Müəllimlərin sertifikasiya imtahanına sayılı günlər qalıb.
Bu il tarix, təsviri incəsənət, texnologiya, musiqi və fiziki tərbiyə müəllimləri üçün ilk dəfə imtahan keçiriləcək.
Eyni zamanda, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili - rus bölməsi, alman dili, fransız dili və s.) müəllimləri də sertifikasiyada iştirak edəcəklər.
AzEdu.az Təhsil Portalı ilk dəfə imtahan verən müəllimlərin hazırkı hazırlıq səviyyəsini, gözləntilərini və təəssüratlarını öyrənməyə çalışıb.
Onlardan biri də Xırdalan şəhər 11 nömrəli tam orta məktəbdə ingilis dili müəllimi Fidan Heydərovadır.
6 ildir ki, pedaqoji fəaliyyətlə məşğul olan Fidan müəllim ötən il MİQ-də iştirak edərək 94,5 bal toplayıb.
"İki il müddətində müqavilə əsasında çalışmışam, son dörd ildir isə daimi müəllim kimi fəaliyyət göstərirəm. Bu səbəbdən də bu il sertifikasiya imtahanında iştirak edəcəyəm. Əslində, bütün imtahanlar kimi, bu imtahana da müəyyən həyəcanla hazırlaşıram.
Lakin düşünürəm ki, ixtisasını yaxşı bilən, xüsusilə repetitor kimi fəaliyyət göstərən və daim şagirdlərlə işləyən müəllimlər üçün sertifikasiya imtahanı o qədər də qorxulu proses deyil. Əksinə, bu, müəllimin xeyrinə olan bir mexanizmdir. İnsan öz üzərində işləyir, biliklərini yeniləyir və daha da təkmilləşməyə çalışır.
Son bir ayda daha çox kurikulum istiqamətində hazırlıq aparıram. İxtisas hissəsini yüksək səviyyədə yazacağıma inanıram. Hətta düşünürəm ki, buna borcluyam. Çünki şagirdlərimin qarşısında mənim əsas vəzifəm öz fənnimi mükəmməl bilməkdir".
Yüksək nəticə göstərəcəyimə inanıram və özümdən də bunu gözləyirəm:
"Müsahibə mərhələsini isə prosesin ən asan hissəsi hesab edirəm. Hesab edirəm ki, hazırda həm buraxılış, həm MİQ, həm də sertifikasiya imtahanlarında reading bacarıqları daha çox ön plana çıxır. Son illərin təcrübəsi də bunu göstərir. Buna görə müəllimlərin bu istiqamətdə özlərini daha çox inkişaf etdirmələri məqsədəuyğundur.
Mən müəllimlərin hazırlıq kurslarına qoşulmasına da müsbət yanaşıram.
Əgər hansısa müəllim müəyyən mövzuda dəstəyə ehtiyac duyursa, öyrənməkdən və sual verməkdən çəkinməməlidir. Lakin repetitorluq fəaliyyəti ilə məşğul olan, xüsusilə yuxarı sinif şagirdləri ilə çalışan müəllimlər üçün buna ciddi ehtiyac olduğunu düşünmürəm. Çünki biz şagirdlərimizə həm bilik, həm də psixoloji dəstək verə biliriksə, eyni yanaşmanı özümüzə də tətbiq etməyi bacarmalıyıq".
Hazırlıq prosesi mənim üçün kifayət qədər rahat keçir:
"Düşünürəm ki, bunun əsas səbəbi ötən il MİQ imtahanında iştirak etməyimdir. Həmin imtahana ciddi şəkildə hazırlaşdığım üçün bu il sertifikasiya prosesi mənə daha rahat görünür. Həmkarlarımla və digər müəllimlərlə mütəmadi olaraq fikir mübadiləsi aparıram. Müşahidələrim göstərir ki, şagirdləri ilə yüksək nəticələr əldə edən müəllimlərin MİQ və sertifikasiya göstəriciləri də adətən yüksək olur. Düzdür, MİQ-də daha mürəkkəb suallara rast gəlinir. Amma sertifikasiyada yüksək nəticə əldə etmək üçün məktəb dərsliklərini yaxşı bilmək kifayət edir.
Sertifikasiya prosesini ümumilikdə yüksək qiymətləndirirəm. Düşünürəm ki, hər bir müəllim öz üzərində işləməlidir və bunun müəyyən meyarlarla qiymətləndirilməsi vacibdir. Sadəcə, 50 və daha yuxarı bal toplayan müəllimlə 30-31 bal toplayan müəllim arasında fərqləndirmə mexanizminin daha aydın olmasının tərəfdarıyam.
Məncə, yüksək nəticə ilə peşəkar fəaliyyət arasında müəyyən əlaqə var. Çünki yüksək bal toplamaq müəllimin öz ixtisasına nə dərəcədə bələd olduğunu göstərir. Bununla belə, yüksək nəticə göstərsə də, metodik hazırlığı zəif olan müəllimlərə də rast gəlmək mümkündür. Sertifikasiya daha çox fənn biliklərini ölçür, sinif otağındakı metodik fəaliyyəti isə tam əhatə etmir.
Məktəbdə və hazırlıq prosesində şagirdlərlə işləmək mənim üçün əlavə təkrar rolunu oynayır. Məsələn, 11-ci sinif şagirdi ilə işləyərkən keçdiyimiz mövzular mənim üçün də biliklərin yenilənməsi deməkdir. Buna görə də şagirdlərlə işləmək imtahana hazırlığımı zəiflətmir, əksinə, gücləndirir.
Sertifikasiyanı təhsil sahəsində həyata keçirilən ən uğurlu islahatlardan biri hesab edirəm. Bu proses ixtisasını yaxşı bilən müəllimləri üzə çıxarır. Məsələn, ötən il MİQ imtahanında yüksək nəticə göstərdiyimiz üçün DİM tərəfindən marker müəllim kimi fəaliyyət göstərmək təklifi almışdıq. Hesab edirəm ki, həm sertifikasiya, həm də şəffaf şəkildə təşkil olunan MİQ imtahanları təhsil sisteminin inkişafına mühüm töhfə verir".