ABŞ-də alimlər insanabənzər robotlardan istifadə etməklə canlı heyvan üzərində ilk uğurlu cərrahi əməliyyatı həyata keçiriblər.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırma Kaliforniya Universitetinin mühəndis və cərrahlarından ibarət komandası tərəfindən aparılıb.
Nature jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, uzaqdan idarə olunan insanabənzər robotlar donuzlar üzərində laparoskopik üsulla öd kisəsinin çıxarılması əməliyyatını uğurla icra ediblər.
Məlumata görə, robotların əvvəlcə incə motor bacarıqları və cərrahi alətlərdən istifadə qabiliyyəti müxtəlif sınaqlarla yoxlanılıb. Testləri uğurla başa vuran robotlar daha sonra narkoz altında olan donuzlar üzərində qapalı əməliyyata cəlb olunublar.
Əməliyyat zamanı robot uzaqdan idarəetmə konsolunda olan cərrah tərəfindən idarə edilib, əməliyyat otağında olan digər həkim isə prosesə dəstək göstərib. Sınaq çərçivəsində ikinci insanabənzər robot da qısa müddət əməliyyata qoşulub və hər iki əməliyyat uğurla yekunlaşıb.
Əməliyyatı idarə edən cərrah Dr. Ryan Broderick bildirib ki, insanabənzər robotla işləmək hazırda istifadə olunan robotik cərrahiyyə sistemlərinə bənzər təcrübə təqdim edib. Onun sözlərinə görə, robot cərrahi dəqiqliyi artırır və həkimin fiziki yorğunluğunu azaldır.
Araşdırmanın müəlliflərindən Dr. Şanqli Liu isə qeyd edib ki, əvvəlki robotik cərrahiyyə sistemlərinin canlı heyvan üzərində əməliyyat mərhələsinə çatması uzun illər tələb etsə də, bu layihə ideyadan praktik tətbiqə cəmi doqquz ay ərzində keçib.
Tədqiqatçılar hesab edirlər ki, kompakt və asan daşınan insanabənzər robotlar gələcəkdə həkim çatışmazlığı olan bölgələrdə, təhlükəli ərazilərdə, tibbi imkanların məhdud olduğu yaşayış məntəqələrində, eləcə də kosmos missiyalarında uzaqdan əməliyyatların aparılmasına imkan yarada bilər.