“2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul prosesi iyulun 23-dən başlayır”.
AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
"Peşə təhsili müəssisələrinə qəbul elektron qaydada həyata keçiriləcək və namizədlər müraciətlərini portal.edu.az platforması üzərindən təqdim edəcəklər.
Qəbul prosesinin ilk mərhələsində abituriyentlər portal.edu.az platformasında şəxsi kabinet yaratmalı və ixtisas seçimini həyata keçirməlidirlər. Namizədlərə 5-dək ixtisas seçmək imkanı təqdim olunur.
Şəxsi kabinetin yaradılması və ixtisas seçimi mərhələsi iyulun 23-dən avqustun 10-dək davam edəcək.
Qəbul nəticələrinin avqustun 14-15-də elan olunacağı bildirilib. Namizədlər nəticələrlə şəxsi kabinetləri vasitəsilə tanış ola, eyni zamanda SMS bildirişi əldə edə biləcəklər.
Qəbul olunan şəxslərin qeydiyyat prosesi isə avqustun 16-dan 25-dək aparılacaq. Bu mərhələdə namizədlər təhsil almaq hüququ qazandıqları peşə təhsili müəssisəsinə tələb olunan sənədləri təqdim etməlidirlər.
Qeyd edək ki, 2026-2027-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul elektron sistem üzərindən mərkəzləşdirilmiş qaydada həyata keçirilir".