Azedu.az

Pedaqoji ixtisaslarda ixtisar SİQNALI - plan yerləri azalacaq?

Müəllimlər və elm adamları

27 İyun 2026, 13:31
Pedaqoji ixtisaslarda ixtisar SİQNALI - plan yerləri azalacaq?

Pedaqoji ixtisaslarda plan yerlərinin azaldılması gözlənilir və düşünürəm ki, bu tendensiya gələcək illərdə də davam edəcək.

AzEdu.az xəbər verir ki, bu fikirləri təhsil tədqiqatçısı Elmin Nuri “AzEdu Podkast”ında səsləndirib.

O bildirib ki, pedaqoji ixtisaslarda plan yerləri azaldılmalıdır ki, əmək bazarında yaranmış tarazsızlıq aradan qalxsın:

“Pedaqoji profilli ixtisaslarımız o qədər məzun yetişdirib ki, əmək bazarında müəyyən sahələr artıq dolub. Məsələn, MİQ müsabiqəsinin test imtahanı mərhələsində hətta 90-dan yuxarı bal toplayan müəllimlərin belə işə qəbul olunmaması halları olur. Niyə? Çünki cəmi beş-altı vakant yer mövcuddur.

Məndə maraqlı bir fakt var idi. Bu, bir Regional Təhsil İdarəsinin statistik göstəricisi idi və kifayət qədər acı mənzərəni ortaya qoyurdu. Həmin Regional Təhsil İdarəsinin tabeliyində altı rayon var və təkcə bir rayon üzrə deyil, ümumilikdə bu altı rayon üzrə coğrafiya fənni üzrə cəmi səkkiz vakant müəllim yeri çıxarılmışdı. İndi həmin səkkiz yer uğrunda nə qədər namizəd mübarizə aparır və onların hamısı nə qədər yüksək bal toplamalıdır ki, işlə təmin oluna bilsin?

Məhz buna görə də mütəxəssislər hesab edirlər ki, pedaqoji ixtisaslarda plan yerləri azaldılmalıdır ki, əmək bazarındakı bu xaos aradan qalxsın. Çünki çox sayda müəllim namizədi, diplomlu gələcəyin müəllimi işlə təmin oluna bilmir”.

Elmin Nuri qeyd edib ki, bölgələrdə müəllimlərin məşğulluq imkanları da olduqca məhduddur:

“Bizdə özəl məktəblərin sayı çox azdır, mövcud özəl məktəblərin əksəriyyəti isə yalnız bir bölmədən ibarətdir və filialları yoxdur. Bölgələrdə isə ümumiyyətlə özəl məktəb filialları fəaliyyət göstərmir ki, müəllimlər orada iş tapa bilsinlər. Hamısı dövlət məktəblərinin ümidinə qalıb.

Dövlət məktəbləri ilə bağlı bugünkü statistika göstərir ki, kiçik məktəblər birləşdirilir, inteqrasiya olunur və daha böyük məktəblər yaradılır. Bu isə məktəblərin sayının azalması deməkdir. Məktəblərin sayı azalırsa, müəllimlərə olan tələbat da azalır.

Digər tərəfdən, bizdə müəllimlər beynəlxalq təcrübənin əksinə olaraq, özəl layihələrə və müxtəlif fəaliyyətlərə cəlb olunmur, sosial müstəvidə əlavə gəlir əldə etmək imkanları da məhduddur. Nəticədə əmək bazarında tarazsızlıq yaranır. Buna görə də pedaqoji ixtisaslarda plan yerlərinin azaldılması gözlənilir və düşünürəm ki, bu tendensiya gələcək illərdə də davam edəcək”.

Zelenski Krımı geri qaytarır - Ordusuna ƏMR VERDİ: Rusları çıxarın!
Son xəbərlərDaha çox