Oulu Universiteti və Queen Mary Universitetinin alimlərinin Science jurnalında dərc olunan yeni araşdırması arıların gözləniləndən daha inkişaf etmiş idrak qabiliyyətlərinə malik olduğunu ortaya çıxarıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, tədqiqatda bambus arılarının çətin əlçatan mükafata çatmaq üçün ətrafdakı obyektlərdən “alət” kimi istifadə edə bildiyi müşahidə olunub.
Təcrübə zamanı arılar tavana yerləşdirilən süni çiçəyə çatmaq üçün otaqdakı strafor toplarını yuvarlayaraq çiçəyin altına düzür və bu toplardan pilləkən kimi istifadə edərək hədəfə çatırdılar. Əvvəlcədən heç bir öyrədilmə almayan arıların təxminən 75%-i bu tapşırığı özləri həll etməyi bacarıb.
Tədqiqatçılar bu nəticələrin böcəklərin yalnız instinktlə hərəkət etdiyi düşüncəsini sual altına aldığını bildiriblər. Təcrübənin növbəti mərhələsində işıq şəraiti dəyişdirilib və arıların vizual ipucları olmadan da eyni strategiyanı tətbiq etdiyi müşahidə olunub. 30 arıdan 23-ü topu düzgün yerə yuvarlayaraq hədəfə çatıb.
Alimlər bu nəticələrin kiçik sinir sisteminə malik canlıların da çevik problem həll etmə qabiliyyətinə sahib ola biləcəyini göstərdiyini vurğulayıb və “zəka yalnız böyük beyinlərə məxsusdur” fikrini zəiflətdiyini qeyd ediblər.