2026-cı ildə keçiriləcək müəllimlərin sertifikatlaşdırılması prosesində ilk dəfə tarix, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə və musiqi fənlərini tədris edən müəllimlər iştirak edəcəklər.
Bununla yanaşı, kimya, biologiya, fizika, coğrafiya, informatika, ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, eləcə də xarici dil müəllimləri də sertifikasiyaya cəlb olunacaqlar. Məlum olduğu kimi, 60 yaşdan yuxarı müəllimlər sertifikatlaşdırma prosesində könüllü əsaslarla iştirak edə bilirlər.
Maraqlıdır, Mil-Muğan Regional Təhsil İdarəsi üzrə neçə nəfər 60 yaşdan yuxarı müəllimin sertifikasiyada iştirakı gözlənilir?
Mövzu ilə bağlı AzEdu.az Təhsil Portalının sorğusuna cavab olaraq bildirilib ki, region üzrə 60 yaşdan yuxarı ümumilikdə 15 müəllimin sertifikatlaşdırma prosesində iştirakı nəzərdə tutulur.
Onlardan 10 nəfəri tarix müəllimidir. Həmçinin 1 nəfər riyaziyyat, 1 nəfər musiqi, 2 nəfər təsviri incəsənət və 1 nəfər fiziki tərbiyə müəlliminin sertifikasiyada iştirakı gözlənilir.
Qeyd edək ki, ötən il ölkə üzrə sertifikatlaşdırma prosesində 60 yaşdan yuxarı 962 müəllim iştirak edib.