NASA-nın Perseverance kəşf aparatı Marsda qədim isti suyun izlərini aşkarlayıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Jezero kraterində aparılan araşdırmalar zamanı suyun müxtəlif dövrlərdə Marsdakı qayalarla dəfələrlə təmasda olduğu müəyyənləşdirilib.
Bu, Marsın keçmişdə indikindən daha sulu və geoloji baxımdan daha aktiv olduğunu göstərir.
Kəşf kraterin daxili kənarında yerləşən Margin Unit ərazisində aparılıb. Alimlər əvvəlcə burada qədim gölün sahilində yaranmış qayalar tapacaqlarını gözləsələr də, aparat yerin dərinliklərində soyuyan ərimiş süxurlardan və vulkanik proseslər nəticəsində yaranan qayalar aşkarlayıb.
SuperCam cihazının analizləri suyun qayalara üç fərqli dövrdə təsir etdiyini göstərib. Son mərhələdə isə isti su vulkanik qayaların içindən keçib və bunun izləri qayalarda qalıb.
Yer üzündə belə isti su sistemləri bəzi mikroorqanizmlər üçün əlverişli mühit yarada bilir. Buna görə də tapıntı Marsda keçmişdə həyat üçün uyğun şəraitin olub-olmadığını araşdırmaq baxımından əhəmiyyətlidir.
Alimlər hadisələrin dəqiq nə vaxt baş verdiyini hələ müəyyənləşdirə bilməyiblər.