Avropanın bir sıra aparıcı ölkələrində şagirdlərin təhsil göstəriciləri ilə bağlı narahatedici nəticələr açıqlanıb.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, Fransa, Almaniya, Niderland və Finlandiya kimi ölkələrdə 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə bacarıqlarını ölçən PISA nəticələrində ciddi geriləmə qeydə alınıb.
Hesabata əsasən, bu ölkələrdə şagirdlərin təxminən üçdə biri əsas oxu və riyaziyyat bacarıqlarına malik deyil. Bu isə onların məktəbdə əldə etdikləri bilikləri gündəlik həyatda tətbiq etməkdə çətinlik çəkdiyini göstərir.
Məlumata görə, Avropadakı geriləmənin yalnız COVID-19 pandemiyası dövründə yaranan təhsil itkiləri ilə bağlı olmadığı bildirilir. Xroniki müəllim çatışmazlığı, kurikulumla bağlı problemlər və smartfonların şagirdlərin diqqətinə təsiri də əsas səbəblər sırasında göstərilir.
Almaniyada təhsil nəticələrinin ailələrin sosial-iqtisadi vəziyyəti ilə əlaqəsi xüsusilə diqqət çəkib. Aztəminatlı ailələrdən olan uşaqlar arasında uğursuzluq göstəricilərinin artdığı qeyd olunub.
Niderlandda isə oxu bacarıqlarında tarixi geriləmə müşahidə edilib. Ölkədə gənclərin üçdə birindən çoxunun gündəlik həyatda lazım olan əsas bacarıqlardan məhrum olduğu bildirilir.
Ənənəvi olaraq yüksək təhsil göstəriciləri ilə seçilən Finlandiya və İsveçdə də oxşar geriləmələr qeydə alınıb. Bu vəziyyət həmin ölkələrdə təhsil sahəsində yeni islahatların aparılması və məktəblərdə rəqəmsal diqqət yayındırıcı amillərin azaldılması ilə bağlı çağırışları gücləndirib.
Böyük Britaniya isə Avropadakı ümumi geriləmə tendensiyasından kənarda qalan ölkələrdən biri olub.