Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 09:36:20
Məşhur şair "Kitabi-Dədə Qorqud"u balkar dilinə tərcümə edir

“Kitabi-Dədə Qorqud” dastanı balkar dilinə tərcümə edilir.

Azedu.az xəbər verir ki, bu barədə məlumatı Xalq şairi Sabir Rüstəmxanlı özünün feysbuk səhifəsində paylaşıb. Onun yazdığına görə, dastanı balkar xalqının məşhur şairi Saleh Qurtuyev tərcümə edir.

Satatusdan bəlli olur ki, bu işə Sabir Rüstəmxanlının təşəbbüsü ilə başlanılıb: “Balkar xalqının böyük şairi Saleh Qurtuyev mənim köhnə dostumdur. Şeirlərimi balkarcaya çevirib, nəşr etdirib. Gürcüstan respublikasının sifarişi ilə Şota Rustavelinin "Pələnd dərisi geymiş pəhlivan" poemasını balkarcaya tərcümə edib və buna görə Gürcüstanın mükafatına layiq görülüb. Bir neçə dəfə onunla Dədə Qorqud boyları haqqında danışmış, onu balkarcaya çevirməsini təklif etmişdim. Axırıncı söhbətimiz Qaysın Quliyevin yubileyinə getdiyimdə, Nalçıkdə olmuşdu. "Sağlamlıq sorunlarım var" - deyib boyun qaçırmaq istəmişdi. Buna baxmayaraq, Bakıya döndükdən sonra "Kitabi-Dədə Qorqud"un orijinalını, Bertelsin tərcüməsində ruscasını və Azərbaycanca-rusca sözlüyün 3 cildliyini ona göndərdim və işə başlamasını xahiş etdim. Bir neçə gün sonra zəng vurub həyəcanla "Bu nə böyük əsərdir, mən indiyədək bunu niyə oxumamışam?

1-10.jpg

Hökmən tərcümə edəcəyəm, bu mənim borcumdur!" dedi. Bir müddət sonra elektron poçtla girişin və birinci boyun tərcüməsini göndərdi, məktubda "Oxu, bəyənirsənsə davam etdirim!" yazmışdi. Balkarcanı anlamaq çətin deyil, zəng vurub tərcüməni bəyəndiyimi bildirdim. Dünənsə o zəng vurub "üç boyun tərcüməsini bitirdim!" deyir. Ən ilginci isə "artıq Bartoldun tərcüməsinə ehtiyacım yoxdur! Düz deyirmişsən bu bizim ortaq dilimizdə yaranmış əsərdir. Bir az vaxt lazım imiş alışmağa. Bir çox qədim, unutduğumuz sözlərimizi tapıram dastanda və onları yenidən dilimizə qaytarıram..."

Səsindən ilhamla, yüksək ovqatla işlədiyi hiss olunurdu. "Sənə təşəkkür edirəm. Məni ayrı bir aləmə apardın!" dedi. Gülə-gülə "Mənə yox, Dədəm Qorquda təşəkkür et!" dedim. Bu telefon zəngi günün başqa qayğılarını unutdurdu...