Azedu.az

Beynəlxalq fənn olimpiadası qalibləri ilə görüş keçirilib

Ali təhsil

16 İyul 2026, 16:49
Beynəlxalq fənn olimpiadası qalibləri ilə görüş keçirilib

Azərbaycan Respublikasında elmi potensialın inkişaf etdirilməsi, intellektual resursların formalaşdırılması və istedadlı gənclərin dəstəklənməsi istiqamətində həyata keçirilən ardıcıl dövlət siyasətinin mühüm tərkib hissəsi olaraq Sumqayıt Dövlət Universitetində (SDU) 56-cı Beynəlxalq Fizika Olimpiadasında (IPhO) ölkəmizi uğurla təmsil edərək mühüm nailiyyət qazanan şagirdlər Zeynəb Məhəmmədli və Bəxtiyar Ağayev rektor, texnika elmləri doktoru, professor Nurəli Yusifbəyli tərəfindən qəbul ediliblər.

Sumqayıt Dövlət Universitetindən (SDU) AzEdu.az-a verilən məlumata görə, olimpiada qaliblərini səmimi qəlbdən təbrik edərən rektor vurğulayıb ki, beynəlxalq elmi yarışlarda qazanılan uğurlar yalnız fərdi istedadın deyil, həm də sistemli hazırlığın, yüksək intellektual potensialın, müəllim əməyinin və ölkədə formalaşan müasir təhsil mühitinin məntiqi nəticəsidir. Qeyd edilib ki, belə nailiyyətlər Azərbaycanın beynəlxalq elmi nüfuzunun möhkəmlənməsinə, ölkənin intellektual potensialının tanıdılmasına və gənc nəslin elmə marağının daha da gücləndirilməsinə mühüm töhfə verir.

Professor Nurəli Yusifbəyli bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətində elm, təhsil və insan kapitalının inkişafı strateji prioritetlər sırasında xüsusi yer tutur. Dövlət başçısının "Biz neft kapitalını insan kapitalına çevirməliyik" strateji yanaşması ölkədə elmi biliklərin, innovasiya mədəniyyətinin və yüksək ixtisaslı insan resurslarının formalaşdırılmasına yönəlmiş ardıcıl islahatların ideoloji əsasını təşkil edir. Bu baxımdan beynəlxalq olimpiadalarda əldə olunan nəticələr ölkəmizdə istedadlı gənclərin inkişafı üçün yaradılmış əlverişli mühitin və həyata keçirilən məqsədyönlü siyasətin mühüm göstəricilərindən biridir. Xüsusi ilə beynəlxalq fənn olimpiadalarında əldə olunan nəticələr ölkədə istedadlı şagirdlərin aşkara çıxarılması Elm və Təhsil Nazirliyinin məktəblilərin beynəlxalq olimpiadalara hazırlığı istiqamətində həyata keçirdiyi sistemli fəaliyyətin nəticəsidir.

Rektor çıxışı zamanı müasir dövrdə dövlətlərin rəqabət qabiliyyətinin bilik iqtisadiyyatı, elmi tədqiqatlar, innovativ texnologiyalar və yüksək intellektual insan kapitalı üzərində formalaşdığını diqqətə çatdırıb. O qeyd edib ki, süni intellekt, rəqəmsal transformasiya və innovasiya proseslərinin sürətlə inkişaf etdiyi müasir mərhələdə fundamental elmlərə marağın artırılması, gənclərdə tədqiqat təfəkkürünün formalaşdırılması və beynəlxalq elmi mühitə inteqrasiyanın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə beynəlxalq olimpiadalarda əldə edilən uğurlar gələcək elmi kadr potensialının formalaşdırılması baxımından mühüm strateji əhəmiyyətə malikdir.

Olimpiada qaliblərinə gələcək təhsil və elmi fəaliyyətlərində yeni uğurlar arzulayan rektor onların qazandıqları nailiyyətləri minlərlə məktəbli üçün motivasiya mənbəyi kimi dəyərləndirib. 

Görüş çərçivəsində olimpiada qalibləri ilə səmimi fikir mübadiləsi aparılıb, onların gələcək təhsil planları, elmi maraq dairələri və innovasiya sahəsində hədəfləri müzakirə olunub. Rektor Nurəli Yusifbəyli şəxsi elmi-pedaqoji təcrübəsindən örnəklər verərək gənclərə fundamental biliklərin, tənqidi düşüncənin və fasiləsiz özünüinkişafın müasir dövrün əsas uğur amilləri olduğunu bildirib. O, qalibləri Sumqayıt Dövlət Universitetində həyata keçirilən elmi-tədqiqat, innovasiya, startup və beynəlxalq əməkdaşlıq layihələrində fəal iştirak etməyə dəvət edib, universitetin onların gələcək elmi inkişafı üçün hərtərəfli dəstək göstərməyə hazır olduğunu dilə gətirib.

Görüş zamanı olimpiada qaliblərinin əldə etdikləri uğurlarda əməyi olan müəllimlərə və valideynlərə minnətdarlıq ifadə olunub, onların gənc nəslin formalaşmasında oynadıqları mühüm rol xüsusi qeyd edilib.

Tədbir xatirə fotosunun çəkilməsi ilə başa çatıb.

Rusiyada azərbaycanlılara hücum başladı- Kreml Bakıya diş qıcayır
Son xəbərlərDaha çox