Azərbaycanda tam orta təhsilin məzmununun yenilənməsi istiqamətində atılan addımlar sırasında yeni təmayül tədris modeli xüsusi diqqət çəkir. Şagirdlərin ali təhsilə daha məqsədyönlü hazırlanmasını, məktəbdaxili tədrisin keyfiyyətinin artırılmasını və repetitorluğa olan ehtiyacın azaldılmasını hədəfləyən bu model artıq pilot mərhələdə tətbiq edilir. Layihənin ilk nəticələri, müəllim seçimi, qiymətləndirmə mexanizmləri və gələcək inkişaf perspektivləri təhsil ictimaiyyətində geniş müzakirə olunur.
AzEdu.az-a geniş müsahibə verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini (MÜTDA) Vəfa Yaqublu yeni modelin mahiyyəti, tətbiq mexanizmləri, müəllim və şagird seçimi, beynəlxalq təcrübə, repetitorluqla bağlı yanaşmalar və gələcək planlar barədə suallarımızı cavablandırıb.
Müsahibəni təqdim edirik:
- Yeni təmayül tədris modeli şagirdlərə hansı imkanları qazandıracaq?
- Bu model şagirdlərə tam orta təhsil səviyyəsində daha məqsədyönlü şəkildə ali təhsilə hazırlaşmaq imkanı yaradacaq. Şagirdlər öz məqsədlərinə uyğun təmayül istiqaməti seçib fənləri dərindən öyrənəcəklər.
- Yeni təmayül tədris modelinin əsas fərqləri nələrdir?
- Bu modelin iki əsas yeniliyi var: birincisi, bütün fənlər üzrə əsas anlayış və təməl mövzular əvvəldən başlayaraq yenidən tədris olunacaq. Məqsəd şagirdlərin biliklərində yaranmış boşluqları aradan qaldırmaq və onların mövzuları daha dərindən mənimsəmələrinə nail olmaqdır. Təhsilalanlar 10-cu sinifdə buraxılış və təmayül fənlərini yenidən sistemli şəkildə öyrənəcəklər.
Şagirdlərin əvvəlki siniflərdə öyrənmə fəallığı müxtəlif ola bilər və bu səbəbdən sinifdə bilik səviyyələri fərqlənir. Hamının mövzuları daha rahat mənimsəməsi üçün bütün fənlərin əsas anlayışları yenidən tədris ediləcək. Təbii ki, bu proses daha intensiv tempdə həyata keçiriləcək. Adətən 5-6- il ərzində mənimsənilən biliklərin iki ildə tədris olunması nəzərdə tutulur. Bunun üçün isə profil fənlərinə daha çox tədris saatının ayrılması vacibdir.
İkinci mühüm yenilik isə müəllim seçimi ilə bağlıdır. Təmayül siniflərində yalnız xüsusi seçim mərhələsindən uğurla keçmiş müəllimlər fəaliyyət göstərəcəklər. Əgər əvvəllər təmayül siniflərində müxtəlif nailiyyət göstəricilərinə malik müəllimlər dərs deyirdilərsə, yeni modeldə müəllimlərin həm fənn bilikləri, həm də metodiki bacarıqları xüsusi qiymətləndiriləcək.
- Təmayül siniflərində dərs demək istəyən müəllimlər üçün hansı tələblər müəyyənləşdirilib?

- Bu məktəblərdə fəaliyyət göstərmək üçün məktəbin yerləşdiyi şəhərdə, qəsəbədə çalışan bütün müəllimlər müraciət edə bilərlər. İlkin seçim üçün 2 sadə tələb var. Onlardan biri minimum üçillik pedaqoji stajın olmasıdır. İkincisi, sertifikatlaşdırma balının 51+ olmasıdır. Bu tələblərə cavab verən müəllimlər müsahibə mərhələsinə dəvət ediləcəklər. Müsahibə zamanı müəllimlərdən dərs nümunəsi də xahiş oluna bilər. Çünki vacib olan yalnız müəllimin fənni dərindən bilməsi deyil, eyni zamanda, onu şagirdlərə yetərincə öyrətməyi bacarmasıdır. Öyrətməyi bacarmaqla yanaşı müəllimin şagirddə müstəqil öyrənmə bacarıqları inkişaf etdirə bilməsi də vacibdir. Müəllimin metodiki bacarıqları və pedaqoji səriştəsi hər bir fənn üzrə mütəxəssislərdən ibarət komissiya tərəfindən qiymətləndiriləcək.
- Təmayül modelində başqa hansı yeniliklər nəzərdə tutulur?
- Burada üçüncü bir yeniliyi də qeyd etmək olar: bu, məktəbdaxili qiymətləndirmə ilə bağlıdır. Təmayül siniflərində şagirdlərin nailiyyətləri mütəmadi olaraq izləniləcək və ayda bir dəfə sınaq xarakterli qiymətləndirmələr keçiriləcək. Beləliklə, şagirdlərin öyrənmə vəziyyəti daha erkən müəyyən ediləcək və lazım gəldikdə onlara əlavə dəstək göstəriləcək.
Yeni təmayül tədris modeli 2 il əvvəl sınaqdan keçirilməyə başlayıb. 2024-2025-ci tədris ilində Lənkəran, Neftçala, Şəki, Quba və Sumqayıt şəhərlərində yerləşən məktəblər sınağa qoşuldu. Bu il həmin məktəblərin ilk şagirdləri məzun olublar və onların buraxılış imtahanlarının nəticələri pilotun uğurundan xəbər verir. Təmayül siniflərində təhsil alan şagirdlərin nəticələri yaşadıqları rayon və şəhərlərin orta göstəricilərini 35 baldan 63 bala qədər üstələyib. 2025-2026-cı tədris ilində sınağa daha 9 məktəb qoşuldu. Növbəti tədris ilinin sonunda bu məktəblərin də məzunları olacaq. Hazırda modelin işləkliyi və səmərəsi barədə müsbət əks-sədalar alınır. Valideynlərdən və şagirdlərdən təşəkkür mesajları gəlir.
Gələcəkdə bu tip məktəblərin sayını artırmaq və onların daha əlçatan olmasını təmin etmək planlaşdırılır. Şagirdlərin daha geniş seçim imkanı olmalıdır. Onlar ya ümumi sinifdə, ya da yeni təmayül siniflərində təhsil almaq barədə öz seçimlərini edə bilməlidir. Hesab edirik ki, bu model şagirdlər üçün daha rahat və səmərəli tədris mühiti formalaşdıracaq.
- Bildirdiniz ki, layihənin ilk mərhələsi 5 məktəbdə həyata keçirilib. Adlarını sadaladığınız bölgələr arasında Lənkəran, Neftçala, Quba və digər rayonlar da yer alır. Xüsusilə Lənkəran-Astara iqtisadi rayonunda təhsil göstəricilərinin digər bölgələrlə müqayisədə daha aşağı olduğu rəqəmlərdə də öz əksini tapır. Həmçinin elm və təhsil naziri sertifikatlaşdırma imtahanlarının nəticələri ilə bağlı brifinqlərdə ən çox uğursuz nəticə göstərən müəllimlərin məhz Lerik, Yardımlı və digər cənub rayonlarında fəaliyyət göstərdiyini qeyd etmişdi. Maraqlıdır, layihənin ilk dəfə məhz bu bölgələrdə tətbiq edilməsinin əsas səbəbi nə olub?
- Layihənin ilk mərhələsinin məhz həmin rayonlarda həyata keçirilməsində iki amil rol oynayıb. İlk növbədə, həm yerli səviyyədə bu layihəyə maraq, həm də onun həyata keçirilməsi üçün uyğun məktəbin olması mühüm əhəmiyyət kəsb edib. Bu iki amil bizə imkan verdi ki, layihəyə məhz həmin rayonlardan başlayaq. Bununla yanaşı, gələcək illərdə məqsədimiz layihənin əhatə dairəsini genişləndirmək və onu bütün rayonlarda tətbiq etməkdir.
- Növbəti mərhələlərdə hansı bölgələrin layihəyə cəlb olunması nəzərdə tutulur?

- Növbəti illərdə çalışacağıq ki, bu proses bütün rayonları əhatə etsin. Layihənin coğrafiyasını mərhələli şəkildə genişləndirmək əsas hədəflərimizdən biridir. Hazırkı mərhələdə bütün məktəblərin tam şəkildə bu tədris modelinə keçəcəyini söyləmək doğru olmazdı. Model hələ ki, pilot və təcrübə mərhələsindədir. Bununla belə, gələcəkdə onun daha geniş tətbiq ediləcəyi bəllidir.
İndiki 14 məktəbin bir neçəsi ayrıca tam orta məktəb kimi fəaliyyət göstərir, yəni orada yalnız 10 və 11-ci sinif şagirdləri təhsil alır. Digər məktəblərdə təmayül siniflərinin şagirdləri ya ayrı korpusda, ya da binanın bir mərtəbəsində yerləşiblər. Gələcəkdə bu tipli məktəblərin yalnız tam orta təhsil səviyyəsi üzrə xidmət göstərməsini planlaşdırırıq. Belə olduğu halda gələcəyini ali təhsillə davam etdirmək istəyən eyni yaşlı və eyni motivasiyalı təhsilalanların bir yerdə öyrənməsi daha səmərəli olur.
- Müəllim seçimləri zamanı metodist müəllimlər üçün ayrıca üstünlük nəzərdə tutulurmu? Sertifikasiya nəticələri və şagirdlərə bilik ötürmək bacarıqları da onların üstün cəhətləri hesab olunur. Bu baxımdan metodist müəllimlər üçün xüsusi meyarlar müəyyənləşdirilibmi?
- Xeyr, metodist müəllimlər üçün üstünlük nəzərdə tutulmayıb. Müraciət edən bütün müəllimlər eyni qaydada qiymətləndirilirlər. Metodist statusu daşıyan müəllimlər də digər namizədlərlə bərabər müraciət edə bilərlər. Onların müraciətləri ümumi qaydada qəbul olunur və seçim prosesində iştirak edirlər. Bu işdə özünü sınamaq istəyən hər bir müəllimə imkan yaradılacaq.
- Layihənin əsas məqsədlərindən biri repetitorluğa olan ehtiyacı azaltmaqdırmı? Sizcə, gələcək illərdə bu model şagirdlərin fərdi hazırlıqlara və repetitor xidmətlərinə ehtiyacını azalda bilərmi? Başqa sözlə, şagirdlər məktəbdə aldıqları təhsil hesabına qəbul imtahanlarında uğur qazanaraq əlavə hazırlıqlardan imtina edə biləcəklərmi? Həmçinin layihədə çalışan müəllimlərin repetitor fəaliyyəti ilə məşğul olub-olmaması barədə məlumat varmı?
- Sonuncu sualdan başlayım. Bizim bir hədəfimiz də odur ki, layihəyə cəlb olunan müəllimlər tamştatlı müəllim kimi fəaliyyət göstərsinlər. Onların iş yükü və maaşlarının hesablanması yalnız dərs saatları ilə məhdudlaşmayacaq. Məsələn, müəllimin həftəlik dərs yükü 25 - 27 saat ola bilər, qalan vaxt isə şagirdlərlə əlavə məşğələlərə, qiymətləndirmə işlərinə, fərdi dəstəyə, sualların cavablandırılmasına və digər akademik fəaliyyətlərə ayrılacaq.
Tam ştatlı müəllimin sabit əməkhaqqı orta aylıq əməkhaqqından daha yüksək olacaqdır. Peşəsinə bağlı və öyrətmək həvəsi olan müəllimlər məktəbdə daha rahat fəaliyyət göstərə biləcəklər. Eyni zamanda onların iş şəraiti yaxşılaşdırılacaq, dərslərə hazırlaşmaq və istirahət etmək üçün məktəbdə uyğun şərait yaradılacaqdır.
Repetitorluq məsələsinə gəldikdə isə, layihənin əsas məqsədlərindən biri məhz repetitorluğa olan ehtiyacın azalmasına nail olmaqdır.Valideynlər əmin olacaqlar ki, ali məktəbə qəbul zamanı yüksək nəticə əldə etmək üçün mütləq şəkildə məktəbdənkənar hazırlıqlara ehtiyac yoxdur. Məktəbin özündə düzgün qurulmuş tədris prosesi, güclü müəllim heyəti və sistemli nəzarət mexanizmləri vasitəsilə şagirdlərin ali məktəblərə qəbul imtahanlarına daha yaxşı hazırlaşması mümkündür.
- Layihənin məqsədlərindən birinin repetitorluğa olan ehtiyacın azaldılması olduğunu qeyd etdiniz. Bu baxımdan yeni modelin repetitorlardan üstünlüyü nədən ibarət olacaq?

- Repetitorluq fəaliyyətində əsas problemlərdən biri onun keyfiyyətinə sistemli nəzarətin olmamasıdır. Əksər hallarda valideynlər hansısa repetitoru digər valideynlərin tövsiyələri əsasında seçirlər. Kimsə deyir ki, övladı filankəs müəllimin yanına gedib yüksək nəticə göstərib, digəri də buna əsaslanaraq öz övladını həmin müəllimin yanına göndərir.
Belə hallar haqqında yəqin ki, eşitmisiniz:
- repetitor diaqnostik qiymətləndirmə aparıb daha hazırlıqlı şagirdləri qəbul edir,
- zəif şagirdlərin valideynlərinə uşaqlarının zəif olduğunu vaxtaşırı bildirir (və sanki bununla əlini yuyur, yəni məsuliyyəti öz üzərindən atır),
- qrup hazırlıqlarında zəif şagirdə əlavə vaxt ayırmır,
- anlamanı asanlaşdırmaq üçün düzgün metodiki üsullardan istifadə əvəzinə əzbərləmə təşviq edir,
- digər müəllimlərlə əməkdaşlıq etmək, birgə inkişaf planı qurmaq imkanı olmur,
- səriştəsi olmayan şəxslər də repetitorluqla məşğul olur və s.
Adətən ifrat ümumiləşdirmələr aparmağı sevənlər deyir ki, “ölkədəki bütün abituriyentlər repetitor yanında hazırlaşır”. Belə olan halda əgər repetitor hazırlığı keyfiyyətlidirsə, niyə məzunların hamısı yüksək nəticə göstərmir? Bu sualın cavablarından biri də odur ki, repetitorların hamısı səriştəli deyil. Repetitorluq da müəllim sənətinin bir təzahürüdür: öyrətməyin min bir üsulunu bilmək, hər bir şəxsə onun öyrənmə stilinə uyğun metod tapmaq, daim oxumaq, öyrənmək, abituriyentlə eyni dalğada qalmaq. Heç də asan iş deyil.
Sosial şəbəkələrdə repetitor müəllimlərin öz fəaliyyətlərini tanıtmaq məqsədilə paylaşdıqları videoçarxlarla ötəri tanışlıq bir çoxlarının səriştəsiz olduğunu açıq-aydın göstərir. Məsələn, repetitor abituriyentə "Mən bunu sizə yüz dəfə demişəm, niyə unutmusunuz?" deyirsə, bu artıq repetitorun metodiki bacarıqsızlığından xəbər verir. Bir həqiqəti unutmamalıyıq ki, öyrənə bilməyən insan yoxdur, öyrədə bilməyən müəllimlər, repetitorlar var.
Yeni təmayl tədris modelində isə öyrətmə prosesinə görə birbaşa təhsil müəssisəsi, bütün müəllimlər məsuliyyət daşıyır. Müəllimlərin peşəkar tələblərə cavab verməsi, onların metodiki bacarıqları, fəaliyyətlərinin keyfiyyəti və nəticəsi davamlı olaraq monitorinq edilir. Bununla yanaşı, müəllimlər metodiki dəstəklə də təmin olunurlar. Metodistlər mütəmadi olaraq dərsləri izləyir, müəllimlərə tədris prosesinin daha səmərəli təşkili ilə bağlı tövsiyələr verirlər. Məsələn, müəllim “riyazi ifadələrin sadələşdirilməsi” mövzusunu izah edərkən şagirdin hansı metodla daha asan öyrənəcəyinə dair dəstək ala bilər.
Eyni zamanda, bu model müəllimlər arasında əməkdaşlıq mühitinin formalaşmasına da xidmət edir. Məktəbin uğuru bütün müəllimlərin birgə əməyinin nəticəsi olacaq. Zərurət yarandıqda fizika müəllimi riyaziyyat müəllimi ilə, riyaziyyat müəllimi digər fənn müəllimləri ilə əməkdaşlıq edəcək. Bu isə şagirdlərin mövzuları daha dərindən mənimsəməsinə imkan yaradacaq.
Bütün bunlar monitorinq olunan, metodiki dəstəklə müşayiət edilən və kollektiv əmək prinsipi üzərində qurulan bir modeldir. Bu baxımdan məktəb mühitində təşkil olunan tədrisin daha keyfiyyətli olacağına inanırıq.
- Şagirdlərin bu modelə cəlb olunması necə həyata keçiriləcək? Ümumiyyətlə, seçim prosesi olacaqmı?
- Müraciət edən şagirdlərin 9-cu sinif buraxılış imtahanının nəticələrinə əsasən yuxarıdan aşağı bal sıralaması ilə qəbulu həyata keçiriləcək. Seçilmiş təmayül üzrə mövcud yerlər dolana qədər şagird qəbul ediləcək. Burada əvvəldən müəyyən edilmiş keçid balı yoxdur. Keçid balı məktəbdən məktəbə, sinifdən sinfə dəyişir. Elə məktəb ola bilər ki, sonuncu qəbul olunan şagird 100 balla keçsin, digər məktəbdə isə bu göstərici 270 bal olsun. Çünki müraciət edən şagirdlərin nəticələri və ölkə üzrə paylanması fərqlidir. Əgər daha hazırlıqlı şagirdlər müraciət edərsə, təbii ki, qəbul balı da yüksələcək.
- Təmayül istiqamətlərinin yaradılmasına əsas səbəb nə oldu? Bu modeli formalaşdıran əsas amillər hansılar idi?
- Əsas amillərdən biri cəmiyyətin tələbidir. Son illərdə məktəblər müəyyən mənada abituriyent hazırlığına daha çox yönəlməyə başlayıb. Bu, təhsil qanunvericiliyində nəzərdə tutulan bir tələb deyil, cəmiyyətin formalaşdırdığı ehtiyacdır. Model bu ehtiyaca uyğun olaraq yaradılıb.
- Son illərdə məktəb anlayışının dəyişdiyi, şagirdlərin məktəbə əvvəlki münasibətinin olmadığı ilə bağlı fikirlər səslənir. Sizcə, bunun səbəbi nədir?
- Elə bir dövrdəyik ki, təhsil almaq artıq məktəb, universitet binasına bağlılıqdan çıxaraq ideyaya çevrilir. Bu proses sürətlə davam edir. Biz isə əvvəlki təhsil anlayışından üzülə bilmirik. Anlamalıyıq ki, bu gün təhsil yalnız məktəbdə baş vermir, hər yerdə, hətta ağıllı telefonlarımızda bizi əhatə edir. İnsanlar texnologiyadan düzgün istifadə etməklə çox şey öyrənə bilirlər. Öyrənmənin əhatə dairəsi və imkanları genişlənib. Belə olan halda məktəb binasında gedən prosesin əhəmiyyəti azalır.
- Bu dəyişikliklər müəllimin rolunu azaldırmı?
- Xeyr, müəllimin rolunu azaltmır, dəyişir. Əvvəllər şagirdin öyrənə biləcəyi mənbə əlindəki dərslik və məktəbdəki müəllim idi. Məsələn, kimya dərsində anlamadığı məsələni soruşmaq üçün şagird növbəti dərsi gözləməli idi. İndi isə şagird həmin sualın izahını süni intellektdən, müxtəlif tətbiqlərdən və internet resurslarından istifadə etməklə dərhal ala bilir, həm də bir neçə versiyada. İndi müəllim artıq sadəcə məlumat verən şəxs deyil, öyrənməyi öyrədən, şagirdə düzgün istiqamət göstərən, düşünməyi və biliyi tətbiq etməyi öyrədən şəxsdir.
Sivilizasiyasının erkən vaxtlarında savadlı olmaq yazmağı, oxumağı və hesablamağı bacarmaq hesab olunurdu. Bir vaxtlar bütün biliklər fəlsəfə adı altında birləşirdi. Qədim dünyanın alimlərini də bir adla - “filosof” adlandırırdılar. Onlar həm insan təbiəti, həm riyaziyyat, həm astronomiya və s. ilə məşğul olurdular. Çünki bilik bir insanın beynində toplanacaq qədər az idi. Sonralar bilik artdıqca elm sahələri (fizika, kimya, tarix və s.) ayrıldı. Ayrıldıqca da aralarındakı əlaqəni itirməyə başladılar. Onda metodist alimlər fənlərarası inteqrasiyadan danışmağa başladılar. Yəni fizika ilə kimyanın, coğrafiya ilə tarixin, biologiya ilə psixologiyanın və s. bir-biri və bütöv dünya ilə əlaqəsinin vacibliyini ön plana çıxardılar.
Bu gün qəbul edirik ki, uşaqlara hər şeyi öyrətmək mümkün deyil və əvvəlki qədər vacib də deyil. Çünki məlumat və bilik artıq kollektiv şüurda, texnologiyalarda mövcuddur və hamı üçün əlçatandır. Əsas məsələ uşaqlara oxumağı, yazmağı, hesablamağı, yəni əvvəldə danışdığımız fundamental bacarıqları öyrətməkdir ki, onlar bu biliklərdən istifadə edə bilsinlər.
İndi bizə kimyanı bütün detalları ilə bilən müəllimdən daha çox, şagirdə kimyaçı kimi düşünməyi öyrədən müəllim lazımdır. Tarixin bütün hadisələrini əzbər bilən müəllim deyil, şagirdə tarixçi kimi düşünməyi, hadisələrə müxtəlif rakurslardan baxmağı öyrədən müəllim ön plana çıxır. Çünki məlumat artıq əlçatandır, əsas məsələ düşünmə bacarığının formalaşdırılmasıdır.
- Repetitorluqla bağlı beynəlxalq araşdırmalar göstərir ki, bu sahənin yaranmasının müxtəlif səbəbləri var. Bu barədə nə deyə bilərsiniz?
- Avstraliyalı mütəxəssis Mark Brey “Kölgə təhsil sisteminə qarşı mübarizə” (“Confronting the Shadow Education”) adlı kitabında repetitorluğun müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda, yaranma səbəblərini araşdırıb. Həmin kitab Azərbaycan dilinə də tərcümə edilib. O qeyd edir ki, bəzi ölkələrdə, məsələn, Koreyada və Çində repetitorluğun əsas səbəbi cəmiyyətdəki yüksək rəqabətdir. Valideynlər istəyirlər ki, uşaqları digərlərindən daha üstün nəticə göstərsin. Çində böyük əhali sayı və güclü rəqabət səbəbindən uşaqlar əlavə hazırlıqlara daha çox yönəlirlər. Digər ölkələrdə isə repetitorluq ümumi təhsil səviyyəsinin qənaətbəxş olmaması səbəbindən yaranır. Yəni səbəblər ölkədən ölkəyə dəyişir.
Mark Brey qeyd edirdi ki, gələcəkdə məktəb anlayışı dəyişəcək. Uşaqlar məktəbə bilik qazanmaq üçün deyil, yeni təlimatlar almaq, öyrəndiklərini paylaşmaq, sosiallaşmaq üçün gələcəklər.Biz artıq razılaşmalıyıq ki, məktəb konsepti dəyişir. Uşaq üçün öyrənmə yalnız sinif otağında baş vermir. O, hər yerdə öyrənə bilir. Ona görə də uşaqların niyə əvvəlki nəsillər qədər məktəbi sevməməsi sualına bu prizmadan baxmaq lazımdır. Çünki bu gün məktəb, təhsil anlayışları məkanla məhdudlaşmır.
- Distant təhsil və onlayn platformalar da bu dəyişikliklərin bir hissəsidir?
- Bəli. Məsələn, “Coursera” kimi platformalar insanlara dünyanın nüfuzlu universitetlərinin professorlarından dərs almaq və sertifikat qazanmaq imkanı yaradır. Burada sadəcə mühazirəyə qulaq asmırsınız. Mühazirənin ortasında ekranda çıxan sualları cavablandırır, məqalələr oxuyur, tapşırıqlar yerinə yetirir, digər iştirakçıların işlərini qiymətləndirir və sonda nəticənizə uyğun sertifikat əldə edirsiniz. Artıq öyrənmək üçün fiziki olaraq hansısa universitetə gedib-gəlmək vacib deyil. İnsanlar bu resurslardan istifadə edərək öz biliklərini artıra bilirlər.
- Yeni təmayül tədris modelinin tətbiqində beynəlxalq təcrübədən istifadə edilirmi?
- Bəli, beynəlxalq təcrübədən istifadə olunur. Azərbaycanda fəaliyyət göstərən bir neçə beynəlxalq məktəbin təcrübəsi araşdırılıb. Tam orta təhsilin necə təşkil olunduğu təhlil edilib. Məsələn, “Landau School”da şagirdlərin son iki il ərzində proqramı təkrar keçməsi və daha intensiv şəkildə hazırlaşması modeli tətbiq edilir.
- Layihəyə cəlb olunan müəllimlər üçün əlavə təlimlər və ya metodiki hazırlıq proqramları təşkil olunacaqmı?
- Həmin müəllimlər kifayət qədər səriştəlidirlər və öz sahələrini bilirlər. Amma bəzən bildiklərini konkret metodiki üsula çevirməkdə çətinlik çəkirlər. Bu mənada müəllimlərə metodiki dəstək göstəriləcək.
- Ali məktəblərə qəbul imtahanlarının proqramı ilə məktəbdə keçiriləcək dərslər arasında uyğunluq necə təmin olunacaq?
- Tam uyğunluq olacaq. Tədris buraxılış və qəbul imtahanlarının proqramları üzərində qurulacaq.
- Yeni təmayül tədris modelinin gələcək illər üçün əsas hədəfləri nələrdir? Bu modeli genişləndirmək və ya yeni istiqamətlər əlavə etmək planlaşdırılırmı?
- Əsas hədəflərdən biri bu sinifləri gələcəkdə ayrıca məktəb modelinə çevirməkdir. Yəni bir binada yalnız X-XI sinif şagirdlərinin təhsil aldığı məktəblər formalaşdırmaq mümkündür.
- Belə məktəb nümunəsi varmı?
- Bəli. Məsələn, Quba şəhəri 5 nömrəli, Lənkəran şəhəri 9 nömrəli, Sumqayıt şəhəri 37 nömrəli, Şəki şəhəri 6 nömrəli tam orta məktəblərdə və Neftçala “Muğan” liseyində yalnız X-XI siniflər təhsil alır.