Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-22 12:19:00
Məktəblilər talassemiya xəstəliyinin yaranma səbəbləri barədə məlumatlandırılıb

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində talassemiya ilə mübarizəyə dair tədbirlər keçirilib.

BŞTİ-dən AzEdu.az-a verilən  məlumata görə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planının icrası çərçivəsində keçirilən tədbirlərdə məktəb həkimləri, rayon poliklinikalarının əməkdaşları, müəllimlər, valideynlər və şagirdlər iştirak ediblər.

Bu sahədə maarifləndirmə işinin, sosial səfərbərliyin təmin edilməsi və talassemiyanın profilaktikasının gücləndirilməsi məqsədilə “Talassemiya ilə mübarizə”, “Əhali arasında talassemiyanın profilaktikası işinin həyata keçirilməsi”, “Talassemiya daşıyıcılarının aşkar edilməsi məqsədilə tibbi-genetik müayinələrin aparılması”, “Talassemiya daşıyıcısı nə deməkdir?”, “Sağlam ailə sağlam gələcəyin təminatıdır”, “Talassemiyasız gələcək naminə” və digər mövzularda sinif təşkilat saatları, seminar, mühazirə və dəyirmi masalar təşkil olunub.

Müvafiq mövzuya həsr olunmuş “Açıq dərs”lərdə xəstəliyin profilaktikası üçün cəmiyyətin maarifləndirilməsinin vacibliyi qeyd olunub.

Tədbirlərdə məktəblilərə xəstəliyin yaranma səbəbləri izah edilib, bu xəstəliyin profilaktikası və müalicəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər arasında talassemiya xəstəliyi haqqında sorğu keçirilib, mövzu ilə bağlı videoçarx nümayiş etdirilib.