“Qəbul planının 74 faizini dövlət sifarişli yerlər təşkil edir”.
AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.
"2026/2027-ci tədris ili üzrə ayrılmış 33 120 plan yerinin 24 425-i dövlət sifarişli yerlərdir. Bu isə ümumi qəbul planının 74 faizini təşkil edir. Son dörd ildə dövlət sifarişli plan yerlərinin sayı 52 faiz artıb. Bu artım peşə təhsilinin əlçatanlığının genişləndirilməsi və daha çox gəncin ödənişsiz təhsil imkanlarından yararlanmasına şərait yaradılması məqsədi daşıyır.
Qəbul siyasəti əmək bazarının mövcud və gələcək tələbləri nəzərə alınmaqla formalaşdırılır. Belə ki, qəbul planının 44 faizi və ya 14 580 yeri iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətlərini əhatə edir.
Ən çox plan yeri ayrılan ixtisaslar sırasında aşpaz, bərbər-vizajist-manikürçü, dərzi, elektrik montyoru, əməliyyatçı mühasib, elektrik qaz qaynaqçısı, kompüterlərin təmiri və xidməti üzrə texnik, qrafik dizayner, avtomobillərin təmiri üzrə çilingər və bitkiçilik ixtisasları yer alır.
Qəbul planının formalaşdırılması zamanı əmək bazarında müşahidə olunan tələbat, işəgötürənlərlə əməkdaşlıq və iqtisadiyyatın prioritet istiqamətləri əsas götürülür".