"Örnək müəllim" Cəmilə İsmayılova sertifikatlaşdırma imtahanından yüksək nəticə əldə edərək 53 bal toplayıb.
Zərdab rayon Hüseynxanlı kənd ümumi orta ümumtəhsil məktəbində texnologiya müəllimi kimi fəaliyyət göstərən Cəmilə İsmayılova imtahanla bağlı təəssüratlarını AzEdu.az-la bölüşüb.
"Təhsilə, öyrənməyə və texnologiyaya olan sevgim məni pedaqogika sahəsinə yönəldib. Pedaqoji fəaliyyətə 2020-ci ildən başlamışam. Fəaliyyət göstərdiyim ilk gündən etibarən əsas məqsədim sadəcə proqramı tədris etmək deyil, həm də uşaqların qəlbinə yol tapmaq, onlarda müasir dünyanın tələblərinə uyğun bacarıqlar formalaşdırmaq olub.
Dərslərimdə müasir texnologiyaların, rəqəmsal alətlərin və süni intellekt imkanlarının tətbiqinə xüsusi önəm verirəm. İnformasiya texnologiyalarını tədris prosesinə inteqrasiya edərək dərsləri daha maraqlı və effektiv edirəm.
Psixologiyaya olan xüsusi marağım mənə uşaqların fərdi xüsusiyyətlərini anlamaqda, onlarla sağlam və güvənli ünsiyyət qurmaqda böyük kömək olur.Öz üzərimdə davamlı işləməyi sevirəm. İcma əsaslı məktəbəqədər təhsil layihəsində çalışmaq, təhsilə töhfə vermək mənim üçün sadəcə iş deyil, bir missiyadır.
Ötən gün keçirilən sertifikasiya imtahanında yüksək nəticə göstərmək mənim üçün fəaliyyətimin gözəl bir bəhrəsi oldu. Bu nəticə ani bir hazırlığın deyil, illərdir sahəmə verdiyim əməyin, dərslərimə göstərdiyim gündəlik məsuliyyətin və peşəmə olan dərindən bələdliyimin (baza biliklərimin) məntiqi nəticəsidir. Müəllimlik hər gün sinifdə yaşanan canlı təcrübədir. Əgər hər gün işinizi dərindən və sevərək icra edirsinizsə, imtahanlardan qorxmağa heç bir ehtiyac yoxdur. İnsan öz işini sevir və daim onun içində yaşayırsa, imtahanlar sadəcə keçilmiş yolun gözəl bir təsdiqinə çevrilir.
"AzEdu" təhsil portalı tərəfindən "Örnək müəllim" olaraq seçilmək mənim üçün böyük şərəf və eyni zamanda böyük bir məsuliyyətdir. Bu diqqətə görə təşəkkür edir, sertifikasiya imtahanında iştirak edən bütün həmkar müəllimlərə fəaliyyətlərində uğurlar arzulayıram".