https://www.zirve.edu.az/
26.04.2018 16:59
Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Maarifçilik ideyalarına görə güllələnən Cümhuriyyət  alimi və əlifba “inqilabçısı” - ARAŞDIRMA

Abdulla Tağızadə 1897-ci il martın 17-də Gəncə şəhərində anadan olub. İlk təhsilini məhəllədəki ibtidai məktəbdə alan Abdulla, daha sonra Gəncə gimnaziyasında oxuyub. O, 1916-cı ildə gimnaziyanı  uğurla başa vurub və Moskva Universitetinin hüquq fakültəsinə daxil olub. Bir il sonra Rusiyanı bürümüş inqilab dalğası səbəbiylə Gəncəyə dönərək vətəninin azadlığı və istiqlalı uğrunda mübarizəyə başlayıb.

O, ölkədə xüsusən əlifba islahatına böyük maraq göstərib. 1919-cu ildə yeni yaradılan Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olaraq Azərbaycan Xalq Cümuriyyəti Maarif Nazirliyi yanında yaradılan əlifba komissiyasında fəaliyyət göstərir və öz təkliflərini verir.

 Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda sıravi əsgər kimi xidmət etdiyi illərdə bolşeviklər yerli sosialistlərin yardımı ilə Bakını işğal edir və milli höküməti, hakimiyyəti təhvil verməyə məcbur edirlər. 1920-ci ilin mayın sonlarında Gəncədə bolşeviklərə qarşı baş verən üsyan xüsusi qəddarlıqla yatırılır.

 1920-ci ildə Maarif Komissarlığında texniki katib, “Qaçqınlar və əziyyət çəkənlərə kömək üçün yaradılan xüsusi komissiya”da müavin, 1921-ci ildən Xalq Torpaq Komissarlığının “Əkinçi” jurnalında məsul katib işləyən və Bakı Sovetinin üzvü olan Abdulla Tağızadə təhsil sahəsindəki bilik və təcrübəsini tətbiq etmək üçün maarif sahəsində xidmətə başlayır.

 Yazıçı Ədalət Tahirzadənin araşdırmalarına görə 1922-ci ildə Azərbaycan Xalq Maarif Komissarlığının Məktəbdənkənar İdarəsində işə girən Abdulla Tağızadə həmin ilin iyulun 1-də Məktəbdənkənar Tərbiyə İdarəsinin Müdir müavini təyin olunur. O, burada cəmi üç ay işləyir.

 1922-ci ildə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi yanında Yeni Əlifba Komitəsi yaradılır. Komitəyə noyabr ayının 20-dək, tanınmış dilçı alim Fərhad Ağazadə rəhbərlik edir. Abdulla Tağızadəni də bu komitəyə işə  dəvət edirlər. O, Səmədağa Ağamalıoğlu, Fərhad Ağazadə, Xudadat Məlikaslanov, Əhməd Pepinovla birgə komitənin rəhbər heyətinə seçilir.

 

 Araşdırmaçı Əli Şamil AzEdu-az açıqlamasında A.Tağızadənin bundan sonrakı fəaliyyəti haqqında çox maraqlı faktlara toxunur:

 “Fərhad Ağazadə ilə tanışlıq və Yeni Əlifba Komitəsində işə girməsi Abdulla Tağızadənin ömür yolunu müəyyənləşdirir. O, bir dilçi alim kimi formalaşır. Fərhad Ağazadə xəstəliyinə görə müalicəyə getdiyindən  komitəyə Abdulla  Tağızadə rəhbərlik etməli olur. Yeni Əlifba Komitəsinin Azərbaycanın Şuşa, Qazax, Tovuz, Gəncə, Şəki, Ağdam və b. bölgələrdə, eləcə də Türküstanda, Tbilisidə, İrəvanda şöbələri yaradılır.

 Yeni Əlifba Komitəsinin 1924-cü il aprelin 25-də keçirilən toplantısında Fərhad Ağazadə və Abdulla Tağızadənin fəaliyyəti xüsusilə qeyd olunur”.

 Abdulla Tağızadə, Maarif Komissarlığının sərəncamı ilə 1924-cü ildə Leninqrad şəhərindəki Şərq Dilləri İnstituna oxumağa göndərilir. O, həm də Leninqrad Dövlət Universitetinin dil və mədəniyyət fakültəsinə daxil olur. Burada professor A.N.Samoyloviçlə dostluq edən Abdulla 1925-ci ildə Leninqradda Bəkir Çobanzadə ilə tanış olur. Bu tanışlıq sonralar onlar arasında möhkəm dostluğa çevrilir.

 Təhsil üçün bir müddət vətəndən uzaqda yaşasa da o, Azərbaycan ziyalıları və milli təfəkkürlü insanlar ilə əlaqəsini kəsmir. 1926-ci ildə Bakıda kecirilən I Türkoloji Qurultaya qatılır.

 Ali təhsili başa vurub aspiranturaya daxil olan Abdulla Tağızadə 1928-ci ildə Azərbaycan Maarif Nazirliyi tərəfindən ölkəyə dəvət olunur. O, Ümumittifaq Yeni Əlifba Komitəsinin “Kultura i pismennos Vostoka” toplusunda məsul katib işləyir. Ali məktəbdə “Qədim türk dilləri” fənnindən, Azərbaycan Elmi Tədqiqat İnstitunda aspirantlara “Qədim Türk dillərinin yazılı abidələri” və “Türk dillərinin qramatikası” fənnlərindən mühazirələr oxuyur, eləcə də Marksizim-Leninizm İnstitutunda Azərbaycan türkcəsi fənnini tədris edir.

Əli Şamili dinləyək:

 “1930-cu ildə Ali Pedaqoji İnstitutunun dossenti seçilən Abdulla Tağızadə dərs deməklə, tədris kitabları yazmaqla kifayətlənmir O, milli düşüncəyə sahib olan ziyalı kimi gizli antisovet təşkilatının işində də fəal iştirak edir.

 Ümumittifaq Yeni Əlifba Komitəsinin fəallarından olan Abdulla Tağızadə Türk xalqlarının yaşadığı bölgələrdə keçirilən toplantılara, konfranslara da qatılır. O, həmin toplantılarda milli şüuru oyadacaq fikirlər söyləyir, həm də həmin bölgədəki gizli antisovet təşkilatlarla əlaqə yaradır.

Abdulla Tağızadə Azərbaycan Elmi-Tədqiqat İnstitunda, dil-ədəbiyyat və sənət şöbəsində elmi işçi, sonra isə dilçilik və terminologiya şöbəsinin müdiri işləyir, “Türk-tatar dillərinin tarixi sərf-nəhvi” kitabını nəşr etdirir.

VIII-IX əsr qədim uyğur abidəsi “Huastuanift”in mətnini nəşrə hazırlayır, ona sözlük yazıb, abidə haqqında qiymətli fikirlər söyləyir.

 692-693-cü illərdə yazıldığı güman edilən, Tonyuququn qəbirüstü abidəsi üzərindəki mətni çapa hazırlayan Abdulla Tağızadə “Qədim türk dilləri və yazılı abidələrinin öyrənilməsi üsulu və yolları”, “Dil haqqında elmin inkişaf tarixi”, “Azərbaycan dili və şivələrinin izahlı lüğəti” həmçinin Xalid Xocayevlə birlikdə “Müxtəsər üslübiyyat” əsərlərini yazmaqla dilçilik elmimizə yeni nəfəs qazandırır..”

 Azərbaycanı Tədqiqetmə Cəmiyyətinin Rəyasət Heyətinin üzvü, 1932-ci ildən Marksizm-Leninizm İnstitutunun dil üzrə fənn komissiyasının sədri olan Abdulla Tağızadə, həmişə təqib edildiyini hiss edir.

Ancaq o, öz əqidəsindən dönmür, türkologiyanın inkişafı sahəsində yorulmadan xidmət göstərir.

1937-ci ildə Azərbaycanda milli təfəkkürə sahib olan insanların repressiyası başladığı vaxt Abdulla Tağızadə də həbs olunur.

İstintaq işini müstəntiq Qriqoryan aparır. Onun “Vahid Türk Tatar dövləti yaratmaq istəyənlər haqqında nə deyə bilərsən?” sualına Bəkir Çobanzadə cavab olaraq deyir:

“Apardığımız milli mübarizədə üçüncü qrup Azərbaycan ziyalılarından ibarət idi. Onlara İsmayıl Hikmət rəhbərlik edirdi. 1927-ci ildə həmin qrupa mən rəhbərlik etməyə başladım.” Beləcə, Abdulla Tağızadə istintaqda Vahid Türk Tatar dövləti qurmaq istəyənlərin sırasında olduğunu etiraf edir.

Erməni müstəntiq Qriqoryanın apardığı istintaq işinin hansı hökmlə bitəcəyi əvvəlcədən məlum idi.

 1937-ci ilin martın 18-də Abdulla Tağızadə uzun sürən işgəncəli istintaqdan sonra 1938-ci il yanvarın 12-də güllələnir. İstintaq materiallarında onun evindən aparılan əsərlərin yandırıldığı da qeyd olunur.

 Abdulla Tağızadə öldürülsə də onun ideyalarını məhv etmək mümkün olmadı. 40 il sonra Rusiya əsarətində olan türk xalqlarının bir qismi artıq öz azadlığına qovuşdu.