Yeni tədris ilinə hazırlıq çərçivəsində Şəki-Zaqatala bölgəsinin ümumi və məktəbəqədər təhsil müəssisələrində genişmiqyaslı təmir-tikinti işləri həyata keçirilir. Regionda təhsil müəssisələrinin mövcud vəziyyətinin yaxşılaşdırılması, şagird və müəllimlər üçün təhlükəsiz, rahat və müasir təhsil mühitinin yaradılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib.
Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində aparılan təmir-tikinti barədə “Azərbaycan müəllimi”nə ətraflı məlumat verən Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova bildirib ki, hazırda regionun müxtəlif şəhər və rayonlarında yerləşən təhsil müəssisələrində görülən işlərin sentyabr ayınadək tamamlanması nəzərdə tutulur: “Şəki-Zaqatala Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrində infrastrukturun yaxşılaşdırılması istiqamətində işlər davamlı şəkildə həyata keçirilir. Hazırda region üzrə 90 ümumi təhsil müəssisəsində müxtəlif həcmli təmir işləri aparılır. İşlərin böyük hissəsinin yeni tədris ili başlayanadək yekunlaşdırılması nəzərdə tutulur”.
İki məktəbdə təmir işləri başa çatdırılıb
Günay Mahmudovanın sözlərinə görə, iki ümumi təhsil müəssisəsində nəzərdə tutulan işlər tam yekunlaşdırılıb. Digər məktəblərdə isə təmir prosesi təsdiqlənmiş plan və qrafikə uyğun şəkildə davam etdirilir. İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsinə nəzarət olunur: “Qarşıda duran əsas vəzifə məktəblərin sentyabr ayınadək tədris üçün hazır vəziyyətə gətirilməsidir. Məktəblərdə görülən işlər təhsil müəssisələrinin mövcud ehtiyacları nəzərə alınmaqla həyata keçirilir.Təmir zamanı məktəb binalarının ümumi vəziyyətinin yaxşılaşdırılması, sinif və yardımçı otaqların tədris üçün daha əlverişli hala gətirilməsi, şagirdlərin təhlükəsizliyinə təsir göstərən çatışmazlıqların aradan qaldırılması diqqət mərkəzində saxlanılır”.

Qeyd olunub ki, yay tətili dövründə təmir işlərinin aparılması tədris prosesinə maneə yaratmadan məktəblərin yeni dərs ilinə hazırlanmasına imkan verir. Regionun geniş coğrafiyanı əhatə etməsi və təmir olunan müəssisələrin sayının çoxluğu nəzərə alınaraq işlərin koordinasiyalı şəkildə təşkilinə xüsusi önəm verilir.
Bedağar kəndində yeni məktəb şagirdlərin istifadəsinə veriləcək
Şəki-Zaqatala bölgəsində yalnız mövcud məktəb binalarının təmiri deyil, yeni təhsil müəssisələrinin tikintisi istiqamətində də işlər həyata keçirilir. Belə layihələrdən biri Balakən rayonunun Bedağar kəndində reallaşdırılıb. Bedağar kənd tam orta ümumtəhsil məktəbi üçün 180 şagird yerlik yeni bina inşa edilib. Müasir tələblər nəzərə alınmaqla tikilən məktəb binasının sentyabrın 15-də şagirdlərin istifadəsinə verilməsi nəzərdə tutulur.

Günay Mahmudova yeni məktəb binasının istifadəyə verilməsinin kənddə təhsil imkanlarının yaxşılaşdırılması baxımından mühüm əhəmiyyət daşıdığını bildirib:
“Yeni məktəb binasının istifadəyə verilməsi kənddə yaşayan şagirdlərin təhsilə çıxış imkanlarının yaxşılaşdırılması ilə yanaşı, məktəb kollektivinin fəaliyyətinin daha səmərəli təşkilinə də şərait yaradacaq. Müasir məktəb infrastrukturu xüsusilə kənd yaşayış məntəqələrində təhsilin keyfiyyətinə, şagirdlərin məktəbə marağına və davamiyyət göstəricilərinə müsbət təsir edən mühüm amillərdən hesab olunur”.

Zaqatala İnternat tipli gimnaziya yenilənmiş şəraitdə fəaliyyət göstərəcək
Yeni tədris ilində yenilənmiş infrastrukturu ilə fəaliyyətini davam etdirəcək təhsil müəssisələrindən biri də Zaqatala İnternat tipli gimnaziyadır.
Hazırda gimnaziyada əsaslı təmir işləri həyata keçirilir. Təhsil müəssisəsinin yeni dərs ilindən etibarən yenilənmiş şəraitdə fəaliyyətini davam etdirməsi planlaşdırılır.

İdarə müdiri qeyd edib ki, əsaslı təmir məktəb binasının ümumi infrastrukturunun müasir tələblərə uyğunlaşdırılmasına və təhsilalanlar üçün daha əlverişli şəraitin yaradılmasına xidmət edir: “Gimnaziyanın yeni tədris ilindən fəaliyyətini yenilənmiş şəraitdə davam etdirməsi nəzərdə tutulur. Bu təhsil müəssisəsində şagirdlərin yalnız tədris prosesi ilə məşğul olması deyil, gün ərzində məktəbdə qalması və müxtəlif fəaliyyətlərə cəlb olunması da nəzərə alındığından, infrastrukturun yaxşılaşdırılması xüsusi əhəmiyyət daşıyır”.

16 uşaq bağçasında əsaslı təmir nəzərdə tutulur
Şəki-Zaqatala bölgəsində infrastrukturun yenilənməsi yalnız ümumi təhsil müəssisələrini əhatə etmir. Məktəbəqədər təhsil müəssisələrində də uşaqlar üçün təhlükəsiz, sağlam və inkişafetdirici mühitin yaradılması məqsədilə təmir işləri aparılır.
Günay Mahmudova məktəbəqədər təhsil müəssisələrinin infrastrukturunun yaxşılaşdırılmasının xüsusi diqqət tələb etdiyini qeyd edib: “Hazırda səkkiz uşaq bağçasında əsaslı təmir işləri aparılır. Növbəti mərhələdə daha səkkiz bağçada əsaslı təmirə başlanılması planlaşdırılır. Məktəbəqədər yaşlı uşaqların təhlükəsiz, sağlam və rahat mühitdə təlim-tərbiyəyə cəlb olunması bizim üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən bağçaların mövcud vəziyyəti öyrənilir və ehtiyaclara uyğun olaraq təmir işləri mərhələli şəkildə həyata keçirilir. Ümumilikdə 16 uşaq bağçasında əsaslı təmir nəzərdə tutulur. Bu işlər məktəbəqədər təhsilin əlçatanlığının və keyfiyyətinin yüksəldilməsi, azyaşlıların yaş xüsusiyyətlərinə uyğun şəraitdə təlim-tərbiyə alması baxımından mühüm əhəmiyyət daşıyır”.