Azərbaycanda ikinci ali təhsilə, yəni təkrar kadr hazırlığı proqramlarına müraciət edənlərin sayı ildən-ilə artmaqdadır.
AzEdu.az mövzunun aktuallığını və gənclərin bu sahəyə marağını nəzərə alaraq, ölkənin aparıcı ali təhsil müəssisələrinə onların mövcud proqramları, qəbul şərtləri və təhsil haqları ilə bağlı ali təhsil müəssisələrinə sorğu ünvanlayıb.
Belə ki, Bakı Mühəndislik Universitetindən (BMU) bildirlib ki, BMU-da təkrar ali təhsil almaq üçün sənəd qəbulu ümumilikdə 41 ixtisas üzrə aparılır.
Qəbul əyani və qiyabi formada olmaqla yanaşı, Azərbaycan və ingilis dillərində həyata keçirilir //beu.edu.az/az/admission/repeated-higher-education.
"Təkrar ali təhsilə qəbul Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin //portal.edu.az elektron portalı vasitəsilə aparılır. Portal vasitəsilə müraciətin cari statusunu izləmək, prosesin mərhələlərinə dair məlumatlar əldə etmək, eləcə də təhsil haqqını ödəmək mümkündür.
Təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir.
Sənəd qəbulu 31 avqust 2026-cı il saat 23.59-da başa çatacaq.
Portala yüklənməsi tələb olunan sənədlər:
1. Ali təhsil haqqında sənəd: diplom və ona əlavə.
2. Xarici ölkə məzunları üçün: ixtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd.
Təhsil müddəti əvvəlki və yeni təhsil proqramları arasındakı fərq nəzərə alınmaqla müəyyən edilir.
Sənəd qəbulu 31 avqust 2026-cı il saat 23.59-da başa çatacaq".
Sorğumuza cavab olaraq Gəncə Dövlət Universitetindən (GDU) bildirlib ki, GDU 2026/2027-ci tədris ilində təkrar (əlavə) ali təhsil almaq üçün sənəd qəbulu elan edib:
"Təkrar (əlavə) ali təhsilə tələbə qəbulu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin //portal.edu.az/ elektron portalı vasitəsilə həyata keçirilir. Təkrar ali təhsilə qəbul aparılması nəzərdə tutulan ixtisaslar aşağıdakı kimidir:
Əlavə ali təhsil ödənişli formada müəssisə, təşkilat, idarə və ayrı-ayrı vətəndaşlarla GDU arasında bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Əlavə ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin əvvəlcə aldığı baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla xüsusi hazırlanmış təhsil proqramları əsasında aparılır".
Azərbaycan Memarlıq və İnşaat Universitetindən (AZMİU) verilən məlumata görə, ikinci ali təhsil proqramları mövcuddur. Həmin təhsil proqramlarına müraciətlər portal.edu.az saytı üzərində aparılır.
"Müraciətlər nazirlik tərəfindən yoxlanıldıqdan sonra universitetlərə göndərilir. Universitetlər də həmin müraciətləri yoxlayır. Müraciət edənlərin məlumatları, sənədləri araşdırılır, uyğunluğa baxılır və o tələbələr qəbul edilirlər. Beləliklə, ikinci ali təhsil alırlar.
İkinci ali təhsil üçün müraciət edən şəxslərin əvvəlki ixtisasları ilə müraciət etdikləri yeni ixtisas arasındakı fərqlər müəyyən olunur. Orada artıq bundan asılı olaraq müraciət edənin təhsil müddəti dəyişir. Elə adam olur ki, bir il ola bilər, elə adam da ola bilər ki, üç il və ya dörd il ola bilər. Məsələn, tutaq ki, deyək ki, birinci ali təhsili humanitar sahəyə aid olan şəxs ikinci ali təhsil üçün texniki bir sahəyə müraciət edir və o, yenidən hazırda oxuyan bakalavrlar kimi dörd il oxumalı olur. Amma tutaq ki, deyək ki, İnşaat mühəndisliyi və ya Nəqliyyat tikintisi mühəndisliyi üzrə müraciət edir; o zaman fənlərin uyğunluğu əsasən üst-üstə düşdüyünə görə həmin şəxsin təhsil müddəti azala bilər.
Təhsil haqqı Azərbaycan Memarlıq və İnşaat Universitetində digər universitetlərdən daha aşağı büdcəlidir, qənaətli büdcəlidir. Rəqəm 2500 manatla 3000 manat arasında dəyişir. Elə ixtisaslar var ki, o ixtisaslar üzrə kadr hazırlığı bütün dünyada, o cümlədən ölkəmizdə daha çox maddi təminat, laboratoriya şəraiti tələb etdiyi üçün onlarda 3000 manat civarındadır. Amma əsasən ixtisasların çoxunda təhsil haqqı 2100 manat dəyərindədir.
Azərbaycan Turizm və Menecment Universitetindən (ATMU) bildirlib ki, ikinci ali təhsilə sənəd qəbulu 02.06.2026 - cı il tarixindən başlamışdır.
Sənəd qəbulunda sənədlərini təqdim edən şəxslər müvafiq komissiya tərəfindən müsahibəyə cəlb olunur.
Dərslər qiyabi təhsil formasına uyğun olaraq təşkil olunur. Təhsil haqqı isə ixtisasa uyğun olaraq 1500-1800 manat aralığında dəyişir.
Azərbaycan Texniki Universitetinindən (AzTu) sorğuya cavab olaraq bildilirb ki, əlavə təhsil üçün ərizə qəbulu iyunun 5-dən başlayıb və portal.edu.az üzərindən aparılacaq.
İmtahanlar yazılı-elektron formada keçirilir. Təhsil haqqı ixtisaslara görə 2000-2500 manat arasında dəyişir.
Qeyd edək ki, Azərbaycan Dövlət Pedoqoji Universitetində, Azərbaycan İlahiyyat İnstitutunda isə əlavə təhsil xidməti mövcud deyil.