Enerji təhlükəsizliyi, yaşıl transformasiya və süni intellektin sürətli inkişafı fonunda dünyanın enerji sektoru yeni mərhələyə qədəm qoyur. Bu dəyişikliklərin mərkəzində isə elmi araşdırmalar və innovativ həllər dayanır.
Azərbaycandan Almaniyaya gedərək uğurlu elmi və peşəkar fəaliyyət göstərən alimlərimizdən biri də texniki elmlər namizədi Rasim Cənnətəliyevdir.
1981-ci ildə Ukraynanın Ujqorod şəhərində anadan olan Rasim Cənnətəliyev Azərbaycan Texniki Universitetində istilik energetikası ixtisası üzrə təhsil alıb, magistraturanı fərqlənmə diplomu ilə bitirib. Daha sonra həmin universitetin aspiranturasında təhsilini davam etdirərək 2007-ci ildə namizədlik dissertasiyasını vaxtından əvvəl müdafiə edib. Elmi fəaliyyətini həm Azərbaycanda, həm də Almaniyada davam etdirən həmsöhbətimiz hazırda Almaniyanın aparıcı enerji şirkətlərindən biri olan EnBW AG-də layihə rəhbəri kimi çalışır.
AzEdu.az-a müsahibəsində Rasim Cənnətəliyev Almaniyanın elmi mühitindən, alternativ enerji mənbələrinin gələcəyindən, Azərbaycan təhsil sistemində görmək istədiyi yeniliklərdən və süni intellektin energetika sahəsinə təsirindən danışıb.
Müsahibəni təqdim edirik:
- Rasim müəllim, Almaniya dünyada enerji sahəsi üzrə elmi və innovativ mərkəzlərdən biri hesab olunur. Bu elmi mühitə necə adaptasiya oldunuz? Almaniyada fəaliyyətiniz sizə hansı peşəkar və elmi təcrübələri qazandırdı?

- Almaniyada elmi mühitə uyğunlaşma prosesim uğurlu keçdi. Burada qazandığım ən vacib təcrübələrdən biri strukturlaşdırılmış düşüncə və analitik yanaşma oldu. Eyni zamanda, innovativ texnologiyaların praktik tətbiqi ilə yaxından tanış olmaq imkanım yarandı. Almaniya mənə sistemli işləməyi, komanda daxilində effektiv əməkdaşlığı və nəticəyönümlü yanaşmanı öyrətdi. Bu amillər peşəkar inkişafımda mühüm rol oynayıb.
- Hazırda üzərində çalışdığınız tədqiqatlar enerji texnologiyalarına hansı töhfələri verir?
- Tədqiqatlarım əsasən enerji sistemlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətindədir. Xüsusilə süni intellekt əsaslı proqnozlaşdırma modelləri və smart enerji sistemləri üzərində işləyirəm. Bu yanaşmalar enerji istehsalı və istehlakının daha dəqiq planlaşdırılmasına imkan yaradır. Nəticədə enerji resurslarından daha səmərəli istifadə olunur, bərpaolunan enerji mənbələrinin sistemə inteqrasiyası asanlaşır və sektorun dayanıqlılığı artır.
- Sizcə, Azərbaycanda alternativ enerji mənbələrinin tətbiqi imkanları nə dərəcədədir?

- Azərbaycanın bu sahədə çox böyük potensialı var. Xüsusilə günəş və külək enerjisi sahəsində ölkənin coğrafi mövqeyi və iqlim şəraiti əlverişli imkanlar yaradır.
Bu potensialdan maksimum yararlanmaq üçün iri günəş və külək elektrik stansiyaları ilə yanaşı, paylanmış enerji istehsalı modellərinin tətbiqi vacibdir. Hibrid enerji sistemləri, smart şəbəkələr və enerji saxlama texnologiyaları da gələcək inkişafın əsas istiqamətlərindən biri olmalıdır. Paralel olaraq qanunvericilik bazasının təkmilləşdirilməsi bu sahənin daha sürətli inkişafına təkan verə bilər.
- Yerli universitetlər yaşıl enerji sektorunun inkişafı üçün nə edə bilər?
- Universitetlər bu prosesdə əsas aparıcı qüvvələrdən biri olmalıdır. İlk növbədə yaşıl enerji və dayanıqlı inkişaf üzrə ixtisaslaşmış proqramlar genişləndirilməlidir. Müasir avadanlıqlarla təchiz olunmuş smart laboratoriyalar yaradılmalı, tələbələrin praktiki bacarıqları inkişaf etdirilməlidir.
Digər vacib məqam universitet-sənaye əməkdaşlığıdır. Tələbələrin real layihələrə cəlb olunması, tətbiqi tədqiqatların dəstəklənməsi və innovativ startapların təşviqi gələcəyin enerji mütəxəssislərinin yetişməsinə ciddi töhfə verə bilər.
- Dünyanın bir çox universitetlərində ekoloji mərkəzlər fəaliyyət göstərir. Azərbaycanda bu istiqamətdə boşluqların olması hansı riskləri yarada bilər?

- Ali təhsildə ekoloji təfəkkürün kifayət qədər inkişaf etməməsi uzunmüddətli perspektivdə dayanıqlı inkişaf imkanlarını məhdudlaşdıra bilər. Ətraf mühitə həssas yanaşmanın tələbələrə erkən yaşlardan aşılanması çox vacibdir. Çünki gələcəyin qərarvericiləri məhz bu günün tələbələridir.
- Bir az da məktəb illərinizə qayıdaq. Uşaqlığınız və məktəb həyatınız sizə nə qazandırıb?
- Məktəb illəri insanın xarakterinin formalaşdığı ən önəmli dövrlərdən biridir. Mənim üçün də belə olub. Məhz həmin illərdə məsuliyyət, davamlılıq və öyrənməyə maraq kimi xüsusiyyətlər formalaşıb.
Maraqlıdır ki, xaricdə yaşamağıma baxmayaraq, məktəbim və sinif yoldaşlarımla əlaqələrim hələ də davam edir. Bu münasibətlər mənim üçün böyük mənəvi dəyər daşıyır.
- Bugünkü Azərbaycan məktəblərində hansı yeni modellərin tətbiqinə ehtiyac görürsünüz?
- Hesab edirəm ki, peşəyönümlü və praktik təhsil modelləri daha geniş tətbiq olunmalıdır. Şagirdlər müxtəlif peşələri məktəb illərindən yaxından tanımalı, gələcək ixtisas seçimlərini şüurlu şəkildə etməlidirlər.
- Uzun illərdir Almaniyada yaşayırsınız. Almaniya təhsil sistemindən hansı nümunələri götürə bilərik?

- Mənim iki övladım Almaniyada gimnaziyada təhsil alır və bu sistemi yaxından müşahidə etmək imkanım var. Almaniyada şagirdlər “Betriebspraktikum”, “Sozialpraktikum”, “BOGY”, “Girls’ Day” və “Boys’ Day” kimi proqramlar vasitəsilə müxtəlif müəssisələrdə təcrübə keçirlər.
Onlar şirkətlərdə, xəstəxanalarda, uşaq bağçalarında və digər iş yerlərində real iş mühiti ilə tanış olurlar. Bu isə gələcək peşə seçimini daha asan və düzgün edir. Düşünürəm ki, belə təcrübələrin Azərbaycan məktəblərində də tətbiqi faydalı olar.
- Gələcəyin alternativ yanacaqları ilə bağlı hansı proqnozlarınız var? İnsanlığı enerji sahəsində hansı sürprizlər gözləyir?

- Elm və texnologiyanın inkişaf sürəti o qədər yüksəkdir ki, gələcəyin enerji mənbələrini dəqiq proqnozlaşdırmaq çətindir. Ancaq əminliklə deyə bilərik ki, bərpaolunan enerji texnologiyaları və enerji saxlama sistemləri daha böyük rol oynayacaq. Bu istiqamətdə bizi hələ çox maraqlı yeniliklər gözləyir.
- Süni intellekt energetika sektorunu necə dəyişəcək?
- Süni intellekt energetika sahəsində proqnozlaşdırma, optimallaşdırma və idarəetmə proseslərini köklü şəkildə dəyişəcək. Enerji istehsalı və istehlakı daha dəqiq planlaşdırılacaq, sistemlər daha çevik və səmərəli fəaliyyət göstərəcək.
Bununla yanaşı, süni intellekt smart şəbəkələrin inkişafını sürətləndirəcək və enerji sistemlərinin daha avtomatlaşdırılmış, dayanıqlı və etibarlı olmasına imkan yaradacaq. Mən hesab edirəm ki, yaxın gələcəkdə enerji sektorunun əsas hərəkətverici qüvvələrindən biri məhz süni intellekt olacaq.