Alimlər Şimali İrlandiyanın ən məşhur təbiət abidələrindən biri olan Giant’s Causeway (Nəhənglər yolu) ilə bağlı mühüm geoloji kəşfə imza atıblar. Yeni araşdırma bu unikal bazalt sütunlarının yaranması haqqında indiyədək qəbul edilən elmi təsəvvürləri dəyişdirib.
AzEdu.az xarici KİV-ə istinadən xəbər verir ki, Böyük Britaniyanın Geoloji Xidməti (BGS) və Şimali İrlandiya Geoloji Xidmətinin (GSNI) tədqiqatçıları müəyyən ediblər ki, bölgədəki vulkanik proseslər əvvəllər hesab edildiyi kimi 13,5 milyon il deyil, cəmi 5,5 milyon il ərzində baş verib. Bu isə vulkanik fəaliyyətin düşünüldüyündən xeyli daha sürətli olduğunu göstərir.
Araşdırmaya görə, təxminən 60 milyon il əvvəl baş vermiş güclü vulkan püskürmələri nəticəsində ərimiş lava soyuyaraq bu gün Giant’s Causeway-də görünən təxminən 40 min altıbucaqlı bazalt sütununu əmələ gətirib. Alimlər həmçinin bu prosesin yalnız Şimali İrlandiya ilə məhdudlaşmadığını, Qrenlandiya və Şotlandiyaya qədər uzanan qlobal miqyaslı vulkanik hadisənin bir hissəsi olduğunu müəyyən ediblər.
Tədqiqatın müəlliflərindən, geoxronoloq Simon Tapster bildirib ki, yeni tarixləndirmə metodları sayəsində Şimali Atlantik regionundakı vulkanik süxurlar ilk dəfə vahid geoloji zaman xəttində dəqiq şəkildə əlaqələndirilib. Bu nəticələr Paleogen dövründə Yer kürəsində baş verən geoloji dəyişikliklərin daha yaxşı başa düşülməsinə imkan yaradır.
Mütəxəssislərin fikrincə, yeni kəşf təkcə Giant’s Causeway-in yaranma tarixini yenidən yazmır, həm də Şimali Atlantik regionunun vulkanik keçmişinin öyrənilməsində mühüm addım hesab olunur.