Azedu.az

BMU-İNHA ikili diplom proqramına qəbul başlayır

Ali təhsil

16 İyul 2026, 11:37
BMU-İNHA ikili diplom proqramına qəbul başlayır

Bakı Mühəndislik Universiteti ilə Koreya (Cənubi) Respublikasının İNHA Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramına (BMU- İNHA İDP) 2026/2027-ci tədris ili üzrə qəbul prosesi başlayır.

AzEdu.az xəbər verir ki, proqrama qəbul iki mərhələdən ibarətdir. Namizədlər ilk olaraq Dövlət İmtahan Mərkəzinin (DİM) 2026-cı il üzrə bakalavriat səviyyəsi üzrə qəbul imtahanlarında iştirak etməli və BMU-İNHA İDP üçün müəyyən edilmiş keçid balını toplamalıdırlar. Bundan sonra müraciət edənlər İNHA Universitetinin təşkil etdiyi riyaziyyat, fizika və ingilis dili fənləri üzrə yazılı daxili imtahandan uğur qazanmalıdırlar.

Proqrama onlayn qeydiyyat və sənəd qəbulu 16 iyul - 1 avqust 2026-cı il tarixlərində həyata keçiriləcək. Namizədlər tələb olunan sənədləri 16 iyul tarixindən etibarən aktiv olacaq onlayn anket forması vasitəsilə təqdim edə biləcəklər. Sənədlərin qəbulunun son tarixi 1 avqust saat 23:55-dir. BMU-İNHA İDP-yə qəbul üçün daxili imtahan 4 avqust 2026-cı ildə keçiriləcək. Nəticələr isə 6 avqust tarixində elan olunacaq.

Qəbul olunan namizədlərin siyahısı Elm və Təhsil Nazirliyinə təqdim edilərək DİM-də rəsmi qeydiyyata alınacaq. Proqrama qəbul qazanan abituriyentlər rəsmi BMU-İNHA İDP tələbəsi statusu əldə etdiklərinə görə DİM-in ixtisas seçimi (kodlaşdırma) mərhələsində iştirak etməyəcəklər. Proqrama qəbul olunmayan namizədlərin isə DİM-in ixtisas seçimi prosesində iştirak etmələri üçün kifayət qədər vaxt nəzərdə tutulub.

BMU-İNHA İDP “2019 - 2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması Dövlət Proqramı” çərçivəsində 2020-ci ildən icra olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına əsasən proqramın icra müddəti 2030-cu ilədək uzadılıb.

2026/2027-ci tədris ili üzrə proqram çərçivəsində “Kompüter elmləri” (Süni intellekt mühəndisliyi), “Data analitikası” (Data elmləri), “İnformasiya texnologiyaları” və “Elektrik və elektronika mühəndisliyi” ixtisasları üzrə qəbul aparılacaq. Hər bir ixtisas üzrə 26 tələbənin qəbul olunması planlaşdırılır. Proqramın tədrisi 3+1 modelinə əsaslanır. Tələbələr 3 il BMU-da, 1 il isə İNHA Universitetində təhsil alacaqlar. Təhsil müddətinin sonunda məzunlara hər iki universitet tərəfindən bakalavr səviyyəsi üzrə diplom təqdim ediləcək.

Xatırladaq ki, cari il 113 tələbə məzun adını qazanaraq hər iki universitetin bakalavr diplomuna yiyələnib. Bununla da proqram üzrə məzunların ümumi sayı 256 nəfərə çatıb.

İranda xalq ayağa qalxdı - Putin təcili təyyarə göndərdi
Son xəbərlərDaha çox