“İlin Gənc Müəllimi-2023” müsabiqəsinin qaliblərindən biri olan Gülnarə Məmmədova 13-17 iyul tarixlərində Sinqapur şəhərində keçirilən “Leadership in Schools” beynəlxalq təlim proqramında iştirak edib.
AzEdu.az-a danışan Gülnarə Məmmədova proqram çərçivəsində müasir məktəb idarəçiliyi, liderlik və təhsil siyasəti sahəsində əldə etdiyi bilik və təcrübələri bölüşərək, təlim müddətində diqqətini cəlb edən əsas məqamlardan bəhs edib.

"13-17 iyul tarixlərində Sinqapur şəhərində keçirilən “Leadership in Schools” beynəlxalq təlim proqramında iştirakım müddətində müasir məktəb idarəçiliyi, liderlik və təhsil siyasəti sahəsində qabaqcıl yanaşmalarla yaxından tanış oldum. Təlim çərçivəsində Sinqapur təhsil sisteminin idarəetmə modeli, Təhsil Nazirliyinin (MOE) məktəblərin inkişafına rəhbərlik etmə mexanizmləri və təhsil siyasətinin praktik tətbiqi barədə ətraflı məlumat əldə etdim.
Proqram zamanı məktəb rəhbərinin yalnız inzibati idarəçi deyil, eyni zamanda dəyişikliklərə rəhbərlik edən, komandanı inkişaf etdirən və məktəbin gələcək inkişafını strateji şəkildə planlaşdıran lider kimi formalaşdırılmasına yönəlmiş yanaşmaları öyrəndim. Bununla yanaşı, kurikulumun çevik və məqsədyönlü tətbiqi, tədris prosesinin səmərəli planlaşdırılması, şagirdyönümlü öyrənmə mühitinin yaradılması və təlim keyfiyyətinin artırılması istiqamətində istifadə olunan müasir metodlarla tanış oldum.
Təlimdə müəllimlərin davamlı peşəkar inkişafının sistemli şəkildə təşkili xüsusi diqqət çəkirdi. Xüsusilə həmkarların bir-birindən öyrənməsinə əsaslanan “Teacher Learning from Teachers” yanaşmasının məktəbdə əməkdaşlıq mühitinin gücləndirilməsi və peşəkarlığın inkişafına verdiyi töhfə mənim üçün maraqlı təcrübə oldu. Bu model müəllimlərin bilik və bacarıqlarını birgə inkişaf etdirməsinə, təcrübə mübadiləsini genişləndirməsinə və kollektiv öyrənmə mədəniyyətinin formalaşmasına xidmət edir.
Eyni zamanda təhsildə rəqəmsal transformasiya, süni intellekt alətlərinin tədris və idarəetmə prosesində məqsədyönlü istifadəsi, müəllimlərin iş yükünün optimallaşdırılması və qərarvermə prosesinin məlumatlara əsaslanması istiqamətində tətbiq olunan müasir təcrübələrlə tanış oldum. Şagird rifahının qorunması, inklüziv təhsil mühitinin yaradılması, təhlükəsiz və dəstəkləyici məktəb atmosferinin formalaşdırılması istiqamətində həyata keçirilən yanaşmaların təlim nəticələrinə müsbət təsirini də yaxından müşahidə etdim.
Bundan əlavə, məktəbdaxili keyfiyyət təminatı, məlumatların təhlilinə əsaslanan idarəetmə, davamlı özünüqiymətləndirmə və inkişaf mədəniyyətinin formalaşdırılması üçün tətbiq olunan mexanizmlər haqqında ətraflı məlumat əldə etdim. Proqram çərçivəsində təşkil olunan məktəb ziyarətləri isə innovativ idarəetmə təcrübələrini, məktəb mədəniyyətini, təlim prosesinin təşkilini və rəhbərlik yanaşmalarını yerində müşahidə etmək imkanı yaratdı.
Təlim müddətində diqqətimi xüsusilə cəlb edən məqamlardan biri məktəblərdə formalaşdırılmış dəstəkləyici peşəkar mühit oldu. Burada müəllim və məktəb rəhbərləri arasında qarşılıqlı etimad, əməkdaşlıq və davamlı peşəkar dəstək idarəetmənin ayrılmaz hissəsi kimi qəbul edilir. Müəllimlərin yalnız qiymətləndirilməsi ilə kifayətlənməyərək onların inkişafına sistemli şəkildə dəstək göstərilməsi, təcrübə mübadiləsinin təşviq olunması və hər bir əməkdaşın peşəkar inkişafına investisiya qoyulması Sinqapur təhsil modelinin ən güclü tərəflərindən biri kimi məndə dərin təəssürat yaratdı".