Ölkə kitabxanalarının mövcud vəziyyəti ilə bağlı açıqlanan statistik göstəricilər ictimai müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı AzEdu.az-a danışan Azərbaycanda kitab, mütaliə, ailə və uşaq psixologiyası mövzularında çıxışları ilə tanınan videoblogger Sərxan Rüstəmov bildirib ki, ortaya qoyulan rəqəmlər narahatlıq doğursa da, problemin açıq şəkildə etiraf olunması müsbət addımdır:

“Problemi etiraf etmək işin yarısıdır. İndi isə əsas məsələ onun həllinə nail olmaqdır. Kitabxanaların 80 faizində internetə çıxışın olmaması XXI əsr üçün qəbuledilməz haldır. Ölkənin əksər hissəsində internetin əlçatan olduğu bir dövrdə kitabxanaların informasiya resurslarından kənarda qalması ciddi problemdir.
Açıqlanan məlumatlara əsasən, əhalinin kitabxana tələbatının 65 faizi tam şəkildə ödənilmir. Bu göstərici kitabxana sistemində köklü dəyişikliklərin vacibliyini ortaya qoyur.
Hesab edirəm ki, xüsusilə Sovet dövründən qalmış köhnə kitabxana binaları müasir gənclərin maraqlarına cavab vermir. Bu gün internet, sosial şəbəkələr və digər rəqəmsal platformalarla rəqabət aparmaq üçün kitabxanalar daha cəlbedici və funksional məkanlara çevrilməlidir. Kitabxanalar yalnız kitab saxlanılan yerlər deyil, həm də insanların öyrənmək, inkişaf etmək və vaxt keçirmək istədiyi müasir mədəniyyət mərkəzləri olmalıdır.
Bu baxımdan Bakıda fəaliyyət göstərən Baku Book Center-i uğurlu nümunələrdən biri kimi qeyd etmək istərdim. Düşünürəm ki, dövlət kitabxanaları da müasir xidmət və infrastruktur baxımından bu tip mərkəzlərin səviyyəsinə çatdırılmalıdır”.
Sərxan Rüstəmovun sözlərinə görə, kitabxanaçılıq və kitabşünaslıq xüsusi hazırlıq tələb edən sahələrdir və bu istiqamətdə çalışan şəxslər müvafiq ali təhsilə malik olmalıdırlar:
“Latın qrafikalı əlifbaya keçiddən uzun illər keçməsinə baxmayaraq, kitab fondlarının yenilənməsi prosesi hələ də tam başa çatmayıb.
Mövcud problemləri əsas gətirərək kitabxanaların bağlanmasını təklif etmək düzgün yanaşma olmazdı. Əksinə, problemlər aradan qaldırılmalı, kitabxanalar qorunmalı və inkişaf etdirilməlidir.
Yaxın gələcəkdə kitabxanalar müasir standartlara uyğun şəkildə yenidən qurulmalı, əməkdaşlar üçün sertifikasiya və təlim proqramları təşkil edilməli, latın qrafikalı nəşrlərin sayı artırılmalı və kitabxanalar internetlə tam təmin olunmalıdır.
Kitabxana yalnız bina deyil, cəmiyyətin intellektual və mədəni inkişafına xidmət edən strateji bir mərkəzdir”.