https://www.zirve.edu.az/
09.04.2018 11:44
AXC dövrünə aid çoxlarının bilmədiyi məlumatlar açıqlanacaq - Konfransa hazırlıq gedir
Çap et

“Cümhuriyyətə aid olan materiallar əsasən, Milli Arxiv İdarəsindədir (MAİ). Akademiyadan alınan sənədlər, yazı materialları həm MAİ-yə, həm də bununla məşğul olan başqa müəssisələrə verilib”.

Bunu AzEDU.az-a açıqlamasında AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun direktor müavini, filologiya elmlər doktoru Paşa Kərimov bildirib.

P.Kərimov qeyd edib ki, xaricdən materiallar çoxdan alınıb. Amma onları Əlyazmalar İnstitutu deyil, başqaları əldə edib. Buna baxmayaraq, alim həm özünün, həm də əməkdaşı olduğu institutun AXC ilə bağlı görülən və görüləcək işlərindən danışıb:

“AXC ilə bağlı xaricdə olan materialları respublikaya Ramiz Abutalıbov gətirtmişdi. Onların surətlərini bir neçə müəssisəyə verdilər. Bu sahədə işlər gedir.

Cümhuriyyətlə bağlı institutumuzun mayda keçirəcəyi konfransda da çox maraqlı materiallar olacaq. İndiyədək çoxları üçün məlum olmayan məlumatlar olacaq”.

Qeyd edək ki, bu il “Xalq Cümhuriyyəti” ili elan olunub. Həmçinin, ay yarımdan sonra ADR-in 100 illik yubileyi tamam olacaq. Bu istiqamətlərdə xüsusən də, AMEA-nın müvafiq institut və təşkilatlarının gördüyü işlərin kəmiyyət və keyfiyyətini bilmək cəmiyyət üçün çox maraqlıdır. 

Əsmər Qabil