarə edə bilmirəm. Amma düşünürəm ki, sualları gördükdən sonra insan müəyyən qədər rahatlaşır. Əsas məsələ həyəcanın nəticəyə mənfi təsir göstərməsinə imkan verməməkdir. Namizədlər bunu özləri üçün problemə çevirməməlidirlər.

Bir il daimi əsaslarla müəllim kimi fəaliyyət göstərmişəm, həmçinin beş ay müddətində müqavilə əsasında işləmişəm. 

Hazırda isə kursda çalışıram. Gələcəkdə fəaliyyətimi Bakı məktəblərindən birində davam etdirmək istəyirəm. Vakansiya seçimi zamanı uyğun məktəbi müəyyənləşdirəcəyəm."

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox