Azedu.az

“Rayonda işləməyi düşünürəm” - MİQ-də 90 bal toplayan namizəd

MİQ

18 İyul 2026, 17:31
“Rayonda işləməyi düşünürəm” - MİQ-də 90 bal toplayan namizəd

"Yüksək nəticənin sirri öz ixtisasını dərindən bilmək və təcrübəni daim biliklə birləşdirməkdir".

Bu sözləri MİQ imtahanında kimya fənni üzrə 90 bal toplayan namizəd Ayşən Dadaşova AzEdu.az-a açıqlamasında bildirib.

"MİQ imtahanında kimya fənni üzrə 90 bal topladım. Bu, imtahanda üçüncü iştirakım idi. Bundan əvvəl 2022-ci ildə 85, 2025-ci ildə isə 85,5 bal toplamışdım. Bu il nəticəmi daha da yaxşılaşdırdığım üçün çox sevinirəm.

İmtahan ümumilikdə rahat keçdi. Ən çox metodika suallarının çətin olacağını düşünürdüm, lakin bu hissə mənə rahat gəldi. İxtisas sualları isə müxtəlif səviyyələrdə idi – həm asan, həm orta, həm də çətin suallar yer almışdı. Bir sual üzərində daha çox düşündüm və inanıram ki, onu da düzgün cavablandırmışam.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya ixtisası üzrə bakalavr təhsili almışam. Magistratura təhsilim yoxdur. Artıq dörd ildir ki, Hacıqabul rayonunun Muğan qəsəbəsində müəllimlik fəaliyyəti ilə məşğulam.

İxtisas üzrə hazırlıq prosesində müəllimimin dəstəyindən yararlanmışam. Kurikulum üzrə isə əsasən müəllimlərin YouTube platformasında paylaşdıqları videolardan istifadə etmişəm.

Mənə görə, yüksək nəticə qazanmağın əsas sirri öz ixtisasını dərindən bilmək və daim öz üzərində çalışmaqdır. Müəllim bütün mövzulara dərindən yiyələnməli və dərsliklərdəki məlumatları diqqətlə mənimsəməlidir. Bununla yanaşı, pedaqoji təcrübənin də böyük rolu var. Şagirdlərlə işlədikcə insan özü də öyrənir. Bəzən diqqətdən yayınan bir məqamı şagirdin sualı vasitəsilə yenidən araşdırmalı olursan və sonradan həmin bilik imtahanda qarşına çıxır. Başqasına öyrətmək insanın özünün də daha yaxşı öyrənməsinə kömək edir.

Gələcəkdə fəaliyyətimi harada davam etdirəcəyim ailə vəziyyətimdən asılı olacaq. Hazırda rayonda yaşayıram və burada qalmağı düşünürəm. Lakin gələcəkdə Bakıda işləmək imkanım yaranarsa, bu fürsəti də dəyərləndirmək istərdim".

Ceyhun Bayramov Lavrovu MAT QOYDU - Ukrayna müharibəsini pislədi
Son xəbərlərDaha çox