“2026/2027-ci tədris ilində peşə təhsilində sənaye tərəfdaşları ilə əməkdaşlıq çərçivəsində beynəlxalq sertifikat proqramlarının sayı artırılır".
AzEdu.az xəbər verir ki, bu barədə Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə məlumat verib.
Onun sözlərinə görə, yeni tədris ilində 7 ixtisas üzrə beynəlxalq sertifikat proqramı həyata keçiriləcək. Proqramlar 3 peşə təhsili müəssisəsində tətbiq olunacaq və təhsil müddəti ixtisasdan asılı olaraq 1 ildən 3 ilədək davam edəcək.
Bildirilib ki, sertifikat proqramları sənaye tərəfdaşları ilə əməkdaşlıq əsasında hazırlanıb və tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsinə imkan yaradacaq.
Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Pearson IT Specialist - Cyber Security sertifikat proqramı tətbiq olunacaq. Proqram kibertəhlükəsizlik (YTP), veb-dizayner və proqram təminatçısı, qrafik dizayner, informasiya texnologiyaları üzrə texniki dəstək mütəxəssisi ixtisaslarını əhatə edəcək.
Həmin mərkəzdə, həmçinin interyer dizaynı (YTP) ixtisası üzrə təhsil alan tələbələr üçün Autodesk Certified User: AutoCAD sertifikat proqramı da həyata keçiriləcək.
Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində elektrik qaz qaynaqçısı ixtisası üzrə MMA; MIG-MAG Welding sertifikat proqramı tətbiq ediləcək.
Turizm və Xidmət sektoru üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində isə mühasibat uçotu (YTP) ixtisası üzrə ACCA (F1, F2, F3) beynəlxalq sertifikat proqramının həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, beynəlxalq sertifikat proqramlarının əsas məqsədi peşə təhsili alan şəxslərin əmək bazarının müasir tələblərinə uyğun bacarıqlar qazanması, karyera imkanlarının genişləndirilməsi və beynəlxalq səviyyədə tanınan kvalifikasiyalar əldə etməsidir.