Metodik xidmət çərçivəsində ümumtəhsil müəssisələrində metodik dəstəyin gücləndirilməsi, pedaqoji fəaliyyətin keyfiyyətinin artırılması məqsədilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən “Müasir metodist” müsabiqəsinin növbəti mərhələsi olan təlimlərə start verilib.
AzEdu.az xəbər verir ki, təlimlər 16 iyun tarixindən etibarən başlayıb. Hazırda keçirilən təlimlərdə Abşeron-Xızı RTİ, Gəncə-Daşkəsən RTİ, Şərqi Zəngəzur RTİ, Mərkəzi Aran RTİ, Qarabağ RTİ, Qazax-Tovuz RTİ, Şirvan-Salyan RTİ, Mil-Muğan RTİ və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin müəllimləri iştirak edirlər.
Təlim proqramı müasir təhsil yanaşmalarına əsaslanaraq müəllimlərin praktiki bacarıqlarını inkişaf etdirməyə yönəlib. Proqram çərçivəsində səriştə əsaslı təlimin təşkili, kurikulum sənədləri ilə məqsədyönlü və sistemli işləmə, təlim nəticələri və qiymətləndirmə meyarlarının düzgün müəyyənləşdirilməsi, dərs prosesinin effektiv planlaşdırılması kimi sahələr üzrə iştirakçılara tətbiqi bilik və bacarıqlar aşılanır.
Təlim müddətində interaktiv müzakirələr, situativ və tətbiqi xarakterli fəaliyyətlər vasitəsilə iştirakçılar arasında təcrübə mübadiləsi təşviq olunur, onların metodik kompetensiyalarının inkişafına dəstək göstərilir.
Qeyd edək ki, növbəti mərhələdə sertifikasiya imtahanında uğur qazanmış və hazırda təlimlərə cəlb olunmayan müəllimlər iştirak edəcəklər.