Azedu.az

BMU-İNHA ikili diplom proqramında təhsil alan tələbələrin valideynləri ilə görüş olub

Ali təhsil

15 İyul 2026, 17:46
BMU-İNHA ikili diplom proqramında təhsil alan tələbələrin valideynləri ilə görüş olub

Bakı Mühəndislik Universitetində Koreya Respublikasının İNHA Universiteti ilə birgə həyata keçirilən ikili diplom proqramına (BMU - İNHA İDP) 2025 - 2026-cı tədris ili üzrə qəbul olunan tələbələrin valideynləri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, görüşdə BMU rəhbərliyi, İDP-nin koordinatorları, akademik və inzibati heyətin nümayəndələri iştirak ediblər.

Görüş zamanı proqramın icra prosesi və qarşıdakı mərhələlər barədə valideynlərə ətraflı məlumat verilib. Eyni zamanda, 2020-ci ildən uğurla icra olunan proqram üzrə artıq 256 tələbənin məzun olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, BMU-İNHA İDP-nin mühüm üstünlüklərindən biri tələbələrin beynəlxalq akademik mühitdə təcrübə qazanmasına imkan yaratmasıdır. Bu çərçivədə tələbələrin 4 illik təhsil müddətində bir dəfə Cənubi Koreyada təşkil olunan 3 həftəlik yay məktəbində iştirakı ilə bağlı məsələlərə aydınlıq gətirilib. 

Eyni zamanda, 2025-2026-cı tədris ili üzrə proqrama qəbul olunan 96 tələbənin növbəti il Cənubi Koreyada keçiriləcək yay məktəbində iştirakının planlaşdırıldığı, bununla bağlı tərəfdaş qurumlarla yekun razılıq əldə olunduğu bildirilib.

İclasda vurğulanıb ki, yay məktəbi tələbələrə beynəlxalq təhsil mühiti ilə yaxından tanış olmaqla yanaşı, akademik əlaqələr qurmaq və fərqli mədəniyyətləri daha yaxından öyrənmək imkanı yaradacaq. 

Qarşılıqlı fikir mübadiləsi və səmərəli müzakirələr şəraitində keçən tədbirin sonunda valideynlərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran suallar ətraflı cavablandırılıb.

TƏCİLİ! İrəvanın mərkəzində atışma - Nə baş verir?
Son xəbərlərDaha çox