Azedu.az

Dual peşə təhsilində ən çox yer bu ixtisasa ayrıldı - SİYAHI

Peşə təhsili

23 İyul 2026, 11:24
Dual peşə təhsilində ən çox yer bu ixtisasa ayrıldı - SİYAHI

"Dual peşə təhsilində 2 560 tələbənin qəbulu planlaşdırılır".

AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

"2026/2027-ci tədris ili üzrə dual peşə təhsili modeli çərçivəsində 57 ixtisas üzrə 2 560 tələbənin qəbulu planlaşdırılır. Proqram işəgötürənlərlə əməkdaşlıq əsasında həyata keçirilir və əsas məqsəd tələbələrin nəzəri biliklərlə yanaşı, iş yerində praktiki təcrübə qazanmasıdır.

Dual peşə təhsili üzrə ilk beş ixtisas arasında ən çox plan yeri aşpaz ixtisasına ayrılıb. Bu istiqamət üzrə 560 plan yeri nəzərdə tutulub.

Qənnadçı, şirniyyatçı ixtisası üzrə 180, qida və qeyri-qida malları satıcısı, nəzarətçi-xəzinədar ixtisası üzrə 120, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru ixtisası üzrə 120, turizm sahəsində iaşə üzrə mütəxəssis ixtisası üzrə isə 100 plan yeri ayrılıb. Qeyd olunan ilk beş ixtisas üzrə ümumilikdə 1080 plan yeri müəyyənləşdirilib".

İlqar Bayramlı dual təhsil üzrə ən çox plan yeri ayrılan peşə təhsili müəssisələri barədə də məlumat verib.

"İlk beş müəssisə üzrə ümumilikdə 1 060 plan yeri nəzərdə tutulub. Bu siyahıda üç Bakı şəhəri, iki isə regional peşə təhsili müəssisəsi yer alır.

Ən çox plan yeri Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinə ayrılıb. Burada 260 plan yeri nəzərdə tutulur. Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üzrə 240, Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üzrə 200, Biləsuvar Peşə Liseyi üzrə 180, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi üzrə isə 180 plan yeri müəyyənləşdirilib".

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox