1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü təkcə təqvimdə qeyd olunan əlamətdar tarixlərdən biri deyil. Bu gün bizi keçmişimizə bağlayan, milli kimliyimizi yaşadan, düşüncələrimizi formalaşdıran və gələcəyə daşıyan ən böyük sərvətimiz- ana dilimiz haqqında yenidən düşünmək üçün bir fürsətdir.Mən müəllim olaraq hər gün sinfə daxil olanda anlayıram ki, dil sadəcə ünsiyyət vasitəsi deyil. Dil uşağın dünyanı tanıma formasıdır. O, ilk dəfə "ana" sözünü dilində səsləndirəndə, ilk hecasını öyrənəndə, ilk kitabını oxuyanda əslində öz millətinin yaddaşı ilə tanış olur. Bu baxımdan müəllimin üzərinə düşən vəzifə yalnız hərfləri və qaydaları öyrətmək deyil, həm də dil sevgisini aşılamaqdır.
Azərbaycan dili əsrlər boyu müxtəlif sınaqlardan keçərək bu günə gəlib çatmışdır. Bu dil Nizaminin hikmətini, Füzulinin eşqini, Cəlil Məmmədquluzadənin satirasını, Bəxtiyar Vahabzadənin vətən sevgisini özündə yaşadır. Hər bir sözümüzdə tariximizin izi, mədəniyyətimizin nəfəsi var. Buna görə də ana dilimizi qorumaq təkcə filoloqların və ya dilçilərin deyil, hər birimizin vətəndaşlıq borcudur.
Texnologiyanın sürətlə inkişaf etdiyi, süni intellektin həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə dilimizin qorunması məsələsi daha da aktuallaşır. Bu gün uşaqlar müxtəlif rəqəmsal platformalarda vaxt keçirir, məlumat əldə edir və ünsiyyət qururlar. Əgər biz Azərbaycan dilini bu mühitlərdə daha çox yaşatmasaq, gələcək nəsillər onu yalnız dərsliklərin səhifələrində görəcəklər. Məhz buna görə də müəllimlər, valideynlər və cəmiyyət olaraq dilimizin rəqəmsal dünyadakı mövqeyini gücləndirməliyik.
Mən təlimlərimdə və gündəlik pedaqoji fəaliyyətimdə müasir texnologiyalardan istifadə etsəm də, hər zaman bir məqama xüsusi diqqət yetirirəm: texnologiya dili əvəz etməməli, əksinə, onun inkişafına xidmət etməlidir. Süni intellekt alətləri, rəqəmsal platformalar və innovativ metodlar uşaqların Azərbaycan dilində daha yaradıcı düşünməsinə, daha düzgün yazmasına və özünü daha sərbəst ifadə etməsinə dəstək olmalıdır.Azərbaycan əlifbası isə bu dilin görünən simasıdır. Hər bir hərf özündə bir tarix daşıyır. Uşaqların ilk dəfə "A" hərfini yazarkən yaşadıqları sevinc mənə hər dəfə xatırladır ki, biz əslində gələcəyin təməlini qururuq. Çünki dilini sevən, ona sahib çıxan nəsil öz milli dəyərlərinə də sahib çıxacaq.
Bu gün özümüzə bir sual verək: Biz dilimiz üçün nə edirik? Uşaqlarımızla Azərbaycan dilində nə qədər kitab oxuyuruq? Sosial şəbəkələrdə dilimizin qaydalarına nə dərəcədə diqqət yetiririk? Gündəlik həyatımızda sözlərimizin saflığını qorumağa çalışırıqmı?
Sonda Xəlil Rza Ulutürkün dillər əzbəri olan misrası yada düşür: “Ana dilim, şirin dilim...”. Bu qısa, lakin dərin məna daşıyan sözlər bizə xatırladır ki, ana dili yalnız miras deyil, həm də əmanətdir. Bu əmanəti gələcək nəsillərə olduğu kimi deyil, daha zəngin və daha güclü şəkildə ötürmək hər birimizin məsuliyyətidir. Dilimizi qoruyaq, sevək və yaşadaq. Çünki bir milləti yaşadan onun dili, dilini yaşadan isə ona sahib çıxan insanlarıdır.
"İlin gənc müəllimi" müsabiqəsinin qalibi, ibtidai sinif müəllimi Təranə Nuriyeva.