Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə abituriyentlərin ən çox qəbul olduqları ali təhsil müəssisələri açıqlanıb.
AzEdu.az xəbər verir ki, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.
Belə ki, 2025-ci ildə regionun əksər şəhər və rayonlarında məzunların ən çox üstünlük verdiyi ali təhsil müəssisələri sırasında Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti yer alıb.
Gəncə şəhərində abituriyentlərin ən çoxu Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olub.
Goranboy rayonunda məzunların ən çox qəbul olunduqları ali təhsil müəssisələri Bakı Dövlət Universiteti, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti olub.
Göygöl rayonunda abituriyentlərin ən çoxu Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunub.
Naftalan şəhərində isə məzunlar daha çox Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetini seçiblər.
Samux rayonunda da ən çox qəbul olunan məzunlar Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi adını qazanıblar.
Məlumatlardan görünür ki, Gəncə Dövlət Universiteti və Azərbaycan Dövlət Aqrar Universiteti region üzrə abituriyentlərin ən çox üz tutduğu ali təhsil müəssisələri olaraq ön plana çıxır. Bakı Dövlət Universiteti isə xüsusilə Goranboy və Naftalan rayonlarının məzunları arasında populyarlığını qoruyub saxlayır.