Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-04-05 06:46:11
Akademik Eldar Salayev uzun müddətdən sonra danışdı: “Hər şeyi yoluna qoymuşam...”

“İndi səhhətimlə bağlı hər şey qaydasındadır, yaxşıyam”.

Bu sözləri AzEdu.az-a açıqlamasında AMEA-nın sayca yeddinci və həyatda olan yeganə sabiq prezidenti akademik Eldar Salayev söyləyib. Bir müddət öncə gözləri tutulmuş akademikimiz hazırda vəziyyətinin yaxşı olduğunu bildirib:

“Şükür indi yaxşıyam, işlərimi yoluna qoymuşam. Fizika institutuna da vaxtı vaxtında gedib-gəlirəm. Bir sözlə, hər şey qaydasındadır. Hər hansı bir problemim yoxdur”.

Qeyd edək ki, Eldar Salayev 1933-cü ildə Naxçıvan şəhərində anadan olub. Məktəbi qızıl medalla bitirəndən sonra universitetin Fizika fakültəsinə daxil olub, oradan isə akademiyanın Fizika İnstitutuna təyinat alıb. Eldar Salayevin həm ölkə, həm ittifaq həcmində fizika elminə gətirdiyi yeniliklər haqqında az sonra danışılacaq. Əvvəlcə onu qeyd edək ki, Salayevin prezident olduğu 1983-1997-ci illər hər yerdə, bütün ittifaq və respublikada olduğu kimi akademiyada da ən qaranlıq bir dönəm idi. SSRİ-nin dağılması bu ittifaqa tabe olan ölkələr arasında da elmi əlaqəni kəsir. Eldar Salayev həmin qarışıq vaxtlarda bu əlaqələrin kəsilməməsi üçün maksimum addımlar atır. Sonra mübarizənin ikinci mərhələsi başlayır. Belə ki, hakimiyyətə gələn Xalq Cəbhəsi Elmlər Akademiyasının bağlanma fikrini ortaya atır. O zaman prezident olan Eldar Salayev bunun qəti əleyhinə çıxır.

Eldar Salayev akademiyada prezident olduğu müddətdə dörd institutun əsasını qoyub: Əlyazmalar İnstitutu, Arxeologiya və Etnoqrafiya İnstitutu, Millətlərarası Münasibətlər İnstitutu, Xəzərin Ekoloji problemləri İnstitutu.

Media və ictimaiyyət arasında çoxdan idi ki, görünməyən akademikin səhhətində bir müddət ciddi problem yaranmışdı. Xüsusən də gözlərindən əziyyət çəkən akademikin çətinliklə hərəkət etdiyi deyilirdi.

Nəzrin Rüstəmova
Müəllifin digər yazıları