Azedu.az

Peşə təhsilində üstünlük qısamüddətli proqramlara verildi

Peşə təhsili

23 İyul 2026, 11:10
Peşə təhsilində üstünlük qısamüddətli proqramlara verildi

“Qəbul planında ən böyük pay qısamüddətli peşə təhsili proqramlarının payına düşür”.

AzEdu.az xəbər verir ki, bu sözləri Peşə Təhsil üzrə Dövlət Agentliyinin direktoru İlqar Bayramlı media nümayəndələri üçün keçirilən brifinqdə deyib.

2026/2027-ci tədris ili üzrə qəbul planı hazırlanarkən əmək bazarının ehtiyacları və peşə hazırlığının çevikliyi əsas meyarlardan biri kimi nəzərə alınıb.

Təhsil müddətinə görə qəbul planının 67 faizi 6 aylıq və 1 illik proqramların payına düşür. Üçillik proqramlar ümumi plan yerlərinin 22 faizini, ikiillik proqramlar 7 faizini, dördillik proqramlar isə 4 faizini təşkil edir.

Bu göstəricilər qısa müddətdə peşə bacarıqları qazanaraq əmək bazarına daxil olmaq istəyən şəxslər üçün imkanların genişləndirildiyini göstərir.

Ən çox plan yeri iqtisadiyyat, xidmət və informasiya texnologiyaları istiqamətinə ayrılıb. Bu istiqamət üzrə 45 ixtisası əhatə edən 14 580 plan yeri müəyyənləşdirilib ki, bu da ümumi qəbul planının 44 faizini təşkil edir.

Kənd təsərrüfatı, balıq və meşə təsərrüfatı istiqaməti üzrə 22 ixtisas üçün 3 920 plan yeri ayrılıb. Aviasiya, kosmik raket, dəniz texnikası və nəqliyyat vasitələri istiqamətində isə 24 ixtisas üzrə 3 440 plan yeri nəzərdə tutulub.

İlkin tələbat və qida məhsullarının texnologiyası istiqamətində 2 680, energetika, elektrotexnika, cihazqayırma, optik texnika, radiotexnika və rabitə sahələrində 2 320, metallurgiya, maşınqayırma və metal emalı istiqamətində isə 2 080 plan yeri ayrılıb.
 
İnşaat və arxitektura sahəsində 1 900, sənətşünaslıq, mədəniyyət və incəsənət istiqamətində 1 420, kimyəvi və biokimyəvi texnologiya sahəsində isə 780 plan yeri müəyyənləşdirilib.

Qəbul planının strukturunda əmək bazarında daha çox tələb olunan sahələrə üstünlük verilməsi peşə təhsili məzunlarının məşğulluq imkanlarının artırılmasına xidmət edir".

TƏCİLİ! Rusiyaya dəhşətli zərbələr endirilir -Xeyli sayda yaralı var
Son xəbərlərDaha çox